Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğala qədər rayonun əhalisi 53478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Kəlbəcərin işğalından sonra 30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Qətnaməyə əsasən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri düz 28 il talan edildi.
Nəhayət, Şanlı Ordumuz 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı və nəticədə digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi.2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu qeyd-şərtsiz tərk etməli oldu. Kəlbəcər rayonu noyabrın 25-də işğaldan azad olundu. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həmdə mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
2023-cü il mayın 27-də və avqustun 25-də Kəlbəcərə səfərləri zamanı ölkəmizin başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, həmçinin Yanşaq, Zallar, Zar kəndlərinin təməlini qoydu, Vəngli kəndinə baxış keçirdi, yeni elektrik stansiyaların, hospitalın açılışını etdi. Ötən ilin sentyabrında Kələbəcər səfərində isə cənab Prezident yeni elektrik stansiyalarının, “İstisu” mineral su zavodunun açılışlarını etdi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış oldu, həmçinin ikinci yaşayış kompleksinin təməlini qoydu, Xudavəng monastır kompleksinə, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoluna baxış keçirdi.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 2-də Kəlbəcərə səfəri rayonun gələcək inkişaf yolunda mühüm başlanğıc oldu. Həmin səfərdə dövlət başçısı bir sıra əlamətdar tədbirlərdə iştirak edərək, bərpa və quruculuq işlərinə şəxsən rəhbərlik etdi.O gün açılışı edilən “Yuxarı Vəng” Su Elektrik Stansiyası Kəlbəcərin və bütövlükdə Qarabağ bölgəsinin enerji təminatında mühüm rol oynayacaq obyektlərdən biri kimi dəyərləndirilir. Alternativ enerji layihələrinin reallaşması həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan ölkəmiz üçün əhəmiyyətlidir.
Prezident İlham Əliyev həmçinin Xudavəng monastır kompleksinə baxış keçirərək Azərbaycanın zəngin tarixi-mədəni irsinə dövlət səviyyəsində göstərilən qayğını bir daha nümayiş etdirdi. Bu, həm də ölkəmizin işğaldan azad edilmiş torpaqlarda mədəni irsi bərpa və qorumaq siyasətinin bariz nümunəsidir.
Həmin səfərdə dövlət başçısı Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan tunellərə və yol hissələrinə baxış keçirib. Bu yolun istifadəyə verilməsi Kəlbəcərin həm iqtisadi, həm də turizm potensialının açılmasına xidmət edəcək.
Prezident İlham Əliyevin Kəlbəcərə hər bir səfəri Böyük Qayıdış proqramının uğurla icra olunduğunu təsdiqləyir. 2024-cü ildə başlanmış layihələr 2025-ci ildə öz real bəhrəsini verir. Kəlbəcər artıq yeni həyatın rəmzinə çevrilib. Dövlət başçısının dediyi kimi, Azərbaycan xalqı öz doğma torpaqlarında əbədi yaşayacaq və Kəlbəcərin hər bir guşəsi müasir, abad və güclü Azərbaycanın simasını əks etdirəcək.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri