PDF Oxu

Siyasət

  • 983

Ədalətli müharibə, mütləq qələbə ŞƏRH

image

Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağını azad edərək özü təmin etsin, həm də müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxarsın. Tarix göstərir ki, belə nümunələr çox azdır. Çünki müharibələr adətən ya uzun illər davam edən siyasi qeyri-müəyyənliklə nəticələnir, ya da qalib tərəf belə tam hüquqi və siyasi nəticə əldə edə bilmir.Azərbaycan isə bu baxımdan istisna təşkil edən dövlətlərdəndir. Uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə baxmayaraq torpaqları işğal altında qalan Azərbaycan dövləti səbirli, ardıcıl və prinsipial siyasət apardı. Diplomatik müstəvidə haqq səsini ucaltdı, eyni zamanda güclü ordu quruculuğu prosesini həyata keçirdi. Nəticədə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazandı.

Bu Qələbə sıradan bir hərbi uğur deyildi. Bu, 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyulması idi. Azərbaycan öz gücü ilə BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. İşğal altında olan şəhər və kəndlər bir-bir azad edildi, dövlət bayrağı doğma torpaqlarda yenidən ucaldıldı. Ərazi bütövlüyü bərpa olundu və suverenlik faktiki olaraq təmin edildi.Müharibədən sonrakı mərhələ isə ən azı hərbi qələbə qədər əhəmiyyətli oldu. Çünki əsl güc yalnız torpağı azad etməkdə deyil, azad edilmiş ərazilərdə həyat qurmaqda, hüquqi və siyasi nəzarəti tam bərpa etməkdədir. Azərbaycan dövləti azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı, infrastruktur layihələri həyata keçirildi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunmağa başlandı.Eyni zamanda, müharibə və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması məsələsi də gündəmdə saxlanıldı. Hüquqi dövlət olaraq Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq cinayətkarların ədalət qarşısında cavab verməsini təmin etməyə çalışdı. Bu, yalnız qisas məsələsi deyil, hüququn aliliyinin təmin olunması, gələcəkdə belə faciələrin təkrarlanmaması üçün mühüm addımdır.

Tarix sübut edir ki, qalib gəlmək kifayət deyil — qələbəni möhkəmləndirmək, onu siyasi və hüquqi müstəvidə tamamlamaq lazımdır. Azərbaycan məhz bunu etdi. Hərbi qələbə diplomatik və hüquqi nəticələrlə möhkəmləndirildi. Dövlət suverenliyi tam bərpa olundu, konstitusiya quruluşu bütün ərazilərdə təmin edildi.

Bu gün Azərbaycan dünya miqyasında nadir nümunə kimi göstərilə bilər: öz haqq işi uğrunda mübarizə aparan, ədalətli müharibədə qalib gələn, ərazi bütövlüyünü tam bərpa edən və qanunun aliliyini təmin edən bir dövlət kimi. Bu yol asan olmadı, böyük qurbanlar verildi, şəhidlərimizin qanı bahasına Zəfər qazanıldı.Məhz buna görə də bu Qələbə yalnız hərbi deyil, həm də mənəvi, siyasi və hüquqi qələbədir. Azərbaycan xalqının birliyi, dövlətin qətiyyəti və liderliyin iradəsi nəticəsində tarixdə nadir hallarda rast gəlinən bir nəticə əldə olundu. Bu isə gələcək nəsillər üçün həm qürur mənbəyi, həm də dövlətçilik dərsidir.

Nicat Əsədli

YAP Ordubad rayon təşkilatında məsləhətçi

Digər xəbərlər