PDF Oxu

Siyasət

  • 689

Tarix unudulmur: Xocalıda ucalan Memorial və ədalətin bərpası - ŞƏRH

image

Xocalı şəhərində 1992-ci ilin fevralın 26-da baş verən hadisələr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Bu hadisə nəticəsində yüzlərlə mülki şəxs həyatını itirmiş, şəhər yerlə-yeksan edilmişdir. Azərbaycan dövləti və xalqı uzun illərdir ki, bu faciənin beynəlxalq səviyyədə tanınması və hüquqi-siyasi qiymət alması istiqamətində ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev tərəfindən Xocalı Soyqırımı Memorialının açılış mərasimində səsləndirilən fikirlər Azərbaycan tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Dövlət başçısının çıxışında xüsusilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının rolu vurğulanmış, bu təşəbbüsün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm təsirə malik olduğu qeyd edilmişdir.
2008-ci ildə başladılan “Xocalıya ədalət!” kampaniyası qısa müddətdə geniş coğrafiyanı əhatə etmişdir. Müxtəlif ölkələrdə keçirilən konfranslar, sərgilər, yürüşlər və məlumatlandırma aksiyaları nəticəsində Xocalı hadisələri barədə məlumatlılıq artmışdır. Bir sıra dövlətlərin parlamentləri və yerli qanunverici orqanları Xocalı faciəsinə dair qətnamələr qəbul etmişdir. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, biz ədalət tələb edirdik: “Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular”. Azərbaycan həqiqətlərinin təbliği baxımından “Xocalıya ədalət!” kampaniyası mühüm rol oynamış, gənclərin və diaspor təşkilatlarının fəallığını artırmışdır. Kampaniya çərçivəsində sosial media platformaları və beynəlxalq tədbirlər vasitəsilə milyonlarla insana məlumat çatdırılmışdır. Müasir dövrdə informasiya müharibəsinin əhəmiyyəti xüsusi vurğulanır. Xocalı ilə bağlı həqiqətlərin beynəlxalq mediada işıqlandırılması, xarici dillərdə nəşrlərin hazırlanması və diplomatik kanallar vasitəsilə mövqenin çatdırılması Azərbaycanın prioritet istiqamətlərindəndir.
Xocalı Soyqırımı Memorialının açılışı gələcək nəsillərə ünvanlanan bir çağırışdır: tarix unudulmamalı, faciələrdən nəticə çıxarılmalı və milli birlik qorunmalıdır. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq və Azərbaycan dövləti onların haqq səsinin dünyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Memorialının açılışı təkcə abidənin istifadəyə verilməsi deyil, həm də tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm hadisədir. Cənab Prezident İlham Əliyev tərəfindən Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalıda açılması ilə bağlı səsləndirilən fikirlər müasir Azərbaycan tarixində dərin siyasi və mənəvi məna daşıyan hadisə kimi vurğulanır. Dövlət başçısının çıxışında vurğulanan əsas məqam ondan ibarət idi ki, bu açılış təkcə bir memarlıq obyektinin istifadəyə verilməsi deyil, həm də ədalətin təntənəsi, tarixi yaddaşın öz doğma məkanında bərpasıdır.
Xocalıda ucaldılan Memorial Kompleks təkcə keçmişin xatirəsi deyil, həm də gələcəyə ünvanlanan mesajdır. Bu abidə xalqın ağrısını, kədərini və eyni zamanda əzmini təcəssüm etdirir. Buraya gələn hər bir insan həm faciənin miqyasını anlayacaq, həm də Azərbaycanın dövlət iradəsinin gücünü hiss edəcək. Kompleksin məhz faciənin baş verdiyi torpaqda inşa olunması tarixlə ədalətin qovuşmasının rəmzidir. Bu, həm də milli ləyaqətin bərpasının göstəricisidir.
Xocalı Memorial Kompleks faciənin baş verdiyi torpaqda yaddaşın dirçəlişini simvolizə edir. Prezident İlham Əliyev çıxışında xatırlatmışdır ki, iki il əvvəl keçirilən təməlqoyma mərasimində də bu inamı ifadə etmişdi: “Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu”. Bu yanaşma memorialın təkcə fiziki deyil, həm də mənəvi qələbənin simvoluna çevrildiyini göstərir.
Dövlət başçısının “Memorial Kompleksin açılışı ədalətin təntənəsidir” fikri xüsusi diqqət çəkir. Burada “ədalət” anlayışı həm tarixi, həm siyasi, həm də mənəvi kontekstdə təqdim olunur. Uzun illər işğal altında qalan torpaqlarda bu cür bir kompleksin açılması Azərbaycanın suverenliyinin və tarixi həqiqətlərinin təsdiqi kimi qiymətləndirilir. Bu, həm də şəhidlərin xatirəsinə ehtiramın ən ali formasıdır. Memorial Kompleks silinməz milli yaddaşın memarlıq ifadəsinə çevrilərək gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq missiyasını daşıyır.
Xocalı Memorial Kompleks faciənin baş verdiyi məkanda tarixi yaddaşın yenidən dirçəldilməsidir. Xocalı hadisələri Azərbaycan xalqının kollektiv yaddaşında silinməz iz buraxmışdır. İllər boyu bu faciənin beynəlxalq aləmdə tanınması, ona hüquqi-siyasi qiymət verilməsi istiqamətində ardıcıl iş aparılmışdır. Memorialın məhz Xocalıda inşa edilməsi xüsusi rəmzi məna daşıyır. Bu, tarixlə üz-üzə dayanmaq, şəhidlərin xatirəsini onların doğma torpağında əbədiləşdirmək və ədalətin yerini tapdığını nümayiş etdirmək deməkdir.
Xocalı Soyqırımı Memorialının açılışı və Prezident İlham Əliyevin çıxışı Azərbaycanın tarixi yaddaş siyasətində yeni mərhələ kimi qiymətləndirilə bilər. “Xocalıya ədalət!” kampaniyasının beynəlxalq miqyasda qazandığı uğurlar bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Bu hadisə bir daha göstərir ki, tarixi ədalətin bərpası yalnız zaman məsələsi deyil, həm də davamlı mübarizə, diplomatik səylər və milli həmrəyliyin nəticəsidir.

Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər