PDF Oxu

Siyasət

  • 1 275

Prezident İlham Əliyevin müsahibəsi gələcəyimizlə bağlı strateji yanaşma və yol xəritəsidir - Vüqar Rəhimzadə

image

Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halını alıb. Bu ənənəyə uğun olaraq Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına növbəti müsahibəsini verdi. Ötən ili tarixi il kimi dəyərləndirən Prezident İlham Əliyev vurğuladı ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini həm siyasi, həm iqtisadi müstəvidə görürük. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər uğurla irəliyə addımlamağa və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll etməyə imkan verir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın informasiya cəbhəsində üstünlüyünü qoruyaraq qazandığı diplomatik uğurlardan bəhs edib. Bildirib ki, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz 907-ci düzəlişin ləğvini xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bu məsələyə xüsusi diqqət yönəltdi. Prezident İlham Əliyevin ötən ilin 8 avqust tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində əldə olunan mühüm razılaşmalardan biri məhz ədalətsiz 907-ci düzəlişin ləğvi oldu. Bu düzəlişin tətbiq edildiyi dövrün reallıqları məlumdur. Həmin illərdə ölkəyə rəhbərlik edən ünsürlərin Azərbaycanı hansı duruma saldıqları tariximizin faciəli səhifəsi kimi daim vərəqlənir. Hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünü dövlətin deyil, özlərinin şəxsi maraqları düşündürürdü. Təsadüfi insanların hakimiyyəti zəbt etməsi Azərbaycanı məhvə doğru aparırdı. Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni diasporunun, anti-Azərbaycan qüvvələrin yalanlarının ayaq tutub yeriməsinə yol açmışdı. ABŞ Konqresi belə bir şəraitdə Azərbaycana qarşı ədalətsiz qərarı tətbiq etdi.

Dövlət başçısı İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. O vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək. Məsələnin ikinci tərəfi o idi ki, ölkəmizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt torpaqlarımız artıq işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı, xalqımıza qarşı hərbi cinayət törədilmişdi. Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi. Hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil xarici siyasətinin əsas tərkib hissələri olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında mühüm uğurlara imza atıldı. D-8 təşkilatına üzv qəbul olunduq. Azərbaycanın bu təşkilatda artıq rəsmən iştirakı bizə göstərilən hörmətin əlamətidir və dövlətimizin apardığı müstəqil siyasətin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz dərhal fəal işlərə başladı. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Bu da nadir hadisə sayıla bilər. Çünki coğrafi nöqteyi-nəzərdən Azərbaycan Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşir. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər.

Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə, onların liderlərinin Azərbaycana çoxsaylı səfərləri, Prezidentimizin beynəlxalq tədbirlərdə iştirakı, qlobal çağırışların yerinə yetirilməsində Azərbaycanın mövqeyinə xüsusi önəmin verilməsi və sair kimi məqamlar da xarici siyasətimizin uğurları sırasındadır. Ötən il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü, Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, Xankəndidə Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu və sair kimi beynəlxalq tədbirlər keçirildi. Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biridir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə Görüşünün keçirilməsinin təşəbbüsçüsü də Azərbaycan Prezidenti İlham Əliyevdir. Həmin təşəbbüsə uyğun olaraq ötən il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirildi.

Millət vəkili ötən ilin iqtisadi uğurlarına da diqqəti yönəldib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd etdi ki, ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqil olduğuna və hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir. Bir neçə il bundan əvvəl xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. “Rəqəmlər, əlbəttə ki, vacibdir, lakin ən önəmlisi insanların gündəlik həyatı və ölkənin iqtisadi imkanlarıdır” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, iqtisadiyyat nə qədər böyükdürsə, hər bir faiz artımının dəyəri də bir o qədər yüksək olur. Belə ki, iqtisadiyyatın həcmi təxminən 70-80 milyard ABŞ dolları olduqda, hər bir faiz artımı demək olar ki, 1 milyard dollar edir. Bu 1 milyard dolları cəmi bir il ərzində əldə etmək isə asan məsələ deyil: “Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm. Əsas odur ki, iqtisadiyyatımız əhali üçün daha yaxşı yaşayış şəraiti yaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiə qabiliyyətinə investisiya qoymağa və ümumilikdə, iqtisadiyyatımızı daha da gücləndirməyə imkan versin”. Sözügedən müsahibədə Azərbaycanın qaz ixracı sahəsində qazanılan uğurlara da diqqət yönəldildi. Reallıq budur ki, həcm və coğrafiya baxımından qaz ixracımız artır. Azərbaycan indiyədək 11-i müntəzəm əsasda olmaqla 14 ölkəni qazla təchiz edib. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunaraq onların sayı 16 olacaq. Dövlət başçısının vurğuladığı kimi, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub.

Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimizin reallıqları fonunda əsas hədəflərdən biri məhz Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Prezident İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət yönəltməsin. Dövlət başçısının qeyd edilən müsahibəsi də bu baxımdan diqqətdədir. Prezident İlham Əliyev bu çağırışı etdi ki, əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır. Bu gün artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkün deyil. Bu il orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq. İnfrastruktur layihələri icra edildikcə evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir.

Millət vəkili qeyd edib ki, sözügedən müsahibə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, həmçinin onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatı oldu. Diqqət ötən il tarixi Zəfərimizin beş illiyi ilə əlaqədar olaraq Bakının Azadlıq meydanında keçirilən hərbi parada yönəldilərək ordu quruculuğu istiqamətində atılan addımlardan bəhs edildi. Dövlət başçısı İlham Əliyev bu rəqəmlərə açıqladı ki, keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, həm də artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur.

Ölkə Prezidenti, həmçinin Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqların fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsindən, hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsindən, Azərbaycanın bu istiqamətdə fəaliyyətindən, nəqliyyat və turizm imkanlarımızdan, ölkələr, xalqlar arasında körpü rolumuzdan, Azərbaycan dilinin inkişafından, elm və təhsil sahəsində mövcud durumdan, “qara qızıl”ın insan kapitalına çevrilməsindən, işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən təkmil idarəçilik sistemindən və sair mühüm məsələlərdən geniş bəhs etdi. Dövlət başçısı bildirdi ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə bildirib ki, atılan bütün addımlar müasir müstəqil, qalib Azərbaycanın gələcəyinə xidmət edir. Azərbaycan ən sabit, təhlükəsiz ölkələr sırasındadır. Ölkəmizin hərtərəfli inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Şəffaflığın təmin edilməsi əsas prioritetlər sırasındadır. Prezident İlham Əliyev müsahibəsində bir daha bu çağırışı etdi ki, hər halda ümumi inkişafımız üçün hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq. Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olub.

Digər xəbərlər