Dövlət başçısının Sərəncamı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək
1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay keçirilib. Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. Həmin tarixdən artıq yüz ilə yaxın dövr ötüb. Azərbaycan Prezident İlham Əliyev "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb.
Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.
Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür. Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir.
Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu sədrlik etmişdir. Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğramışdır. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşdilər. Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbayə keçidi isə 1939-cu ildə ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilmişdir.
Azərbaycan Rusiya tərəfindən ilhaq olunduqdan sonra Yaxın Şərqdə əlifba islahatı məsələsi ilk növbədə görkəmli Azərbaycan mütəfəkkiri, böyük maarifçi Mirzə Fətəli Axundzadə tərəfindən gündəmə gətirilmişdir. Lakin onun bu istiqamətdəki səyləri nəticə verməmişdir. Bununla bağlı Axundov bir neçə dəfə layihə də hazırlamış, Osmanlı dövləti hakimiyyətinə çağrışlarda etmişdir. Mənbələrdə qeyd olunduğu kimi, 1878-ci ildən Axundov bir neçə kiril əlifbası ilə dəyişilmiş latın əlifbasının üzərində mərkəzləşdirdi.
1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası Ümumittifaq Türkoloji Qurultayının çağırılması haqqında qərar qəbul etdi. İlk dəfə qurultayın çağırılması məsələsi hələ bir il əvvəl Azərbaycan SSR hökuməti tərəfindən SSRİ rəhbərliyinə təqdim edilmişdi. SSRİ hökumətinin Türkoloji Qurultayın çağırılması barədə qərarından altı ay əvvəl latın əlifbasına keçilməsi məsələlərinin həll edilməsi zərurəti 1-ci Azərbaycan Yerli Diyarşünaslıq Qurultayında və SSRİ Elmlər Akademiyasının və Ümumittifaq Şərqşünaslıq Birliyində qaldırılmışdı. SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Qurultayın çağırılmasına hazırlıq üzrə təşkilat komissiyası yaradıldı. Təşkilat komissiyasının tərkibinə Səməd Ağamalıoğlu (sədr), M. Pavloviç, Həbib Cəbiyev, Vasili Bartold, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Q. Broydo, Tyuryakulov, Zifeld, Fitred, Bəkir Çobanzadə, Aşmarin, Odabaş, Novşirvano, Əhməd Baytursunov, Yusifzadə seçildilər.
1926-cı il fevralın 26-da Bakıdakı İsmailiyyə Sarayında Birinci Türkoloji Qurultay işinə başladı. Türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi.
Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.
Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir.
Nəzakət ƏLƏDDİNQIZI