PDF Oxu

Siyasət

  • 445

Dəyişən dünya nizamında Azərbaycan modeli

image

Sevinc Fətəliyeva
Milli Məclisin deputatı

2025-ci il Azərbaycan üçün əvvəlki illərdə formalaşmış xarici siyasətin və regional mövqelərin praktik şəkildə möhkəmləndirilməsi mərhələsi oldu. Qlobal sistemin transformasiya dövründə Azərbaycan yalnız strateji dayanıqlığını qoruyub saxlamaqla kifayətlənmədi, eyni zamanda müstəqil qərar qəbul edən, etibarlı tərəfdaş və yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi rolunu daha da gücləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl siyasəti 2025-ci ildə diplomatiya, iqtisadiyyat və təhlükəsizliyin vahid strateji xətt üzrə uzlaşdırılmasına yönəldi.

Bu il ərzində həyata keçirilən səfər diplomatiyası simvolik deyil, praktik xarakter daşıdı. Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli görüşlər konkret nəticələrlə – enerji, nəqliyyat, logistika və investisiya sahələrini əhatə edən sənədlərin imzalanması ilə müşayiət olundu. Bu yanaşma Azərbaycanın ikitərəfli münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etdiyini və yalnız təşəbbüslərə reaksiya verən deyil, həm də yeni həllər təklif edən aktor olduğunu bir daha nümayiş etdirdi.

Xüsusi vurğulamaq lazımdır ki, 2025-ci ilin siyasi arxitekturasında Azərbaycanın Türk Dövlətləri Təşkilatında oynadığı rol mühüm yer tutdu. Qəbələdə keçirilən TDT Zirvə görüşü il ərzində baş verən ən mühüm beynəlxalq hadisələrdən biri oldu. Zirvə görüşü çərçivəsində regional təhlükəsizlik, nəqliyyat bağlantıları və iqtisadi inteqrasiya məsələləri müzakirə edildi. Bu, təkcə Azərbaycanın türk dünyasında lider mövqeyinin təsdiqi deyil, həm də təşkilatın simvolik əməkdaşlıqdan institusional və praktik fəaliyyət mərhələsinə keçidinin göstəricisi idi.

Mərkəzi Asiya istiqamətində də əməkdaşlıq 2025-ci ildə yeni keyfiyyət mərhələsinə yüksəldi. Azərbaycan bu regionla münasibətlərdə sistemli yanaşma nümayiş etdirərək, nəqliyyat-logistika və enerji əməkdaşlığını strateji səviyyəyə qaldırdı. İl ərzində Mərkəzi Asiya dövlətləri ilə yeni regional əməkdaşlıq formatı — C6 formalaşdırıldı, Qazaxıstan, Özbəkistan və Türkmənistanla Orta Dəhlizin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və enerji tərəfdaşlığına dair bir sıra sazişlər imzalandı. Bu proses Azərbaycanın Mərkəzi Asiya üçün “xarici tərəfdaş” deyil, ümumi Avrasiya məkanının ayrılmaz hissəsi kimi mövqeyini möhkəmləndirdi.
Bütün bunlarla yanaşı, başa çatmaqda olan 2025-ci ildə Azərbaycanın beynəlxalq gündəliyi ölkə daxilində keçirilən mühüm tədbirlərlə də zəngin oldu. Təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq forumlar, o cümlədən Bakı Təhlükəsizlik Forumu, itkin düşmüş şəxslər probleminə dair humanitar konfranslar və çoxtərəfli regional görüşlər Bakını etibarlı və neytral dialoq məkanı kimi ön plana çıxardı. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəyə olan beynəlxalq etimadın göstəricisi olmaqla yanaşı, Bakının regional diplomatik mərkəz kimi mövqeyini daha da gücləndirdi.

Təbii ki, Cənubi Qafqaz regionunda sülh və sabitlik amili xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, 2025-ci ilin ən mühüm siyasi hadisələrindən biri Azərbaycan və Ermənistan arasında sülh prosesində keyfiyyətcə yeni mərhələnin başlanması oldu. Analitik qiymətləndirmələrə görə, məhz bu il normallaşma prosesi praktik məzmun qazandı. Avqust ayında Vaşinqtonda keçirilən görüş sülh gündəliyində dönüş nöqtəsi kimi çıxış edir. Həmin görüş çərçivəsində sülh müqaviləsinin paraflanması tərəflərin əsas prinsiplər üzrə razılığa gəldiyini təsdiqlədi və prosesin geri dönməz xarakter aldığını göstərdi.

Vaşinqton görüşünün mühüm siyasi nəticələrindən biri də ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar oldu. Bu addım uzun illər ərzində səmərə verməyən vasitəçilik modelinin iflasa uğradığının rəsmi etirafı kimi qiymətləndirilərək regionda yeni siyasi reallığın formalaşmasına yol açdı. Yeni mərhələdə isə proses birbaşa dialoq, suverenlik prinsipləri və real nəticələr üzərində qurulub. Bütün bunların fonunda sülh prosesinin praktiki nəticələri də özünü göstərdi. Ermənistan üçün tranzit imkanlarının açılması, yanacaq tədarükü məsələlərinin gündəmə gəlməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində addımlar atıldı. Eyni zamanda, vətəndaş cəmiyyəti nümayəndələri, ekspert dairələri və humanitar qurumlar arasında görüşlər intensivləşdi. Bütün bunlar rəsmi siyasi proseslə paralel olaraq cəmiyyətlərarası etimadın formalaşmasına xidmət edən mühüm amillərdir.

Bu kontekstdə TRIPP marşrutu postmünaqişə dövrünün yeni fəlsəfəsini əks etdirən layihə kimi ön plana çıxır. Sözügedən marşrut yalnız nəqliyyat dəhlizi deyil, həm də sülhün iqtisadi əsaslar üzərində möhkəmləndirilməsi vasitəsi kimi dəyərləndirilir. Azərbaycan üçün TRIPP tranzit potensialının genişlənməsi, ticarət əlaqələrinin inkişafı və iqtisadi qarşılıqlı asılılığın regional sabitliyin təminatçısına çevrilməsi deməkdir.

Digər bir vacib hadisə - 2025-ci ildə Prezident İlham Əliyevin Yaxın Şərq üzrə beynəlxalq sammitdə iştirakı Azərbaycanın diplomatik radiusunun genişlənməsinin növbəti göstəricisi oldu. Bu addım Azərbaycanın artıq yalnız Cənubi Qafqaz kontekstində deyil, daha geniş beynəlxalq təhlükəsizlik arxitekturası çərçivəsində qəbul edildiyini təsdiqlədi.

Beləliklə, başa çatmaqda olan 2025-ci il Azərbaycan üçün strateji quruculuq ili kimi xarakterizə oluna bilər. Səfər diplomatiyası, türk dünyasında fəal rol, Mərkəzi Asiya ilə yeni əməkdaşlıq formatları, ABŞ-la münasibətlərin yeni mərhələyə keçidi, sülh prosesində əldə olunan real nəticələr və ölkə daxilində keçirilən beynəlxalq tədbirlər vahid və ardıcıl model formalaşdırdı. Bu model Azərbaycanın dəyişən dünya nizamında suverenliyə, praqmatizmə və uzunmüddətli strateji baxışa əsaslanan müstəqil yolunu aydın şəkildə nümayiş etdirir.

Digər xəbərlər