"Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun çərçivəsində fəal şəkildə iştirak edərək bir sıra ikitərəfli görüşlər keçirdi və onun üçün nəzərdə tutulmuş panel iclaslarında çıxış etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, həmin panellərdə Azərbaycanın iqtisadi potensialı, enerji sahəsi, xüsusilə yaşıl enerji və külək enerjisi, eləcə də digər istiqamətlər üzrə imkanları ətraflı şəkildə açıqladı: "Eyni zamanda investorları Azərbaycana dəvət etdi və ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırdı.Ümumilikdə bu cür panellərdə ölkələr, eləcə də həmin ölkələrin iqtisadi, siyasi və digər sahələrdəki imkanları barədə geniş məlumatlar təqdim olunur. İştirakçı ölkələrin nümayəndələri çıxışlar vasitəsilə birbaşa informasiya əldə edir, xüsusilə dövlətin birinci şəxsinin dilindən ölkədəki sabitlik, iqtisadi dayanıqlılıq və inkişaf perspektivləri barədə dolğun təsəvvür formalaşdırırlar. Bu isə növbəti mərhələdə həmin ölkələrlə əməkdaşlıq əlaqələrinin qurulmasına zəmin yaradır.Bu baxımdan Prezidentin panel iclaslarında iştirakı və çıxışları Azərbaycanın beynəlxalq iqtisadi forumda müxtəlif sahələr üzrə cəlbedici bir ölkə olduğunu nümayiş etdirdi. Düşünürəm ki, bu çıxışlar Azərbaycanın gələcəkdə iqtisadi istiqamətdə öz maraqlarını daha effektiv şəkildə təmin etməsinə, eləcə də investorların ölkəyə cəlb olunmasına imkan yaradacaq.Bu müstəvidə cənab Prezident həm siyasi, həm iqtisadi, həm təhlükəsizlik, həm də yaşıl enerji istiqamətlərində kifayət qədər ciddi və məzmunlu çıxışlar etdi. Eyni zamanda regional və beynəlxalq məsələlərə də toxundu, bir sıra məqamlarda Azərbaycanın sülhün tərəfdarı olduğunu açıq şəkildə bəyan etdi.Bir sözlə, Azərbaycan Prezidentinin panel iclaslarında iştirakı və çıxışları ölkəmizin milli maraqları baxımından olduqca əhəmiyyətli və strateji önəm daşıyan bir mövqe kimi qiymətləndirilə bilər".
Müəllif: Günel Fərzəliyeva