Prezident İlham Əliyev: "Xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük"
"Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında bildirib.
Prezident İlham Əliyevin mətbuata bəyanatında söylədiyi fikirlər ölkələər arasında münasibəətlərin dinamik inkişaf etməsinin təzahürüdür. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "Xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib".
Əlbəttə ki, Azərbaycan və Qazaxıstanı çoxəsirlik qardaşlıq münasibətləri birləşdirir. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilib. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələri də müstəsnadər. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana növbəti səfəri çərçivəsində müxtəlif sahələr üzrə sənədləərin imzalanması Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin yüksək səviyyəyə çatmasına xidmət edəcəkdir. Belə ki, oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub. Əvvəlcə prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı”nı imzalayıblar. Daha sonra Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub.
“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Qazaxıstan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Memorandum” və digəər sənəədlərinin imzalanması olub.
"KURMANQAZI ADINA UŞAQ YARADICILIQ MƏRKƏZİ BU GÜN TƏKCƏ UŞAQLARIN TƏHSİLİ VƏ İNKİŞAFI OCAĞI DEYİL…"
Müasir dövrümüzdə Prezident İlham Əliyev bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış ŞƏXSIYYƏT kimi tanınır və Ona böyük ehtiram bəslənilir. Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı iki ölkə arasında dostluğun ən bariz nümunələrindən biridir. Qazaxıstan tərəfindən Füzuli rayonunda tikilmiş Kurmanqazı adına Yaradıcılıq Mərkəzi xalqlarımız arasında dostluğu və qardaşlığın daha bir nümunəsidir. Azərbaycan - Qazaxıstan münasibətləri dərin köklərə malikdir. 44 günlük Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub və ölkəmizin haqlı mübarizəsini dəstəklədilər. "Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, - Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, - Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir", - deyə Azərbaycan Prezidenti çıxışında bildirib.
"ZƏNGƏZUR DƏHLİZİNİN AÇILIŞI 2028-Cİ İLİN SONUNA QƏDƏR BAŞ VERƏ BİLƏR"
Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı dövlətimizin başçısının səsləndirdiyi fikirləri maraq doğurur. Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır. "Bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik", - deyən Azərbaycan Prezidenti bildirib ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər", - deyə Prezident bildirib.
"AĞ EVDƏ PREZİDENT TRAMPIN İŞTİRAKI VƏ ONUN BU PROSESƏ FƏAL KÖMƏYİ İLƏ SÜLH SAZİŞİNİN PARAFLANMASINDAN SONRA QAZAXISTAN BİRİNCİLƏR SIRASINDA BU MƏSƏLƏYƏ ÖZ MÜNASİBƏTİNİ BİLDİRİB"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7-8 avqust 2025-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfəri ikitərəfli münasibətlərdə və regional sülh prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmış, tarixi qərarlar qəbul edilmiş və Azərbaycanın milli maraqlarının qorunması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Səfər zamanı ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqi dayandırılmışdır. 1992-ci ildə qəbul edilmiş bu düzəliş Azərbaycanı ədalətsiz sanksiyalara məruz qoymuşdu və onun ləğvi ikitərəfli münasibətlərdə mənfi mirası aradan qaldırmaq baxımından rəmzi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilmiş və bu görüşün nəticəsində Birgə Bəyannamə imzalanmışdır. Sənədə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imza atılmış, ABŞ Prezidenti Donald Tramp isə şahid qismində iştirak etmişdir. Birgə Bəyannamənin müddəalarına əsasən, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması; ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə birgə müraciət; Regionda kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi; "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin ABŞ səfəri Azərbaycanın xarici siyasətində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Azərbaycan Prezident "Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib", - deyərək, bildirib ki, Mənim Kasım-Jomart Kemeleviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam: "Biz bu gün də Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında da, ümumiyyətlə həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsiri barədə danışmışıq. Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
"AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA SÜLH DÖVRÜ BAŞLAYIB"
Azərbaycan Prezidenti onu da bildirib ki, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP (The Trump route for international peace and prosperity) layihəsidir: "Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq".
"Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb", - deyən Prezident qeyd edib ki, bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir.
Zümrüd BAYRAMOVA