Son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbə yoxdur. Qazandığımız bu Zəfərdən beş il ötsə də hərb tarixində yeni səhifə açmış 44 günlük Vətən müharibəsindən ölkəmizdə, eləcə də dünya ölkələrində hələ də danışılır, müzakirələr aparılır. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Xalq-Dövlət-Ordu birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünya gördü. Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri hələ uzun müddət təhlil ediləcəkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yürütdüyü güclü daxili və xarici siyasət, Prezident kimi fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər, qazandığımız qələbəni şərtləndirən başlıca amillər sırasındadır.
44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunan ərazilərimizdə bu gün bayram ovqatı, sevinc hökm sürür. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
"ZƏNGƏZURUN ŞƏRQİNDƏ DƏ, QƏRBİNDƏ DƏ AZƏRBAYCAN XALQI ƏSRLƏR BOYU YAŞAMIŞDIR"
44 günlük Vətən müharibəsində Cəbrayıl və Füzulidən sonra döyüş meydanında azad olunan 3-cü şəhər Zəngilan oldu. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək, xilas olmuşdular. Xatırladaq ki, Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən, Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
"Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim əlimizdən alındı. Bu tarixi də hər kəs bilməlidir, 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi", - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirib.
Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Burada müxtəlif dövrlərə aid daş abidələri vardır. Hər daşında bir tarix yaşayır. Hər bir ərazisi Azərbaycan tarixindən xəbər verir. Belə zəngin tarixi ilə tanınan Zəngilanın artıq müharibənin 24-cü günündə bir neçə kəndi və Zəngilan şəhəri artıq işğaldan azad olundu.
"TƏHLÜKƏSİZLİK, RAHATLIQ, RİFAH, MƏŞĞULLUQ VƏ GƏLƏCƏK İNKİŞAF"
Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Qısa bir zamanda abadlıq-quruculuq işləri start götürdü. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Bəli, artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağalı kəndində "Ağalı" hotelinin açılışını edib. "Ağalı" hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında tikintisi davam edən beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.
YAŞIL ENERJİ ZONASININ YARADILMASI
Əlbəttə ki, işğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələr, yeni yolların çəkilişi, yaşayış yerlərinin təməlinin qoyulması, iaşə müəssisələrinin açılışı və s. plnlı şəkildə layihələr əsasında həyatı keçirilir. Məqsəd insanların rahatlığının və firavanlığının təminatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını etməsi ərazilərdə görülən işlərin planlı şəkildə həyata keçirilməsinə söykənir. İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat olan "Zəngilan" Su Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən "Cahangirbəyli" SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. "Şayıflı" və "Zəngilan" SES-lər açılışa hazır vəziyyətə gətirilib, "Sarıqışlaq" SES-də isə işlər başa çatdırılıb.
Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan "Zəngilan" və "Şayıflı" SES-lər üçün maşın zalları tikilib. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Zəngilan" və "Şayıflı" SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsi təmin olunub. Hər iki SES-lərdə il ərzində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq.
Zəngilanda görülən işlər bununla bitmir. Məlumdur ki, Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib. İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Xatırladaq ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə həyata keçirib. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb. İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb. Eyni zamanda, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı aşkar edilib.
"BİZ TAM MÜSTƏQİLİK, HEÇ KİMDƏN ASILI DEYİLİK, ÖZ HƏYATIMIZI ÖZÜMÜZ QURURUQ"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlinin qoyulması bu ərazidə də aparılan abadlıq-quruculuq işlərinin davamlığına söykənir. Layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq. Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuzillik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb. Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb.
Göründüyü kimi, işğal altından azad olunan ərazilərimizdə, eləcə də Zəngilanda abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.
Görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Bu gün isə əzəli sakinlərin səsi-sədası, toy-büsat çalğısı Füzulidən, Laçından, Şuşadan eşidilir.
Qarabağ və Şərqi Zəngəzurumuz yenidən qurulur. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. "Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir. Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq".
Zümrüd BAYRAMOVA