PDF Oxu

Siyasət

  • 437

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər - ŞƏRH

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər - ŞƏRH

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi olub. Bu baxımdan Azərbaycanın Avropa dövlətləri ilə, xüsusilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əlaqələri mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində formalaşan Azərbaycan–Böyük Britaniya münasibətləri siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı və beynəlxalq məsələlərdə qarşılıqlı anlaşma müstəvisində inkişaf edərək strateji məzmun kəsb edib.

İki ölkə arasında diplomatik münasibətlərin inkişafı qarşılıqlı etimada və möhkəm hüquqi-siyasi təmələ söykənir. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm əsas yaradıb. Bu sənədlər ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı maraqların uzlaşdırılmasına xidmət edib.
Azərbaycanın zəngin enerji potensialı və əlverişli geostrateji mövqeyi Böyük Britaniya ilə iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Xüsusilə enerji sektorunda qurulan əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin əsas istiqamətlərindən birinə çevrilib. Bununla yanaşı, müasir dövrdə tərəfdaşlığın yalnız enerji sahəsi ilə məhdudlaşmaması, ticarət, investisiya, nəqliyyat, logistika, bərpaolunan enerji və innovasiya kimi istiqamətləri əhatə etməsi münasibətlərin daha geniş iqtisadi məzmun qazandığını göstərir.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu sənəd mövcud əməkdaşlığın daha da dərinləşdirilməsini, yeni istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsini və uzunmüddətli qarşılıqlı fəaliyyətin təmin olunmasını nəzərdə tutur.
Bəyannamənin mühüm məqamlarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsidir. Sənəddə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinə sadiqlik xüsusi vurğulanır. Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas prinsipləri ilə uzlaşmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində hüquqa və ədalətə əsaslanan əməkdaşlığın əhəmiyyətini ön plana çıxarır.
Sənəddə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişlərə də xüsusi diqqət yetirilir. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, eləcə də sonrakı sülh təşəbbüslərinin alqışlanması regionda davamlı sülhün və sabitliyin təmin olunmasına beynəlxalq dəstəyin ifadəsidir. Böyük Britaniyanın bu istiqamətdə ikitərəfli dialoqa əsaslanan səyləri dəstəkləməsi Azərbaycanın regionda sülh gündəliyinin əhəmiyyətini bir daha nümayiş etdirir.
Strateji tərəfdaşlığın digər mühüm istiqamətini müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Müasir dövrdə qlobal və regional təhlükəsizlik çağırışlarının artdığı bir şəraitdə dövlətlər arasında koordinasiyanın gücləndirilməsi, müdafiə potensialının inkişafı və ümumi təhdidlərə qarşı birgə fəaliyyət xüsusi aktuallıq daşıyır. Bəyannamədə müdafiə sahəsində təlimlərin keçirilməsi, peşəkar potensialın artırılması, müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının araşdırılması, hüquq-mühafizə orqanları arasında əlaqələrin genişləndirilməsi və sərhəd idarəçiliyinin təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb. Bu istiqamətlər hər iki ölkənin təhlükəsizlik sahəsində institusional imkanlarının gücləndirilməsinə xidmət edə bilər.
İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi də strateji tərəfdaşlığın əsas sütunlarından biridir. Bəyannamədə investisiya mühitinin yaxşılaşdırılması, biznes dairələri arasında əlaqələrin inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə sektorunda təcrübə mübadiləsi və yeni kommersiya tərəfdaşlıqlarının yaradılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Xüsusilə bərpaolunan enerji, infrastruktur və xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasına imkan yarada bilər.
Beləliklə, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidiniifadə edən mühüm sənəddir. Bu sənədin əhəmiyyəti yalnız mövcudəməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə məhdudlaşmır, eynizamanda gələcək inkişaf üçün uzunmüddətli institusional mexanizmlərinformalaşdırılmasını da nəzərdə tutur. Tərəflərin hər il StratejiTərəfdaşlıq görüşləri keçirmək barədə razılığa gəlməsi öhdəliklərinicrasının qiymətləndirilməsi və yeni prioritetlərin müəyyənləşdirilməsibaxımından əhəmiyyətlidir. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, iqtisadi imkanlarının genişləndirilməsinə və qlobal tərəfdaşlıq şəbəkəsində rolunun artırılmasına töhfə verə bilər.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Digər xəbərlər