Yeni Azərbaycan Partiyası (YAP) ölkənin siyasi arenasında aparıcı rol oynayan, cəmiyyətin müxtəlif sahələrində demokratik ənənələrin möhkəmləndirilməsinə töhfə verən aparıcı qüvvədir. Partiya həm dövlət siyasətinə, həm də vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş fəaliyyət nümayiş etdirir.
1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən ictimai-siyasi böhran, cəbhədəki gərginlik, separatizm meyilləri və daxili qarşıdurmalar dövlətçiliyi təhdid edirdi. Belə bir şəraitdə Azərbaycanın ziyalıları və ölkənin taleyini düşünən insanlar milli məsuliyyəti öz üzərlərinə götürərək yeni bir siyasi təşkilatın yaradılması təklifini irəli sürdülər. Onların çağırışları ölkəni böhrandan xilas edə biləcək yeganə siyasi lider – Ulu Öndər Heydər Əliyevin ətrafında birləşməyin vacibliyini ön plana çıxardı.
Məşhur “91-lər”in müraciəti Azərbaycan siyasi tarixinin dönüş nöqtəsinə çevrildi, bu sənəd bütöv xalqın arzu və tələblərini ifadə edirdi. Müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş edilirdi. Bu çağırışa cavab olaraq Ulu Öndər Heydər Əliyev YAP-ın yaradılmasını Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində obyektiv zərurət kimi dəyərləndirdi.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkənin bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Konfransda partiyanın yaradılması, Proqram və Nizamnamənin qəbulu, Siyasi Şura və İdarə Heyətinin formalaşdırılması barədə qərarlar qəbul olundu. Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, Azərbaycan dövlətçiliyi qarşısında böyük tarixi missiyanı öz üzərinə götürən YAP siyasi sistemin formalaşmasında həlledici rol oynadı.
Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkədə xaos, qarşıdurma və parçalanma meyillərinə son qoyuldu, ictimai-siyasi sabitlik bərpa edildi və idarəetmə sistemi müasir tələblərə uyğun formalaşdırıldı. Yeni Konstitusiyanın qəbul edilməsi, hüquqi dövlət prinsiplərinin təsbit olunması və demokratik ənənələrin formalaşdırılması, müstəqilliyin qorunması və möhkəmləndirilməsi dövlət siyasətinin strateji prioritetinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosial-iqtisadi sahədə islahatlar ölkəni dərin böhrandan çıxardı. Neft strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi sayəsində iqtisadiyyatın dayanıqlı inkişafı təmin olundu, xarici sərmayələr ölkəyə cəlb edildi və iri infrastruktur layihələrinin reallaşdırılmasına şərait yarandı. Bu siyasət gələcək uzunmüddətli iqtisadi yüksəlişin möhkəm təməlinə çevrildi.
Həmin dövrdə ordu quruculuğu sahəsində məqsədyönlü islahatlar həyata keçirildi. Silahlı Qüvvələrin döyüş qabiliyyəti artırıldı, maddi-texniki baza gücləndirildi və peşəkar ordu modeli formalaşdırıldı. Bu siyasət illər sonra qazanılan tarixi Zəfərin əsas amillərindən biri oldu.
Milli həmrəyliyin təmin olunması və cəmiyyətin müxtəlif təbəqələrinin dövlətçilik ideyası ətrafında birləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən idi. Onun siyasi kursu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, regional əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanınmasına səbəb oldu. Bütün bu nailiyyətlər Ulu Öndərin müəyyən etdiyi inkişaf modelinin ardıcıllıq və davamlılıq üzərində qurulduğunu göstərir. Bu model dövlətimizin müasir siyasi və iqtisadi sisteminin əsasını təşkil edərək, ölkənin gələcək uğurları üçün uzunmüddətli strateji çərçivə yaradıb.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ölkəmizdə aparıcı siyasi qüvvəyə çevrildi. Peşəkar idarəçilik təcrübəsi, dövlətçilik məktəbi, strateji düşüncə və xalqla birliyi YAP-ı “Dünənin, bu günün və gələcəyin partiyası”na çevirdi. Partiya demokratik ənənələrin möhkəmləndirilməsi sahəsində tarixi nailiyyətlərə nail oldu. YAP-ın fəaliyyəti nəticəsində ölkədə siyasi sabitlik yaranmış, cəmiyyətin bütün təbəqələrini əhatə edən ümumxalq partiyası formalaşmışdır.
YAP öz fəaliyyətinə demokratik dəyərlər, siyasi plüralizm və qanunun aliliyi prinsipləri əsasında fəaliyyət göstərmiş, konstruktiv mövqeyi ilə fərqlənmiş, dövlətçilik maraqlarını prioritet tutmuşdur. Partiyanın fəaliyyəti ölkədə siyasi ənənələrinin formalaşmasına, siyasi dialoqun inkişafına və sağlam rəqabət mühitinin yaranmasına ciddi töhfə verdi.
2005-ci il martın 26-də keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayında Prezident İlham Əliyevin partiyanın yeni Sədri seçilməsi demokratik ənənələrin növbəti dövrdə təmin olunduğunu göstərdi. Möhkəm təməllər üzərində qurulmuş dövlət siyasəti yeni mərhələyə qədəm qoydu və müasir çağırışlara uyğun transformasiya olundu.
Azərbaycanın dövlətçilik strategiyasının ən böyük nailiyyətlərindən biri ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasıdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində tarixi Zəfər qazanıldı və uzun illər işğal altında qalmış torpaqlarımız azad edildi. Bu şanlı Qələbə milli həmrəyliyin, güclü ordunun, strateji liderliyin və xalqın yekdil iradəsinin nəticəsi idi.
2021-ci il martin 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı isə partiya idarəçiliyində yenilənmə, çoxsaylı islahatlar və innovativ yanaşmalar dövrünün əsasını qoydu. Bu qurultayda yeni Proqram və Nizamnamə təsdiqləndi, idarəetmə strukturu təkmilləşdirildi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi.
2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri isə konstitusiya quruluşunun və dövlət suverenliyinin bərpa olunmasını təmin etdi. Bu əlamətdar hadisələr YAP-ın formalaşdırdığı siyasi kursun və güclü dövlət modelinin səmərəsini sübut etdi.
Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər sistemi strateji hədəflərə əsaslanaraq formalaşıb, bu amillər həm partiya idarəçiliyində, həm də dövlət siyasətinin istiqamətlənməsində mühüm rol oynayır. Bu konteksdə peşəkarlıq, məsuliyyət, sağlam rəqabət və etik davranış partiya fəaliyyətinin əsas meyarları kimi müəyyənləşib. Müasir yanaşmalar, innovativ düşüncə və elmi əsaslı idarəçilik modeli isə YAP-ın yeni dövrün tələblərinə çevik uyğunlaşmasını təmin edir.
Partiyanın müəyyən etdiyi strateji hədəflər dövlətçilik konsepsiyasının əsas istiqamətlərini müəyyənləşdirir. Bu hədəflər güclü iqtisadiyyat, sosial ədalət, insan kapitalının inkişafı, milli həmrəylik, mədəni irsin qorunması, ordu quruculuğu, diaspora siyasəti və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi sahələri əhatə edir. Hər bir hədəf dövlətin uzunmüddətli inkişaf vizyonuna uyğundur.
Milli birlik və həmrəyliyin güclənməsi, siyasi sabitlik və inklüziv inkişaf modeli dövlət idarəçiliyinin parlaq nümunəsi kimi dəyərləndirilir. Son illərdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən xalqın böyük etimadını qazanmışdır. Belə ki, 7 fevral 2024-cü il tarixli prezident seçkilərində cənab İlham Əliyevin 92,12 faiz səs toplaması, eləcə də parlament və bələdiyyə seçkilərində partiyanın parlaq qələbələri xalqın siyasi kursa dəstəyinin növbəti ifadəsidir. Bu nəticələr YAP-ın ölkədə aparıcı siyasi qüvvə kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Yeni Azərbaycan Partiyası müasir dövrün qlobal çağırışlarını, regional təhlükəsizlik mühitindəki dəyişiklikləri və beynəlxalq tendensiyaları nəzərə alaraq siyasətini daim yeniləyir. Partiya milli maraqları qoruyan, qlobal əməkdaşlıq imkanlarını genişləndirən və dövlətin strateji prioritetlərini dəstəkləyən fəaliyyət modelini davam etdirir. Bu yanaşma YAP-ın beynəlxalq səviyyədə etibarlı və nüfuzlu siyasi qüvvə kimi mövqeyini möhkəmləndirir.
Heydər Əsədov
Milli Məclisin deputatı