PDF Oxu

Siyasət

  • 253

Azərbaycan-Böyük Britaniya münasibətlərində etimad və qarşılıqlı maraqlar - ŞƏRH

Azərbaycan-Böyük Britaniya münasibətlərində etimad və qarşılıqlı maraqlar - ŞƏRH

Müasir dünyada dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, yeni əməkdaşlıq platformalarının yaradılması və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqların inkişaf etdirilməsi hər bir ölkənin xarici siyasət strategiyasında mühüm yer tutur. Qlobal siyasi və iqtisadi proseslərin mürəkkəbləşdiyi, beynəlxalq təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyan, müstəqil siyasət yürüdən və müxtəlif dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq quran ölkə kimi seçilir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu siyasətin növbəti mühüm nailiyyətidir.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanan Bəyannamə iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açır. Sənədin əhəmiyyəti yalnız diplomatik münasibətlərin yüksək səviyyədə təsbit olunması ilə məhdudlaşmır. Burada müdafiə və təhlükəsizlik, ticarət və investisiya, iqtisadi artım, təhsil, elm və innovasiya kimi strateji əhəmiyyətli sahələr üzrə konkret əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir.
Azərbaycanın Böyük Britaniya ilə münasibətləri uzun illərin sınağından keçmiş qarşılıqlı etimada əsaslanır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik və xarici siyasət kursu ölkəmizin beynəlxalq əlaqələrinin inkişafı üçün möhkəm təməl yaradıb. 1994-cü və 1998-ci illərdə imzalanmış birgə bəyannamələr bu münasibətlərin hüquqi-siyasi əsaslarını formalaşdırıb. Bu gün Prezident İlham Əliyev həmin strateji xətti müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir.
Yeni Bəyannamənin iqtisadi istiqaməti xüsusi diqqətə layiqdir. Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları, inkişaf etmiş nəqliyyat infrastrukturu və geniş tranzit imkanları ilə beynəlxalq iqtisadi əməkdaşlıqda mühüm rol oynayır. Böyük Britaniya ilə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi ölkəmizə yeni texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin və uzunmüddətli investisiyaların cəlb olunması baxımından perspektivlər açır.
Sənəddə Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın regional və qlobal nəqliyyat xəritəsindəki mövqeyinin əhəmiyyətini bir daha təsdiqləyir. Şərqlə Qərb arasında etibarlı nəqliyyat körpüsü rolunu oynayan bu marşrut beynəlxalq ticarətin genişlənməsi, logistika imkanlarının artırılması və region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi infrastruktur layihələri ölkəmizin strateji əhəmiyyətini daha da artırır.
Enerji əməkdaşlığının yeni mərhələsi də mühüm perspektivlər vəd edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ölkəmizin beynəlxalq nüfuzunu gücləndirən əsas amillərdəndir. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerji layihələrinin həyata keçirilməsi və enerji sisteminin şaxələndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Böyük Britaniya ilə yaşıl maliyyə, aşağı karbon texnologiyaları və alternativ enerji sahələrində əməkdaşlıq bu prosesə əlavə təkan verə bilər.
Strateji tərəfdaşlığın digər mühüm istiqaməti təhlükəsizlik sahəsidir. Bəyannamədə müdafiə əməkdaşlığının, birgə təlimlərin, təcrübə mübadiləsinin, sərhəd idarəçiliyinin və hüquq-mühafizə sahəsində əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu yanaşma dövlətlərin təhlükəsizliyinin və regional sabitliyin qorunmasına xidmət edən qarşılıqlı fəaliyyətin əhəmiyyətini ortaya qoyur.
Xüsusilə qeyd edilməlidir ki, sənədin əhatə etdiyi əməkdaşlıq yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmır. Təhsil, elm, innovasiya və rəqəmsal transformasiya sahələri gələcək nəsillərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Universitetlər arasında əlaqələrin genişləndirilməsi, elmi tədqiqatların dəstəklənməsi, süni intellekt və rəqəmsal idarəetmə sahəsində bilik mübadiləsi hər iki ölkənin intellektual potensialına töhfə verəcək. İnsanlararası əlaqələrin inkişafı isə xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluq münasibətlərini möhkəmləndirəcək.
Bəyannamədə regional sülh və təhlükəsizlik məsələlərinin də yer alması Azərbaycanın sülh gündəliyinin beynəlxalq müstəvidə əhəmiyyətini göstərir. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların qeyd edilməsi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstəyin ifadə olunması regionun gələcəyi baxımından mühüm siyasi məna daşıyır.
Sənədin icrasının mütəmadi qiymətləndirilməsi üçün hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Bu, siyasi razılaşmaların real nəticələrə çevrilməsinə xidmət edən mühüm mexanizmdir.
Nəticə etibarilə, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinin, diplomatik nüfuzunun və iqtisadi imkanlarının artmasının bariz ifadəsidir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünya dövlətləri ilə münasibətlərini qarşılıqlı hörmət, etimad və milli maraqlar əsasında qurur. Yeni strateji tərəfdaşlıq isə Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcək inkişafı üçün geniş imkanlar yaradan mühüm siyasi sənəd kimi tarixə düşür.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər