"Avropa Parlamentinin son illərdə Azərbaycana qarşı qəbul etdiyi qətnamələr və keçirdiyi dinləmələr regionda formalaşan sülh prosesinə təsir baxımından haqlı olaraq ciddi narahatlıq doğurur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, xüsusilə Vətən müharibəsinədək AP-nin Azərbaycanın ərazi bütövlüyünü Gürcüstan, Ukrayna və Moldova ilə müqayisədə yetərincə dəstəkləməməsi və bir çox hallarda ölkəmizə qarşı böhtan xarakterli yanaşma sərgiləməsi, beynəlxalq aləmdə ikili standartların sistematik təzahürü kimi qiymətləndirilə bilər: "Görünən odur ki, Avropa İttifaqı müxtəlif platformalarda öz siyasətini Cənubi Qafqazdakı maraqları naminə qurur və bu, sistematik şəkildə Azərbaycanın maraqlarına zidd addımlar şəklində özünü göstərir. Belə bir yanaşmanın aydın nümunəsi Aİ-nin Ermənistanla imzaladığı son sənəddir. Həmin sənəddə ABŞ-ın vasitəçiliyi ilə hazırlanmış TRİPP layihəsinə istinadın olmaması, Avropa və Ermənistanın Vaşinqtonun təşəbbüslərinə qarşı çıxdığını göstərir. İkili standartların əsas səbəbi isə geosiyasi və institusional maraqlardan irəli gəlir və özünü müxtəlif sahələrdə göstərir. Biz bunu Aİ-nin sanksiya siyasətndə də görürük. Belə ki, Azərbaycanın bir neçə gəmisinə qarşı sanksiya tətbiq edən Aİ nədənsə hələ də Yunanıstan və Kiprin gəmiləri ilə bağlı oxşar qərarlar qəbul etmir və ya hələ də Rusiyadan böyük miqdarda neft alan Almaniya və digər Ai ölkələrinə qarşı müvafiq addımlar atmır. Rusiyaya sanksiyalardan yayınmaq üçün dəstək verən, Avropada istehsal olunan strateji məhsulların reeksporu ilə məşğul olan Ermənistanla bağlı da oxşar qərarlar qəbul etmir. Avropa Parlamentində insan haqları mövzusunda keçirilən dinləmələr də olduqca qərəzli xarakter daşıyır. Ermənistanda çoxlu sayda müxalifətçilərin, kilsə nümayəndələrinin, media təmsilçilərinin və ictimai fəalların həbsinə baxmayaraq, Aİ bu ölkə ilə bağlı heç bir dinləmə təşkil etməyib. Bunun əksinə olaraq, Azərbaycan hədəfə alınır, müharibə cinayətkarlarının azadlığa buraxılmasına dair çağırışlar edilir. Bu, Azərbaycanın sülh gündəliyinə mane olmaq və prosseslərə ikili standartlar prizmasından yanaşmağın ən bariz göstəricisidir.Yekun olaraq, Avropa Parlamentinin Azərbaycana qarşı sərt və tənqidi mövqeyi ikili standart siyasətinin sistematik təzahürü kimi qiymətləndirilə bilər. Bunun arxasında həm geosiyasi maraqlar, həm ideoloji yanaşmalar və həm də lobbiçilik dayanır".
Müəllif: Ziya Hikmətoğlu