PDF Oxu

Siyasət

  • 565

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisə kimi qiymətləndirilir. Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bəyannamə təsdiqləyir ki, tərəflər qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsində maraqlıdırlar.
Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin möhkəm tarixi təməli vardır. Hələ 1994-cü ildə imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci ildə qəbul edilmiş Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə vermişdir. Yeni strateji tərəfdaşlıq sənədi isə bu əlaqələrin müasir dövrün tələblərinə uyğun şəkildə genişləndirilməsinə və daha səmərəli əməkdaşlıq mexanizmlərinin yaradılmasına xidmət edir.
Bəyannamənin əsas əhəmiyyətli cəhətlərindən biri Azərbaycan və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir. Sənəddə regional sülhün və sabitliyin qorunması, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, mövcud və yeni çağırışlara birgə yanaşmaların inkişaf etdirilməsi xüsusi vurğulanır. Eyni zamanda, tərəflər yüksək səviyyəli siyasi təmasların davam etdirilməsini və ikitərəfli, regional, beynəlxalq məsələlər üzrə əlaqələndirmənin dərinləşdirilməsini nəzərdə tuturlar.
Sənəddə müdafiə sahəsində təlim, peşəkar hazırlıq, potensialın artırılması və qarşılıqlı fəaliyyət imkanlarının inkişaf etdirilməsi istiqamətləri də öz əksini tapmışdır. Bundan əlavə, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın, sərhəd idarəçiliyi sahəsində əlaqələrin, hüquqi və məhkəmə əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətlər hüququn aliliyinin möhkəmləndirilməsi, dövlət institutlarının dayanıqlılığının artırılması və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir.
Strateji tərəfdaşlığın digər mühüm istiqaməti iqtisadiyyat, ticarət və investisiya əlaqələrinin genişləndirilməsidir. Azərbaycan zəngin iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı mühüm rol ilə xarici tərəfdaşlar üçün cəlbedici ölkədir. Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi yeni investisiya imkanlarının yaranmasına, biznes əlaqələrinin möhkəmlənməsinə və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə şərait yarada bilər.
Bəyannamədə Orta Dəhlizin inkişafına, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsinə və regional bağlantıların gücləndirilməsinə də xüsusi diqqət yetirilir. Bu, Azərbaycanın beynəlxalq nəqliyyat və ticarət marşrutlarında mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bərpaolunan enerji mənbələri, yaşıl maliyyə və aşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi gələcək iqtisadi tərəfdaşlığın perspektivlərini genişləndirir.
Bəyannamədə təhsil, elm, tədqiqat və innovasiya sahələri də ayrıca istiqamət kimi müəyyənləşdirilmişdir. Ali təhsil, peşə hazırlığı, rəqəmsal bacarıqlar, süni intellekt və müasir texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Universitetlər, elmi-tədqiqat müəssisələri və müxtəlif təşkilatlar arasında əlaqələrin qurulması bilik və təcrübə mübadiləsinə müsbət təsir göstərəcəkdir.
Sənədin mühüm məqamlarından biri də Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmamasıdır. Xalqlar arasında birbaşa əlaqələrin, mədəni münasibətlərin və peşəkar şəbəkələrin inkişaf etdirilməsi qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir. Bu baxımdan, strateji tərəfdaşlıq iki ölkənin cəmiyyətləri arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.
Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət məsələlərinin vurğulanması da xüsusi əhəmiyyət daşıyır. Bu müddəalar Azərbaycanın beynəlxalq münasibətlərdə daim müdafiə etdiyi fundamental prinsiplərlə uzlaşır. Bütün bunlarla yanaşı, sənəddə strateji tərəfdaşlığın həyata keçirilməsinin gedişini qiymətləndirmək, gələcək prioritetləri müəyyənləşdirmək və əldə olunan nəticələri müzakirə etmək məqsədilə illik görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu mexanizm əməkdaşlığın davamlılığını təmin etmək və razılaşdırılmış istiqamətlər üzrə konkret nəticələr əldə etmək baxımından vacibdir.
Strateji tərəfdaşlığın əsas məqsədi qarşılıqlı etimada əsaslanan münasibətləri möhkəmləndirmək, ortaq maraqları qorumaq və gələcək nəsillər üçün davamlı əməkdaşlıq perspektivləri yaratmaqdır.

Arzu Ağacanova
YAP Ordubad rayon təkilatının fəalı

Digər xəbərlər