Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamə bir daha göstərdi ki, bu qurum ölkəmizə münasibətdə artıq prinsip və obyektivlikdən yox, açıq siyasi mövqedən çıxış edir. Sənədin məzmununa diqqət yetirdikdə aydın olur ki, məqsəd real vəziyyəti dəyərləndirmək deyil, müəyyən siyasi dairələrin maraqlarına uyğun təzyiq aləti formalaşdırmaqdır. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, qətnamədə yer alan “siyasi məhbuslar”, “siyasi təqiblər”, “akademik azadlıqların pozulması” kimi iddialar konkret faktlara və hüquqi sübutlara əsaslanmır. Burada hüquqi analizdən daha çox seçilmiş informasiyalar və birtərəfli yanaşma ön plana çıxır. Avropa Parlamenti faktları araşdırmaq əvəzinə, hazır şablonları siyasi sənəd formasına salmaq yolunu seçir. Ən ciddi problem isə bu cür qətnamələrin dövlətlərin suverenliyinə açıq müdaxilə xarakteri daşımasıdır. Azərbaycan öz Konstitusiyasına, milli qanunvericiliyinə və müstəqil məhkəmə sisteminə əsaslanaraq daxili siyasətini özü müəyyənləşdirir. Xarici siyasi institutların bu proseslərə qiymət verməsi və təzyiq göstərməsi beynəlxalq münasibətlər baxımından təhlükəli presedent yaradır. Təcrübə sübut edir ki, Avropa Parlamentinin bu tip sənədləri insan hüquqlarının real müdafiəsinə xidmət etmir. Əksinə, belə yanaşmalar dialoq imkanlarını daraldır, qarşılıqlı etimadı zəiflədir və əməkdaşlıq mühitinə zərbə vurur. Selektiv yanaşma və ikili standartlar demokratiyanın təbliği deyil, onun mahiyyətinin aşınmasıdır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa daim açıq olub, əsas beynəlxalq konvensiyalara qoşulub və üzərinə götürdüyü öhdəlikləri mərhələli şəkildə yerinə yetirib. Ölkədə aparılan islahatlar xarici təzyiqlərin nəticəsi deyil, milli maraqlara və cəmiyyətin inkişaf ehtiyaclarına əsaslanan daxili siyasətin tərkib hissəsidir. Burada diqqətdən qaçmayan mühüm bir məqam da var. Avropa Parlamenti Ermənistanın Azərbaycan ərazilərini təxminən 30 il işğal altında saxladığı dövrdə bu məsələyə demək olar ki, səssiz qalıb. Nə işğal faktı, nə də bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi bu qurumun gündəliyində ciddi yer tutub. Bu gün isə eyni Parlament Ermənistanla əməkdaşlığı genişləndirir, hətta müharibə cinayətlərində ittiham olunan şəxslər üçün siyasi müdafiə rolunda çıxış edir.
44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamentinin ard-arda qəbul etdiyi qətnamələr də təsadüfi deyil. Bu sənədlər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Qarabağda separatizmin ləğvi və dövlət suverenliyinin tam təmin olunması ilə barışa bilməyən dairələrin narahatlığının ifadəsidir.
Xüsusilə Azərbaycanla Ermənistan arasında vasitəçilərsiz aparılan birbaşa danışıqlar, regional sülh təşəbbüsləri və əldə olunan razılaşmalar Avropa Parlamentinin proseslərə təsir imkanlarını xeyli azaldır. Məhz bu səbəbdən qəbul edilən qətnamələr sülhə töhfə verməkdən çox, mövcud prosesi zəiflətməyə xidmət edir. Hüquqi əsasdan məhrum, açıq siyasi motivli bu cür sənədlər Azərbaycanda məhkəmə sisteminə müdaxilə cəhdi kimi qiymətləndirilir və qəti şəkildə rədd olunur. Üstəlik, Avropa Parlamentində korrupsiya və lobbiçiliklə bağlı üzə çıxan faktlar bu qətnamələrin hansı maraqlara xidmət etdiyini daha aydın göstərir.
Nəticə etibarilə, Avropa Parlamentinin qəbul etdiyi bu tip sənədlər Azərbaycanın daxili siyasətinə təsir göstərə bilməz və ölkəmizin strateji yolunu dəyişdirmək gücündə deyil. Azərbaycan regionda güclü, müstəqil və qərarlarını özü verən dövlətdir. Siyasi təzyiq, ikili standartlar və selektiv yanaşmalar isə nə etibarlı tərəfdaşlıq yaradır, nə də beynəlxalq münasibətlərdə etimad formalaşdırır, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.