PDF Oxu

Siyasət

  • 413

25 NOYABR - ŞANLI ZƏFƏRİN TƏCƏSSÜMÜDÜR

image

44 günlük savaş milli və siyasi təqvimimizin yeni, parlaq, möhtəşəm salnaməsidir. Bu savaşda Azərbaycan xalqı təkcə 30 illik işğala son qoymadı, həm də böyük zaman ölçüsündə-az qala 300 illik tarixində regional və beynəlxalq şərtləri ədalət və haqq mübarizəsi naminə məharətlə dəyişdirə bildi.

30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı.

Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşdü, 55 hərbçi, 511 mülki sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü, minlərlə sakin yaralandı. Mənfur düşmən füsunkar təbiətə, zəngin mədəni irsə malik olan Kəlbəcəri vəhşicəsinə istismar etdi, meşələri qırıb talayaraq satdı. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurdu.

Azərbaycan Ordusunun qəhrəmanlığı, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi-hərbi liderliyi və xalqımızın əsrlər boyu formalaşan milli iradəsi nəticəsində erməni işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Zəfərdən sonra işğaldan azad edilmiş şəhərlərimizin hər biri üçün xüsusi günün təsis olunması bu tarixi qayıdışın dövlət səviyyəsində rəmziləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. 25 noyabr, Kəlbəcər şəhəri günü, Azərbaycanın zəngin tarixi və mədəni irsinin ayrılmaz bir hissəsi olan Kəlbəcərin xüsusi günüdür.

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi.

25 noyabr tarixinin Kəlbəcər şəhəri günü kimi rəsmiləşdirilməsi həm bu qələbənin rəmzi, həm də Kəlbəcərin Azərbaycan dövlətçiliyində tutduğu yerin vurğulanması baxımından mühüm addımdır. 25 noyabr yalnız bir tarix deyil, həm də Kəlbəcərə qayıdışın, zəfərin, dövlətçilik ənənələrinə sədaqətin və milli qürurun təcəssümüdür. İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, bu gün Kəlbəcərdə də misli görünməmiş tikinti-quruculuq və təmir-bərpa işləri sürətlə davam edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edir. Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm və sosial xidmət obyektləri nəzərdə tutulub. Qeyd edək ki, şəhərin işğala qədərki son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. 524 ailəlik yaşayış kompleksinə birinci mərhələdə 201 ailə köçürüləcək. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, yaxın zamanlarda rayonun Zar, Zallar və Yanşaq kəndlərində də tikinti işlərinə start verilib. Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb.Kəlbəcər şəhərində inzibati bina üçün ayrılan ərazinin sahəsi 2.42 hektar, şəhər parkı üçün ayrılan ərazi isə 10.9 hektar təşkil edəcək. Əlavə olaraq, 3.1 hektar ərazidə İşğal və Zəfər muzeyləri kompleksi layihələndirilib. Təməli 2022-ci ilin 26 iyun tarixində qoyulan “İstisu” Müalicə-İstirahət Kompleksinin də hazırda tikintisi davam edir.

Bütün bu görülən işlər göstərir ki, Kəlbəcər düşmən tərəfindən xarabazara dönsə də, bu gün öz övladlarının sayəsində gülüstana çevrilir. Möhtəşəm layihələr ard-arda fasiləsiz şəkildə həyata keşirilir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər