İki il əvvəl oktyabrın 15-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda üçrəngli bayrağımızı ucaltmaqla tariximizə yeni salnamələr əlavə etdi. Əzəli torpaqlarımıza sancılan əzəmətli bayrağımızın dalğalanmasını görmək, onun seyrçisinə çevrilmək hər bir azərbaycanlını qürurlandıran ali dəyər olaraq yaddaşlara köçdü. Görülən işlər, Azərbaycanın yaratmış olduğu reallıqlar bir daha deməyə əsas verir ki, dövlət başçımız 22 il bundan əvvəl Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib.
44 günlük Vətən müharibəsinin gedişi və sonda əldə olunan Zəfər dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı məğrur xalqdır və heç vaxt işğal ilə barışıb, yaşaya bilməzdi.
Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bəyanatda göstərilirdi ki, Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq: Bəyanatdan da göründüyü kimi, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək təhvil verməli idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti, Prezident İlham Əliyev həmişə olduğu kimi humanizm prinsiplərinə böyük üstünlük vermiş oldu.
Azərbaycanın qazandığı Zəfərdə dövlət-xalq birliyi, Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna olan inam, ölkəmizin keçdiyi inkişaf yolu əsas rol oynadı. Əlbəttə ki, müharibənin gedişi deməyə əsas verirdi ki, düşmən döyüş meydanında çox böyük itkilər verərək uduzmuş dövlətə çevrilirdi. Vətən müharibəsi Azərbaycanın böyük Zəfəri ilə bitdi. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə idi ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. 44 günlük müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində, sadəcə, müharibə meydanında deyil, həmçinin diplomatik cəbhədə də mübarizə aparan Azərbaycan hər iki döyüşdən qalib çıxdı. Beləliklə, 30 ilə yaxın davam edən münaqişə başa çatmaqla yanaşı, tarixi ədalət bərpa olundu, bölgədə yeni reallıqlar yarandı.
Güclü olan Azərbaycan əzəli torpaqlarına sahibdir və ərazisindən bir qarışını da kimsəyə verməz. Yenilməz xalqımız bir yumruq ətrafında lazım olan anda birləşməyi bacarır və hədəfə doğru bir məqsədlə irəliləyir. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaltması və çıxışında səsləndirdiyi fikirlər dünyaya ölkəmizdən bir mesaj oldu. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdiyi kimi, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. 2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk gündən müdrik, uzaqgörən siyasəti ilə ötən illər ərzində Azərbaycan gücləndi və dünya miqyasında özünə layiqli yer tuta bildi.
"ARTIQ AZƏRBAYCANLA DÜNYADA HESABLAŞIRLAR"
Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə olaraq Azərbaycan Bayrağını işğal altında olan ərazilərdə - bütün şəhər və kəndlərdə qaldırılmasını qarşısına məqsəd qoymuşdur. Həqiqətən də, 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə dövlətimiz Zəfər yoluna qədəm qoydu. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini Onun davamçısı İlham Əliyev böyük məharətlə başa çatdıracaq. "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır", - deyə Prezident çıxışında vurğulamışdı. Dövlət başçımız bu məqsədə doğru irəliləyərək Azərbaycanı regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə, beynəlxalq layihələrin təşəbbüskarına çevirdi. Bu zaman məsafəsində Azərbaycan gücləndi, iqtisadiyyatımız günü-gündən artdı, dinamik inkişafın məntiqi olaraq insanların rifah halı yüksəldi. "Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir", - deyə Azərbaycan Prezidenti bildirib.
"ELƏ BİR GÜCLÜ ORDU YARATDIQ Kİ, BU GÜN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ İSTƏNİLƏN VƏZİFƏNİ ŞƏRƏFLƏ YERİNƏ YETİRƏ BİLƏR"
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Dünyada söz sahibi olan Azərbaycan Cənubi Qafqazın lideri statusunu daşıyır. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsindəki tarixi Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırıldı.
İki ilə əvvəl sentyabrın 19-da antiterror tədbirləri keçirildi. Cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyat nəticəsində Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələri zərərsizləşdirildi, onların hərbi obyektləri məhv edildi. Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Azərbaycanın Qarabağdakı erməni silahlı qruplaşmalarına qarşı apardığı qətiyyətli mübarizənin qələbə ilə nəticələnməsi, bunun ardınca Prezident İlham Əliyevin 2023-cü ilin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltması mühüm əhəmiyyətli hadisə olaraq tariximizə həkk olundu. Ali Baş Komandanın rəhbərliyi ilə müasir Azərbaycan ordusu öz gücünü, məharətini, peşəkarlığını istənilən vəziyyətdə nümayiş etdirir. "Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu", - deyə Prezident Xankəndi şəhərində çıxış edərkən bildirmişdi.
Bu gün Xankəndidə - şğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın gücünü, strateji baxışını və idarəetmə qabiliyyətini nümayiş etdirir. Hazırda regionda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir.
Nəzakət ƏLƏDDİNQIZI