Dünya düzəni gərginləşməkdə davam etdiyi müşahidə edilir. Müharibələr, münaqişələr, daxili qarşıdurmalarla bəşəriyyətin varlığına təhlükə olan gərginliklərə Pakistan-Əfqanıstan müharibəsi də əlavə olunmaqdadır. Verilən məlumatlara görə, hazırda iki ölkə arşında qanlı savaş gedir. Hər iki tərəfdən ölən və yaralananların olması barədə xəbərlər yayılır. BMT-nin məlumatına görə, Pakistanın Əfqanıstan ərazisinə hava hücumları başlatması və nəticədə 13 mülki şəxsin ölümünə səbəb olmasından sonra gərginlik ötən həftəsonu daha da artıb. Pakistan iddia edir ki, Əfqanıstan öz ərazisində terrorçuların sərbəst şəkildə təlim keçməsinə və fəaliyyət göstərməsinə icazə verir və oradan uzun və nisbətən zəif qorunan sərhəd boyunca hücumlar təşkil edirlər. Kabil ittihamları rədd edir və İslamabadı öz daxili təhlükəsizlik uğursuzluqlarını başqalarının üzərinə atmaqda ittiham edir.
Fevralın 27-də Pakistanın müdafiə naziri Xavaca Asif Kabil və Qəndəharda hava hücumları və qarşılıqlı terrorizm ittihamları fonunda Əfqanıstanda Taliban hökumətinə açıq müharibə elan edib. Hər iki tərəf onlarla itki və ələ keçirilən mövqelər barədə məlumat verir və eskalasiya getdikcə sürətlənir. Təbii ki, belə vəziyyətin yaranması arzuedilən deyil. Birincisi, yenə də daha çox zərər görən mülki insanlar olacaq. İkincisi isə, iki müsəlman qonşu dövlətin üz-üzə gəlməsi yalnız bədxahları qane edə bilər. Xüsusilə də Ramazan ayında belə bir toqquşmanın baş verməsi islami dəyərlərə və istəklərə ziddir. Ümumilikdə müsəlman dünyası Pakistanla Əfqanıstan arasında qarşıdurmanın yaranmasından narahatdır və bu narahatlıqlarını hər iki dövlətin rəhbər şəxslərin diqqətinə çatdırırlar. Bir qədər əvvəl hər iki dövlət arasında hərbi toqquşma baş verən zaman Qətərin, Türkiyənin və Səudiyyə Ərəbistanın fəal müdaxiləsi, danışıqları nəticəsində vəziyyəti sabitləşdirməyə nail olmuşdular. Bir neçə aydır davam edən danışıqları daimi sülhlə əvəz etmək mümkün olmadı. Artıq hər iki tərəf bir-birinə qarşı dağıdıcı gücə malik silahlardan istifadə etməyə başlayıblar. Pakistan mediasının məlumatına görə, milli ordu 26 fevral axşamından bəri bu xətt boyunca bir neçə Əfqanıstan nəzarət məntəqəsini ələ keçirib, lakin Kabil də oxşar nəticələr barədə məlumat verib. Tələfat rəqəmləri də hələ təsdiqlənməyib. Pakistan atəşkəsdə ən azı 133 əfqan döyüşçüsünün öldürüldüyünü iddia edir, digər tərəf isə 55 Pakistan əsgərinin öldürüldüyünü bildirir.
Əfqanıstan silahlı qüvvələri Pakistanın nüvə obyektini hədəfə alıb
Bu arada TASS Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasına istinadən bildirib ki, yeni hücum Pakistan hava qüvvələrinin Kabilə, eləcə də Qəndəhar və Paktiya əyalətlərindəki hədəflərə etdiyi hücuma cavab olaraq həyata keçirilib. Ariana News sosial mediada Əfqanıstan silahlı qüvvələrinin Pakistandakı nüvə obyektinə hücum etdiyini bildirib."Kokal rayonundakı (Xeybər Paxtunxva əyaləti) hərbi mərkəzə və başqa bir nüvə obyektinə endirilən zərbələrdən sonra yüzlərlə ölü və yaralı İslamabaddakı PIMS Xəstəxanasına aparılıb", - deyə Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Nə baş verir, nədən iki müsəlman qonşu dövlət bir-birinə qarşı düşmən kəsilib? Məsələyə aydınlıq gətirərkən MGIMO-nun Şərqşünaslıq kafedrasının professoru Sergey Lunev bildirib ki, Əfqanıstan və Pakistan arasındakı münaqişənin kökləri 19-cu əsrdə, Britaniyanın regionda müstəmləkə hakimiyyəti dövrünə gedib çıxır. Britaniya Hindistan ilə Əfqanıstan arasında Durand xətti çəkib və ölkələr müstəqillik qazandıqda ərazi mübahisələri yaranıb. Şərqşünasın sözlərinə görə, bu gün regionda böyük müharibə gözlənilmir.
TOLO News-un məlumatına görə, Əfqanıstan Ali Liderinin sözçüsü Zəbihullah Mücahid Pakistan hərbi hədəflərinə qarşı genişmiqyaslı cavab əməliyyatının başladığını elan edib. O, bunun Kabil, Qəndəhar və bir sıra digər əyalətlərdəki hava hücumlarına cavab olaraq olduğunu bildirib. Əfqanıstan hakimiyyətinə yaxın media orqanları əməliyyatın Ali Liderin əmri ilə həyata keçirildiyini iddia edirlər. Əl-Cəzirənin məlumatına görə, hər iki tərəf əhəmiyyətli itkilər və döyüşlərin davam etdiyini bildirir. Əfqanıstan Müdafiə Nazirliyi Durand Xətti boyunca əməliyyatlar zamanı 55 Pakistan əsgərinin öldürüldüyünü, Əfqanıstan qüvvələrinin isə iki mövqe və 19 nəzarət məntəqəsini nəzarətə götürdüyünü bildirib. Nazirlik həmçinin toqquşmalarda səkkiz əfqan əsgərinin öldüyünü, daha 11 nəfərin yaralandığını bildirib. Bundan əlavə, Nəngərhar əyalətindəki qaçqın düşərgəsinə raket zərbəsi nəticəsində 13 mülki şəxs yaralanıb. Əl-Cəzirənin müxbiri də Kabildə güclü partlayış, ardınca paytaxtda şiddətli atışma baş verdiyini bildirib. Pakistan rəsmiləri fərqli rəqəmlərə istinad edirlər. Ölkənin informasiya naziri 27 Taliban mövqeyinin məhv edildiyini və daha 9-unun ələ keçirildiyini bildirib. O, əlavə edib ki, 133 əfqan yaraqlısı öldürülüb, 200-dən çoxu yaralanıb və Pakistanın əks-hücumu davam edir.
Pakistanın müdafiə naziri vurğulayıb ki, İslamabad həm birbaşa, həm də dost dövlətlər vasitəsilə vəziyyəti sabitləşdirmək üçün səylər göstərib. Baş nazir xalqın və silahlı qüvvələrin dövlətin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa hazır olduğunu bildirib."Biz həmişə sülh üçün çalışmışıq, amma ölkənin birliyi..." "Güzəştə gedib silahlı qüvvələr istənilən təcavüzə qətiyyətlə müqavimət göstərəcək", - deyə o qeyd edib.
Beynəlxalq aləm hərəkətə keçdi
Bu arada beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlərin başçıları müharibənin dayandırılması üçün Əfqanıstan və Pakistan rəhbərləri ilə intensiv telefon danışıqları aparırlar. Rusiya tərəfləri dərhal atəşkəs elan etməyə və danışıqlara başlamağa çağırıb. Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Rusiya xarici işlər nazirinin müşaviri Zamir Kabulov RİA Novosti agentliyinə bildirib: "Biz qarşılıqlı hücumlara tez bir zamanda son qoyulmasını və fikir ayrılıqlarının diplomatik yolla həllini dəstəkləyirik".BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk də gərginliyin azaldılmasına çağırıb. O qeyd edib ki, sərhəd toqquşmaları və hava hücumları artıq itkilərə səbəb olub və siyasi həll tələb edir."Vəziyyət təcili siyasi dialoq tələb edir, daha da güc tətbiqini deyil", - deyə o bildirib.
BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) məlumatına görə, 2025-ci ilin ilk üç ayında ölkədə 70 mülki şəxs həlak olub, 478 nəfər yaralanıb. Türkün sözlərinə görə, bu həftə yenidən itkilər qeydə alınıb: Pakistanın hava hücumları nəticəsində 13 mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.
Ümid edir və istək ifadə edirik Əfqanıstanla Pakistan müharibə ocağının genişlənməsinə imkan verməyəcəklər. Qısa müddətdə savaş sona çatacaq və problemi masa ətrafında müzakirələr yolu ilə aradan qaldıracaqlar.
İLHAM ƏLİYEV