PDF Oxu

Siyasət

  • 539

Qazaxda şəhidlərin xatirəsi yad edilib - FOTOLAR

image

03 aprel 2026- cı il tarixdə YAP Qazax rayon təşkilatı və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın şanlı hərb tarixinə "Aprel döyüşləri” kimi yazılmış, Möhtəşəm Qələbənin təməlinin qoyulduğu Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş "Aprel döyüşləri ən yeni tariximizin qəhrəmanlıq salnaməsidir!" mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl YAP Qazax rayon təşkilatının, Qazax rayon İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları, Aprel döyüşləri şəhidlərinin ailə üzvləri və partiya fəalları 2016-cı il Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmiş Qazax rayonunun 3 nəfər igid oğlunun - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun uyuduğu qəbristanlıqlara baş çəkiblər, qəhrəman oğullarımızın qəbirlərini ziyarət edərək, tər qərənfillər düzüblər, şəhidlərin ruhuna dualar oxunub.

Tədbir Qazax şəhərinin mərkəzindəki Şəhidlər Xiyabanında davam etdirilib, Şəhidlər Xiyabanı ziyarət edilib, abidə kompleksinin önünə tər qərənfillər düzülüb.

YAP Qazax rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax RİH başçısının müavini Gulaya Həsənova, Qazax rayon İcra Hakimiyyəti Başçısının Aparatında sektor müdiri, Aprel döyüşlərinin iştirakçısı, müharibə əlili Samir Çobanov, şəhid atası Elxan Abdullayev, partiya fəalı Fəridə Xudiyeva, rayon təşkilatının sədr müavini Paşa Hadıyev çıxış ediblər.

Çıxış edənlər qeyd ediblər ki, Aprel döyüşlərindən 10 il ötsə də, şanlı Qarabağ salnaməsinin ilk səhifələrinin yazıldığı bu günləri xalqımız böyük qürur hissi ilə xatırlayır, həmişə qəhrəman şəhidləri böyük ehtiramla yad edir. Bildirilib ki, bu gün bütün şəhidlərin ruhu şaddır, çünki onların qanı yerdə qalmayıb, qisası artıqlaması ilə alınıb. Öz canları, qanları bahasına şərəfli tarix yazan bu oğullar heç zaman unudulmayacaq və belə qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu bütün gənclərimizə, hər bir azərbaycanlıya bir örnəkdir.

Natiqlər əminliklə vurğulayıblar ki, Möhtərəm Prezident İlham Əliyev cənablarının uzaqgörən, milli maraqlara söykənən müdrik siyasəti nəticəsində 2026 - cı il də müstəqil, suveren Azərbaycanımızın şanlı dövlətçilik tarixində çox uğurlu, yaddaqalan, önəmli bir il olacaqdır!

Tədbirin sonunda Partiya veteranı, şair Cavanşir Rüstəm və Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.

Digər xəbərlər