Müasir dünyanın mürəkkəb geosiyasi mənzərəsində milli kimliyin qorunması və qlobal miqyasda vahid mövqedən çıxış etmək hər bir xalq üçün həyati əhəmiyyət daşıyır. Tarixin müxtəlif dövrlərində fərqli səbəblərdən dünyanın dörd bir tərəfinə səpələnmiş azərbaycanlıların taleyində isə bu məsələ daha dərin mənəvi və siyasi məzmun kəsb edir. Dünya azərbaycanlılarının həmrəyliyi yalnız etnik bağlılıq deyil, ortaq tarixi yaddaşın, milli-mənəvi dəyərlərin və dövlətçilik düşüncəsinin təntənəsidir. Bu ali ideyanın sistemli şəkildə formalaşması və dövlət siyasəti səviyyəsinə yüksəlməsi isə müasir Azərbaycan tarixində silinməz iz qoymuş Ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.
Dünya azərbaycanlıları dedikdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, lakin öz milli kimliyini, dilini, mədəniyyətini və tarixi yaddaşını qoruyub saxlayan milyonlarla azərbaycanlı nəzərdə tutulur. Tarixi, siyasi və sosial səbəblər nəticəsində formalaşmış bu geniş coğrafiya Avropa, Amerika, Asiya, Rusiya və Yaxın Şərq ölkələrini əhatə edir. Bu müxtəliflik fonunda əsas çağırış azərbaycanlıların milli-mənəvi dəyərlər ətrafında bir araya gətirilməsi, parçalanmanın deyil, birliyin təşviq olunmasıdır.
Azərbaycan xalqının həmrəylik ideyası dərin tarixi köklərə malikdir. Xüsusilə XX əsrin sonlarında Azərbaycanın müstəqillik qazanması bu ideyanı yeni siyasi və ideoloji müstəviyə çıxardı. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik ideyasının rəmzinə çevrildi. Lakin bu ideyanın davamlı, təşkilatlanmış və məqsədyönlü xarakter alması üçün güclü siyasi iradə və strateji baxış tələb olunurdu.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Onun siyasi baxışında diaspor fəaliyyəti spontan deyil, planlı, koordinasiyalı və milli maraqlara xidmət edən bir sistem kimi dəyərləndirilirdi. Ümummilli liderin əsas məqsədi dünya azərbaycanlılarını ideoloji baxımdan azərbaycançılıq məfkurəsi ətrafında birləşdirmək idi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu sahədə dönüş nöqtəsi oldu. Qurultay dünya azərbaycanlılarının təşkilatlanması, qarşılıqlı əlaqələrin gücləndirilməsi və vahid mövqedən çıxış etməsi baxımından tarixi əhəmiyyət daşıyırdı. Bu tədbir həm də Azərbaycanın diaspor siyasətinin institusional əsaslarını formalaşdırdı.
Ulu Öndər Heydər Əliyevin siyasi irsində azərbaycançılıq ideologiyası mərkəzi yer tutur. Bu ideologiya etnik, dini və regional fərqlərdən asılı olmayaraq bütün azərbaycanlıları vahid milli kimlik ətrafında birləşdirməyi hədəfləyir. Diaspor fəaliyyəti məhz bu ideoloji platforma üzərində qurulduqda daha effektiv və davamlı olur. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı özünü Azərbaycan dövlətinin ayrılmaz hissəsi hesab etməlidir.
Bu gün dünya azərbaycanlılarının həmrəyliyi təkcə emosional bağlılıq və milli duyğuların ifadəsi deyil, eyni zamanda Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə xidmət edən mühüm strateji amildir. Bu böyük ideyanın düşünülmüş siyasi konsepsiya səviyyəsinə yüksəldilməsi, təşkilatlanmış diaspor hərəkatına çevrilməsi və davamlı inkişaf xəttinə çıxarılması məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik fəlsəfəsinin bəhrəsidir. Lakin bu siyasi irsin qorunaraq yeni tarixi şəraitə uyğun şəkildə inkişaf etdirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi diaspor və həmrəylik siyasətini müasir dövrün çağırışlarına uyğun olaraq daha da dərinləşdirmiş, bu sahədə konkret və sistemli təşəbbüslərlə yeni mərhələnin əsasını qoymuşdur. Onun təşəbbüsü və siyasi iradəsi ilə keçirilən Dünya Azərbaycanlılarının qurultayları diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi, vahid fəaliyyət strategiyasının formalaşdırılması və milli maraqlar ətrafında koordinasiyanın təmin olunması baxımından mühüm platformaya çevrilmişdir.
Xüsusilə qlobal informasiya müharibəsinin kəskinləşdiyi bir şəraitdə cənab İlham Əliyev dünya azərbaycanlılarının informasiya məkanında daha fəal və məqsədyönlü çıxış etməsini strateji vəzifə kimi müəyyənləşdirmişdir. Bu yanaşma diasporun yalnız mədəni təmsilçilik funksiyasını deyil, eyni zamanda beynəlxalq ictimai rəydə Azərbaycanın mövqeyinin müdafiəsini ön plana çıxarmışdır. Dövlət başçısının rəhbərliyi ilə diaspor təşkilatları dezinformasiyalara qarşı mübarizədə, tarixi həqiqətlərin yayılmasında və milli mövqenin müdafiəsində daha çevik və təsirli mexanizmlərlə çıxış etməyə başlamışdır.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dünya azərbaycanlılarının həmrəyliyi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Postmüharibə mərhələsində Prezident İlham Əliyevin çağırışları dünya azərbaycanlılarını yalnız qələbə ətrafında deyil, eyni zamanda bərpa, quruculuq və ədalətli sülh ideyaları ətrafında birləşdirmişdir. Beləliklə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan həmrəylik ideyası Prezident İlham Əliyevin liderliyi ilə konkret siyasi təşəbbüslər, müasir informasiya strategiyaları və postmüharibə reallıqları fonunda daha da möhkəmlənərək dünya azərbaycanlılarını güclü Azərbaycan dövləti ətrafında birləşdirən sarsılmaz mənəvi-siyasi dayağa çevrilmişdir.
Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini