Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin möhkəmlənməsi yalnız diplomatik təmasların intensivliyi ilə ölçülmür. Tərəfdaşlıq ortaq maraqların müəyyənləşdirilməsi, qarşılıqlı etimadın qorunması və bu münasibətlərin konkret əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsi sayəsində formalaşır. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında 12 noyabr 2026-cı ildə Dublin şəhərində qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə məhz belə bir yanaşmanın mühüm siyasi ifadəsidir. Sənəd iki ölkə arasında uzun illər ərzində qurulmuş əlaqələri yeni məzmunla zənginləşdirir, əməkdaşlığın prioritetlərini müəyyən edir və münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə ortaq siyasi iradəni təsbit edir.
Bəyannamənin əhəmiyyətini xarakterizə etmək üçün Azərbaycan–Britaniya münasibətlərinin keçdiyi yola nəzər salmaq vacibdir. Müstəqilliyin bərpasından sonra Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlarla əlaqələrin qurulmasına, ölkənin iqtisadi potensialının beynəlxalq əməkdaşlığa cəlb edilməsinə və milli maraqların beynəlxalq müstəvidə müdafiəsinə xüsusi diqqət yetirib. Böyük Britaniya ilə münasibətlər də bu xətt üzrə inkişaf edib. 1994-cü il tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarının formalaşmasında mühüm mərhələlər olub. 2026-cı il sənədi həmin təcrübəyə və uzunmüddətli münasibətlərə söykənir.
Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi, ilk növbədə, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən xarici siyasət kursunun, ardıcıl diplomatik fəaliyyətinin mühüm nəticəsi kimi dəyərləndirilməlidir. Dövlət başçısının beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, nüfuzlu dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət bu sənədin meydana gəlməsi üçün əlverişli siyasi zəmin yaradıb. Cənab Prezident İlham Əliyevin şəxsi diplomatik təşəbbüsləri, beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe və milli maraqlara əsaslanan siyasi strategiyası Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Xüsusilə Böyük Britaniya kimi nüfuzlu dövlətlə münasibətlərin yeni mərhələyə yüksəldilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya imkanları ölkəmizi beynəlxalq iqtisadi əməkdaşlığın mühüm iştirakçısına çevirib. Bəyannamənin mətni göstərir ki, tərəflər münasibətləri daha genişləndirərək iqtisadiyyatın şaxələndirilməsi, bərpaolunan enerji, infrastruktur, xidmətlər, təhsil, elm və innovasiya kimi sahələri də qarşılıqlı fəaliyyətin prioritetləri sırasına daxil edir.
Sənədin birinci əsas istiqaməti müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Tərəflər regional sülh və sabitliyə töhfə vermək, ümumi təhdidlərin qarşısını almaq və onlara cavab vermək imkanlarını gücləndirmək niyyətlərini bildirirlər. Bu çərçivədə yüksək səviyyəli təmasların davam etdirilməsi, ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsi nəzərdə tutulur. Müdafiə sahəsində təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyət qabiliyyətinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə müdafiə sənayesi əməkdaşlığı imkanlarının araşdırılması sənəddə əksini tapıb.
İkinci əsas istiqamət ticarət, investisiya və iqtisadi artımla bağlıdır. Sənəddə ikitərəfli ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, dayanıqlı və şaxələndirilmiş iqtisadi inkişafın təşviqi ortaq məqsəd kimi müəyyən edilir. Uzunmüddətli kommersiya tərəfdaşlıqlarının yaradılması, bilik və təcrübə mübadiləsi, prioritet sektorlarda biznes əlaqələrinin inkişafı bu məqsədə çatmağın vasitələri kimi göstərilir. Bərpaolunan enerji, infrastruktur və xidmətlər xüsusi diqqət ayrılan sahələr sırasındadır.
Bu kontekstdə Orta Dəhlizin inkişafına verilən önəm xüsusi qeyd olunmalıdır. Azərbaycan coğrafi mövqeyinə görə Şərq–Qərb nəqliyyat əlaqələrinin mühüm halqalarından biridir. Orta Dəhliz üzrə daşımaların və infrastruktur imkanlarının inkişafı beynəlxalq ticarətin marşrutlarını əlaqələndirir, yükdaşımaların səmərəliliyini artırır və region ölkələri arasında iqtisadi bağlılığı gücləndirir. Bəyannamədə tərəflərin Orta Dəhlizin, eləcə də sərhədlərarası ticarət və investisiyanı asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələrinin inkişafını dəstəkləmək niyyəti ifadə olunur. Bu, Azərbaycanın tranzit və logistika potensialının daha geniş beynəlxalq əməkdaşlıq müstəvisində dəyərləndirilməsi üçün əlavə imkanlar yarada bilər.
Üçüncü əsas istiqamət təhsil, elm və innovasiyadır. Müasir iqtisadiyyatların rəqabət qabiliyyəti təbii resurslardan və istehsal gücündən deyil, həm də insan kapitalından, elmi biliklərdən və texnoloji yeniliklərdən asılıdır. Sənəddə universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye sektoru arasında tərəfdaşlıqların təşviqi, rəqəmsallaşma, yeni texnologiyalar üzrə təcrübə mübadiləsi də yer alır. Süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti ilə bağlı biliklərin paylaşılması xüsusi olaraq qeyd edilir.
Bəyannamənin mühüm cəhətlərindən biri də onun icrasının davamlı izlənməsi üçün illik Strateji Tərəfdaşlıq görüşünün keçirilməsinin nəzərdə tutulmasıdır. Belə görüşlərdə sənədin üç əsas istiqaməti üzrə əldə olunan irəliləyiş nəzərdən keçiriləcək, gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdiriləcək və praktiki davam tədbirləri razılaşdırılacaq. Bu yanaşma tərəfdaşlığın ardıcıl və nəticəyönümlü xarakter daşımasına xidmət edə bilər.
Azərbaycan–Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ölkəmizin çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi xəttinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Bəyannamənin əhatə etdiyi sahələrin müxtəlifliyi iki ölkənin münasibətlərə yalnız cari siyasi və iqtisadi maraqlar prizmasından deyil, uzunmüddətli inkişaf perspektivindən yanaşdığını göstərir. Müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya istiqamətlərinin vahid çərçivədə birləşdirilməsi tərəfdaşlığın kompleks xarakterini müəyyən edir.
12 noyabr 2026-cı ildə Dublində qəbul edilmiş Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi istiqamət və əməkdaşlıq çərçivəsi yaradır. Onun əsas dəyəri iki ölkənin uzunmüddətli əlaqələrini qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsipləri əsasında daha yüksək səviyyəyə daşımaq niyyətində ifadə olunur. Bu sənəd Azərbaycan üçün yeni iqtisadi, texnoloji və diplomatik imkanların genişlənməsi baxımından əhəmiyyətli perspektivlər açır.
Nemət Məmmədov
“Ayna Sultanova 5” ərazi partiya təşkilatının sədr müavini,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi