Kəlbəcərin işğalı Azərbaycanın Birinci Qarabağ müharibəsində ciddi ərazi itkisi ilə yadda qalmadı, həm də dövlətçiliyimiz üçün ən ağır strateji zərbələrdən biri oldu. Müdafiə xəttinin səmərəli qurulmaması, hərbi idarəetmədə hökm sürən xaos, vahid komandanlığın olmaması nəticəsində bu füsünkar diyarımız 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altına keçdi. Kəlbəcərin işğalının miqyası yalnız ərazi itkiləri ilə ölçülmədi. Bu faciə zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər itkin düşdü. Üstəlik, rayonun yüzilliklər boyu formalaşmış tarixi-mədəni irsi talan edildi, maddi sərvətləri sistemli şəkildə Ermənistana daşındı, 27 illik işğal dövründə isə Kəlbəcərin təbii ehtiyatları məqsədli şəkildə istismar olundu. Bütün bunlar beynəlxalq hüququ, humanitar prinsipləri və regional sabitliyi açıq şəkildə tapdalayan işğalçı siyasətin nəticəsi idi. Dünya birliyinin fəaliyyətsizliyi isə bu haqsızlığın davam etməsinə şərait yaratdı.
İşğal zamanı səsgücləndiricilərdən yayılan humanistlik iddiaları qısa müddətdə boş söz olduğu ilə üzə çıxdı. Həmin silahlı birliklər Kəlbəcər əhalisinə qarşı elə vəhşiliklər törətdilər ki, baş verənlər bölgənin yaddaşına silinməz faciə kimi həkk olundu. Onların 10 saat möhlət veriləcəyi və mülki insanlara toxunulmayacağı barədə səsləndirdikləri bəyanatlar isə son nəticədə dinc sakinlərin gülləbaran edilməsi ilə bitdi və beləliklə bütün o vədlərin gerçək niyyəti ört-basdır etməkdən başqa heç bir dəyəri olmadığı acı şəkildə təsdiqləndi.
Uzun illər torpaqlarımız işğal altında olsa da, ümidimizi heç vaxt üzmədik. İnanırdıq ki, gün gələcək biz yurd yerimizə əbədi qayıdacağıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan heç vaxt bu işğalla barışmayacaq. 44 gün davam edən Vətən müharibəsinin şəriksiz qəhrəmanı olan İlham Əliyevin tarixi bəyanatı özünü tam doğrultdu. Bu müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildi, Ermənistan isə rüsvayçı şəkildə geri çəkilərək təslimçilik aktına imza atdı. Ali Baş Komandan kimi qələbəni təmin edən İlham Əliyev Prezident kimi siyasi masada də tarixi uğura imza atdı. 10 noyabr bəyannaməsinin şərtlərinə uyğun olaraq Kəlbəcər müharibəsiz azad edildi.
Ölkəmiz Kəlbəcərə böyük qayıdışın sevincini yaşayarkən uzun illərin işğalının ağır mirası ilə də üz-üzə qaldı. Ərazi geniş şəkildə minalanmış, rayon isə demək olar ki, tamamilə viran qoyulmuşdu. Buna baxmayaraq Azərbaycan dövləti hər hansı xarici yardım və dəstək gözləmədən, bütün işləri öz gücü hesabına həyata keçirməyə başladı. Qısa zamanda Kəlbəcər sürətli bərpa və quruculuq prosesinin mərkəzinə çevrildi, yeni yaşayış məhəllələrinin salınmasına start verildi. İnşa olunan yaşayış kompleksi 19,5 hektar ərazini əhatə edir. Birinci mərhələdə 201 ailə üçün 6 dördmərtəbəli bina və 39 “townhouse” tipli ev tikilib. Mənzillər iki, üç və dördotaqlı olmaqla müxtəlif planlaşdırılıb. İkinci mərhələdə daha 323 ailənin yerləşdirilməsi nəzərdə tutulur və bunun üçün 16 çoxmənzilli bina və 57 “townhouse” ev inşa ediləcək. Ərazidə parklar, sosial obyektlər və istirahət zonaları yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyev 20 ailəyə mənzil açarlarını təqdim edib. Bu günə qədər Kəlbəcərə ümumilikdə 81 ailə köçürülüb və proses uğurla davam edir. Eyni zamanda Kəlbəcərdə infrastruktur sürətlə yenilənir, 82 km-lik Toğanalı–Kəlbəcər–İstisu yolunun 87%-i hazırdır, Murovdağ tuneli isə dünyanın ən uzun tunellərindən sayılır. Rayonun enerji sistemi gücləndirilir, bir neçə su elektrik stansiyası bərpa olunub və yeniləri inşa edilib. Dövlətimiz Kəlbəcərin sürətli inkişafı üçün əzmlə çalışır.
Prezident İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib və bu tarixi xalqımız sevinc və qürur hissi ilə qeyd edir. Kəlbəcər səmasında ucalan bayrağımız isə qəhrəmanlığımızın, iradəmizin, varlığımızın, qətiyyətli sözümüzün və bütövlüyümüzün rəmzi kimi qürurla dalğalanır. Gözəl yurdumuzun işğaldan azad olunması həm də onu göstərdi ki, bizim hərb meydanında gücümüz, danışıqlarda sözümüz keçir və liderimizlə yalnız qüdrətli deyil, həm də böyükük. Amma Kəlbəcər işğal olunanda xaosun fonunda çox kiçik görünürdük…
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı