Xalqımız bu il ermənilərin 1992-ci il fevralın 26-da xalqımıza qarşı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü qeyd etdi. Bütövlükdə XX əsrin bəşəriyyətə qarşı ən böyük və dəhşətli qanlı cinayətlərindən biri olan bu faciəni biz xalq olaraq heç vaxt unutmayacağıq, çünki, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il fevralın 26-da Xocalı Soyqırımı Memorialının təməl qoyma mərasimində çıxışında dediyi kimi: “…Hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq…” Biz dünyanın bəşər sivilizasiyasına özünün zəngin mədəni irsi ilə mühüm töhfə vermiş ən humanist, ən mədəni, ən tolerant, ən insanpərvər, multikultural xalqlarından biriyik – biz həqiqətən insanıq, Xocalı soyqırımını törədən insan cildindəki “vəhşi qəbilə” canlılarından fərqli olaraq.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sözləri ilə desək: “…Biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik”. Lakin Xocalı qurbanları qarşısında bu soyqırımı, onları unutmamaq kimi bir mənəvi borc – həm də tarixi missiya daşıyırıq – bu missiya xalqımızın daş yaddaşında əbədi yaşatmaq üçün Xocalı həqiqətlərini gələcək nəsillərə ötürməyi, bütün dünyada “Xocalıya ədalət”in təminini bəşəriyyətin vicdani borcuna çevirməyi özündə ehtiva edir.
Bu baxımdan bu il Prezident İlham Əliyev tərəfindən fevralın 26-da – soyqırımın 34-cü ildönümündə Xocalı şəhərində ucaldılmış Xocalı Soyqırımı Memorialının açılışı mərasiminin keçirilməsi tarixi, siyasi və mənəvi baxımdan böyük əhəmiyyəti olan bir hadisədir. Memorialın açılışı 30 illik diplomatik və hərbi mübarizənin məntiqi yekununun təqdimat mərasimi səciyyəsində idi. Prezidentimizin mərasimdəki çıxışı sadəcə bir anım memorialının açılış nitqi kimi protokol nitqi deyil, daha çox Azərbaycanın yeni dövrünün tarixi yaddaşın bərpasının və ədalətin təntənəsi üçün bugünədək gəlinən siyasi mərhələnin təhlili və indiki və bundan sonrakı daxili və xarici siyasətimizin “strateji manifesti” kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti Memorialın məhz hadisənin baş verdiyi məkanda – Xocalıda inşa edilməsi ilə Xocalı faciəsinin “ağrı və məğlubiyyət” simvolundan “qisas və ədalət” rəmzinə transformasiya etdiyini göstərdi: “Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu”.
Dövlət başçımızın nitqində hüquqi və mənəvi cavabdehlik məsələsi mühüm yer tutdu. Prezident Xocalı qatillərinin bir qisminin artıq Bakıda ədalət qarşısında cavab verdiyini xatırlatmaqla, “gecikmiş, lakin qaçılmaz ədalət” mənəvi-hüquqi imperativinin beynəlxalq ictimaiyyətə nümayiş etdirildiyini vurğuladı. Burada Prezident beynəlxalq hüququn “cəzasızlığa qarşı mübarizə” prinsipinə istinad edərək, beynəlxalq qurumlara mesaj vermiş olur: Nürnberq prosesindən, Yuqoslaviya və Ruanda tribunallarından fərqli olaraq, Xocalıya, azərbaycanlılara qarşı digər cinayətlərə münasibətdə ayrı-seçkiliyi və ədalətsizliyi nümayiş etdirərək sizin bərpa etmədiyiniz ədaləti biz öz gücümüzlə bərqərar etdik. Azərbaycanın Xocalı qatillərinin və digər separatçı rəhbərlərin 30 ildən sonra saxlayaraq məhkəmə prosesinə cəlb etməsi “ədalətin qaçılmazlığı” praktiki icrası, “gecikmiş ədalət”in təkcə beynəlxalq məhkəmələr tərəfindən deyil, həm də suveren dövlətin öz gücü və hüquqi iradəsi ilə bərpa oluna biləcəyini göstərən bir modeldir. Bu, həm də revanşist qüvvələrə bir mesaj idi: Azərbaycan dövləti öz xalqına qarşı törədilmiş heç bir cinayəti unutmur və bağışlamır, “gecikmiş ədalət”i bərpa etməklə beynəlxalq hüquqi nizamı bərpa etməyi də bacarır. Eyni zamanda dövlət başçımız elə öz nitqinin başlanğıcında faciənin başlıca cavabdeh tərəfini də aydın göstərdi: “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır”. Göründüyü kimi, söhbət bu dövlətdəki hansısa cinayətkar iqtidarlardan yox, məhz Ermənistan dövlətindən gedir – Xocalı soyqırımına və xalqımıza qarşı törətdiyi digər qanlı cinayətlərə görə məsuliyyət dünən olduğu kimi, bu gün də, gələcəkdə də daim bu dövlətin üzərindədir.
Prezidentin çıxışında kədər deyil, qalibiyyət və quruculuq ruhu hakim idi. O, Xocalının yenidən qurulmasını, əhalinin doğma yurduna qayıtmasını soyqırımı törədənlərin ideoloji məğlubiyyəti kimi xarakterizə etdi. Memorialın həm də gələcək nəsillər üçün bir yaddaş mərkəzi və araşdırma platforması olacağı qeyd olundu: “Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”.
Çıxışda eyni zamanda münaqişənin bütün tarixi ərzində, hətta ondan sonrakı dövrdə də bu faciəyə səssiz qalan beynəlxalq qurumları və dövlətləri dolayısı ilə tənqid etdi. Azərbaycanın ədaləti beynəlxalq təşkilatların köməyi ilə deyil, öz hərbi-siyasi gücü ilə bərpa etdiyi xüsusi vurğulandı. “Xocalıya Ədalət!” kampaniyasının yeni müstəviyə keçdiyi – artıq ədalətin tələb deyil, bərpa olunduğu qeyd edildi. Bütövlükdə Memorialın açılışı özlüyündə baş verən faciəninin heç vaxt unudulmayacağının bariz rəmzi olsa da, Azərbaycan lideri növbəti dəfə əslində sülhün dayanıqlı olmasının əsas şərtlərindən birinin də ermənilərin xalqımıza qarşı tərətdiyi qanlı faciələrin unudulmaması və dövlətimizin daim güclü olduğuna işarə vurdu: “O vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu, müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın”.
2023-cü ilin sentyabrınadək 30 ildən çox müddət ərzində Xocalı Azərbaycan xalqı üçün “sağalmayan yara” və “itirilmiş yurd yeri” rəmzi olub. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi bütün fikirlər milli psixoloji transformasiyanın zirvəsidir. Ümumiyyətlə, Vətən müharibəsindəki möhtəşəm Zəfərdən sonra dövlət başçımızın bütün fəaliyyəti, çıxışları, nitqləri xalqımızın kollektiv şüurundakı qurban psixologiyasını tamamilə sındırır və onu qalibiyyət ruhu ilə əvəz edir. Öz növbəsində, Xocalı Soyqırımı Memorialı da artıq bir matəm ab-havasından çox milli-mənəvi gücün nümayiş mərkəzi kimi təqdim olundu. Bu, praqmatik realizm nümunəsidir – Prezident bir tərəfdən tarixi yaddaşın qorunmasını (Memorialın funksiyası), digər tərəfdən isə regionmuzda yaranmış yeni reallıqlarını önə çəkdi, keçmişdəki faciələrin təkrarlanmaması üçün emosional bəyanatları deyil, “Dəmir yumruq” (hərbi güc) amilinin hər zaman aktual və hazır olması zərurətini ifadə etdi. Başqa sözlə, Azərbaycan öz təhlükəsizliyini artıq kağız üzərindəki bəyanatlarda, icra olunmayan qətnamələrdə deyil, öz real siyasi gücündə və hərbi potensialında görür.
Bir sözlə, Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki nitqi “Qalib dövlətin Müzəffər Liderinin uğur hesabatı” idi. Bu, təkcə torpaqlarımızın deyil, həm də ləyaqətimizin və tarixi yaddaşımızın tam bərpa edildiyini ifadə edən, müasir Azərbaycan dövlətinin qüdrəti ilə bağlı bəyanat idi: “Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir”.
Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki nitqi Azərbaycanın yeni dövlətçilik erasının daha bir çağırışı kimi səslənir. Memorialın açılışı ilə keçmişlə bağlı daha bir mənəvi borc ödənildi və bütün diqqət artıq Böyük Qayıdışın uğuruna yönəldi. Bu nitq xalqa fəxarət, düşmənə çəkindirici, dünyaya isə yeni reallıqları qəbul etmək mesajı idi.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent