Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri zamanı “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı, tədbir çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması və sair kimi mühüm məqamlar Azərbaycanın xarici siyasət uğurlarının davamlılığının aydın mənzərəsini təqdim edir. Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və iqtisadi əsasları var. Britaniya Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayıb. Bəyannamədə iqtisadi əməkdaşlığın əsas faktor olduğu bir daha təsdiqlənir. Qeyd edilir ki, iştirakçılar ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər. Bərpaolunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər. İştirakçılar regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər. İqlim dəyişikliyinə davamlılığı, dayanıqlığı və sıfır hədəflərinə doğru irəliləyişi, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar da daxil olmaqla, təmiz enerji keçidi üzrə əməkdaşlıq edəcəklər. Davamlı investisiya, ticarət maliyyəsi, KOB-ların artımı və yaşıl maliyyələşdirməni dəstəkləmək məqsədilə müvafiq orqanlar və maliyyə qurumları arasında dialoq vasitəsilə maliyyə və kapital bazarlarında əməkdaşlığı dərinləşdirmək imkanlarını araşdıracaqlar. İqtisadi, ticarət və investisiya əməkdaşlığını, həmçinin texniki dialoqu stimullaşdıran mexanizmi kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verirlər. Bundan investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri irəlilətmək üçün əsas platforma kimi istifadə edəcəklər.
Birgə Bəyannamə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi inkişaf, təhsil, innovasiya, süni intellekt, rəqəmsal transformasiya, bərpaolunan enerji, nəqliyyat və logistika kimi istiqamətləri əhatə edir. Bu sahələrin hər biri Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ölkəmizin beynəlxalq təhlükəsizlik əlaqələrinin şaxələndirilməsinə, iqtisadi və texnoloji tərəfdaşlıq isə qeyri-neft sektorunun inkişafına, yeni investisiyaların cəlbinə və müasir texnologiyaların tətbiqinə əlavə imkanlar yarada bilər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər nəqliyyat marşrutu və digər infrastruktur layihələri Azərbaycanın regional tranzit imkanlarını genişləndirir. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlıq ölkəmizin nəqliyyat və logistika potensialının inkişafına, beynəlxalq ticarət sisteminə daha sıx inteqrasiyasına xidmət edəcək. Birgə Bəyannamənin siyasi baxımdan ən mühüm tərəflərindən biri də dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsiplərinin təsdiqlənməsidir. Sənəddə Azərbaycanla Ermənistan arasında sülh prosesinin dəstəklənməsi və Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyətinin vurğulanması göstərir ki, Cənubi Qafqazda formalaşan yeni siyasi nizam Britaniya ilə əməkdaşlığın da gündəliyinə daxildir.
Həbib Cəfərov,
YAP Astara rayon təşkilatının sədri