1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri – Xocalı soyqırımı baş verdi. Qarabağ münaqişəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən hücum nəticəsində yüzlərlə dinc sakin – qadınlar, uşaqlar və qocalar amansızlıqla qətlə yetirildi. Bu qanlı hadisə Azərbaycanın müstəqillik tarixində silinməz iz buraxdı və xalqımızın yaddaşına ən ağır faciələrdən biri kimi həkk olundu.
Xocalı şəhəri strateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyırdı. 1992-ci ilin fevralında şəhər mühasirəyə alınmış, sakinlər uzun müddət ərzaq və tibbi yardımdan məhrum edilmişdi. Fevralın 25-dən 26-na keçən gecə həyata keçirilən hücum zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, yüzlərlə insan yaralandı və əsir götürüldü. Ailələr tamamilə məhv edildi, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirdi. Bu hadisə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və insanlığa qarşı cinayət kimi tarixə düşdü.
Xocalı faciəsi uzun illər ərzində Azərbaycan dövlətinin və xalqının beynəlxalq aləmdə ədalət axtarışının əsas istiqamətlərindən biri oldu. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsinə nail oldu. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü ildə Xocalı hadisələrini soyqırımı kimi tanıdı. Sonrakı illərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar bu faciəni pisləyən qərarlar qəbul etdilər.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi. Bu tarixi Qələbə yalnız hərbi-siyasi nailiyyət deyil, eyni zamanda 30 ilə yaxın həsrətində olduğumuz ədalətin bərpası idi. Xocalı qurbanlarının qanı yerdə qalmadı və xalqımızın ləyaqəti bərpa olundu.
Qələbədən sonra Prezident İlham Əliyevin Xocalıya səfəri xüsusi rəmzi məna daşıyırdı. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə, o cümlədən Xocalıya gəlişi, burada Azərbaycan bayrağını ucaltması milli qürur və ədalətin təntənəsinin ifadəsi idi. Bu səfər təkcə siyasi hadisə deyil, həm də mənəvi zəfərin təcəssümü oldu. Xocalıda aparılan bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, yaşayış evlərinin tikintisi göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarını doğma torpaqlarına qaytarmaqda qətiyyətlidir.
Bu gün Xocalı artıq yalnız faciə simvolu deyil, həm də dirçəliş və ümid rəmzidir. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, məktəblər, yollar, sosial obyektlər inşa olunur. Prezident İlham Əliyevin Xocalıya səfəri zamanı verdiyi mesaj aydın idi: Azərbaycan öz tarixi torpaqlarında əbədi yaşayacaq və belə faciələrin bir daha təkrarlanmaması üçün güclü dövlət quruculuğunu davam etdirəcək.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Bu faciə həm kədər, həm də milli birliyimizin, mübarizə əzmimizin simvoludur. Qələbədən sonra Xocalıya edilən səfər isə göstərdi ki, zaman keçsə də, ədalət gec-tez zəfər çalır. Xocalıdan başlayan ağrı dolu yol bu gün Zəfərlə davam edir və Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etməyin qürurunu yaşayır.
Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri