PDF Oxu

  • 5

Strateji dialoq: gələcəyə baxış və perspektivlər - ŞƏRH

Strateji dialoq: gələcəyə baxış və perspektivlər - ŞƏRH

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin (J.D. Vance) Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşdən sonra hər iki tərəf mətbuata bəyanat verib. Çıxışlarda Azərbaycan ilə ABŞ arasında münasibətlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, görülən işlərin nəticəsində strateji tərəfdaşlığın yeni imkanlar yaratdığını bildirdi. Ölkə başçısı xüsusilə strateji tərəfdaşlıq, regional təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd etdi. Azərbaycanın regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verdiyini və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla işləməyə hazır olduğunu bildirdi. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi məsələlərinin ön planda olduğu diqqətə çatdırıldı.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ABŞ-ın Vitse-prezidenti ilə keçirilən görüşdən sonra mətbuata açıqlamasında səfərin xüsusi əhəmiyyə malik olduğunu və iki ölkə arasında münasibətlərin inkişafı baxımından yeni mərhələyə qədəm qoymasını bildirdi. Azərbaycan və ABŞ arasında əməkdaşlıq müxtəlif sahələrdə uğurla davam edir və bu əlaqələr qarşılıqlı maraqlara əsaslanır.Cənab Prezident həmçinin regionda davamlı sülhün və sabitliyin təmin olunmasının prioritet məsələ olduğunu qeyd etdi. Azərbaycanın bu istiqamətdə konstruktiv mövqe sərgilədiyini bildirdi.

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri sıradan diplomatik təmas kimi qiymətləndirilmir. Qlobal geosiyasi gərginliyin artdığı, enerji təhlükəsizliyinin gündəmdə olduğu bir dövrdə ikitərəfli görüş xüsusi məna kəsb edir. Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat da göstərdi ki, Bakı ilə Vaşinqton arasında dialoq artıq daha geniş müstəviyə keçir. Eyni zamanda Vaşinqton, Bakı ilə münasibətlərin gücləndirilməsində maraqlıdır. Bu həm enerji təhlükəsizliyi, həm də regionda balansın qorunması baxımından aktual məsələyə çevrilmişdir. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanın etibarlı tərəfdaş, sabit enerji təminatçısı və strateji tranzit mərkəzi kimi ön planda dayanması artıq təsadüfi seçim deyil, zərurət kimi qəbul olunur. Ümumilikdə bəyanatda iki ölkə arasında qarşılıqlı etimadın, münasibətlərin yeni mərhələyə qədəm qoyduğu və gələcəkdə əməkdaşlığın daha da dərinləşdiriləcəyi mesajı verilir. Tarixi kontekstə nəzər salsaq, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb və həmin dövrdən etibarən ölkələr arasında diplomatik münasibətlər yeni tərəfdaşlıq dövrünün başlanğıcı kimi səciyyələnir. Əvvəllər strateji maraq əsasən enerji üzərində qurulmuşdu. Eyni zamanda Azərbaycanın geoiqtisadi tranzit potensialı indiki qədər gündəmdə deyildi. Yeni dövrdə isə regiolnal sabitlik və diplomatik proseslər ön plana çıxaraq çoxşaxəli əməkdaşlıq modeli formalaşdırdı.

44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar müşahidə olunmağa başladı. Azərbaycan regionda faktiki hərbi-siyasi üstün mövqeyə keçdi. Azərbaycanın mövqeyi gücləndi. Orta Dəhliz strateji əhəmiyət qazandı, münasibətlər daha çox geoiqtisadi və strateji xarakter aldı. Azərbaycan dünyada təkcə enerji tərəfdaşı kimi deyil, həm də Avrasiya tranzit xəritəsində strateji iqtisadi qovşaq kimi qiymətləndirilməyə başlandı.

Xüsusilə qeyd etmək lazımdır ki, bütün bunlar ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanın tranzit potensialına malik olması coğrafi amillərə əsaslanır. Bu amillərin real geoiqtisadi üstünlüyə çevrilməsi isə məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. İnfrastrukturun qurulması, regional təşəbbüslər, nəqliyyatın paralel inkişafı Qərb üçün Azərbaycanı təkcə potensial tranzit ölkə deyil, eyni zamanda hazır mexanizmi olan strateji logistika qovşağına çevirdi. Bu gün Azərbaycan təkcə enerji tərəfdaşı deyil, regionda və dünya miqyasında Orta Dəhlizin aparıcı mərkəzi, Avrasiya tranzit xəritəsində mühüm iqtisadi qovşaq kimi tanınır. Sadalanan reallıqlar fonunda bir məqamı xüsusilə diqqətə çatdıraq ki, Azərbaycan artıq regional siyasətin passiv iştirakçısı deyil, regionda söz sahibidir. Ölkə, təşəbbüs irəli sürən, sabitliyin şərtlərini formalaşdıran və beynəlxalq platformalarda öz mövqeyini nümayiş etdirən tərəfdir. ABŞ ilə artan dialoq da bu siyasi çəkini daha da möhkəmləndirir. Vitse-prezident Vens öz növbəsində bildirib ki, ABŞ Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu görüş Azərbaycan əlaqələrində yeni fəslin başlanğıcını simvolizə edir. “Möhtəşəm” adlandırdığı Azərbaycan səfərindən məmnunluğunu ifadə edən Vitse-prezident Vens, Azərbaycanın dövlət başçısı ilə regional və qlobal məsələləri müzakirə etdiyini vurğulayıb.

Nəticə etibarilə, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, iki ölkə arasında dərinləşdirilmiş əməkdaşlıq müzakirəsi, regional sülh və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi ilə yadda qalıb.

Məhsəti Məmmədova

YAP Yasamal rayon “H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər