“Bu gün Azərbaycan regional fosil yanacaq tədarükçüsü statusundan qlobal enerji təhlükəsizliyinin və ekoloji dayanıqlığın əsas memarlarından birinə doğru inamla transformasiya olunur. Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası və Yaşıl Enerji üzrə Şura çərçivəsində keçirilən nazirlər görüşləri ölkəmizin Şərqlə Qərb arasında etibarlı körpü rolunu bir daha təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, dövlətimizin ekoloji siyasəti dərin praqmatizmə əsaslanır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, müasir reallıqlarda fosil yanacaqları görməzlikdən gəlmək illüziya ilə yaşamaq deməkdir. Azərbaycan bir əsrə kifayət edəcək qaz ehtiyatlarına malikdir, eyni zamanda bərpa olunan enerji mənbələrinə milyardlarla dollar sərmayə yatırır. Bu, sadəcə bəyanat deyil, ənənəvi və alternativ energetikanın yanaşı olaraq inkişafı strategiyasıdır.
Millət vəkilinin sözlərinə görə, bərpa olunan enerji mənbələri sahəsində Azərbaycan artıq təsirli nəticələr əldə edib. Belə ki, ACWA Power ilə birgə 240 MVt gücündə regionun ən böyük külək elektrik stansiyası istismara verilib, Masdar şirkətinin 230 MVt gücündə günəş elektrik stansiyası uğurla fəaliyyət göstərir. 2032-ci ilə qədər alternativ mənbələrdən generasiya gücünü 6–8 QVt-a çatdırmağı planlaşdırırıq ki, bu da niyyət protokolları ilə deyil, real müqavilələrlə təsbit olunub. Paralel olaraq işğaldan azad edilmiş ərazilərdə hidroenergetika sürətlə bərpa olunur: artıq 307 MVt güc istifadəyə verilib və növbəti üç il ərzində bu göstəricinin iki dəfə artırılması nəzərdə tutulur.
Bakıda keçirilən enerji forumlarının əhəmiyyəti region hüdudlarını çoxdan aşıb. Bu gün biz qazı 16 ölkəyə ixrac edirik və boru kəmərləri vasitəsilə tədarük edilən qaz üzrə alıcı ölkələrin sayına görə dünyada birinci yeri tuturuq. Azərbaycan qazının istehlakçıları arasında artıq Almaniya və Avstriya da daxil olmaqla Avropa İttifaqının 10 üzv dövləti var. Fevralın 3-də nazirlərin toplantısı zamanı çıxış edən Prezident İlham Əliyev bu il bir sıra qaz yataqlarında hasilata başlanacağını bəyan edərək deyib: “Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. Hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi. Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. Təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağımızla bağlı olaraq deyə bilərəm ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək”.
Sevinc Fətəliyeva qeyd edib ki, ölkəmizin beynəlxalq sistemdə rolu çoxşaxəlidir: Azərbaycan Qazaxıstan və Türkmənistan nefti üçün etibarlı tranzit habıdır, İtaliya və Türkiyədə ümumi gücü 22 milyon ton olan neft emalı zavodlarına sərmayə yatırır, həmçinin Qara dənizin dibi ilə Avropaya birbaşa təmiz enerji ötürülməsini nəzərdə tutan enerji kabeli kimi yeni “yaşıl dəhlizlər” formalaşdırır. ABŞ və aparıcı qlobal şirkətlərlə strateji tərəfdaşlığımız enerji sistemlərinin idarə olunmasında süni intellekt və müasir texnologiyaların tətbiqinə imkan yaradır.
“Bakıda keçirilmiş COP29 iqlim sammiti resurs iqtisadiyyatına malik bir ölkənin qlobal ekoloji transformasiyaya necə effektiv rəhbərlik edə biləcəyini nümayiş etdirən tarixi məqam oldu. Azərbaycan sübut etdi ki, Xəzər dənizinin səviyyəsinin azalması timsalında şahidi olduğumuz iqlim dəyişiklikləri ilə mübarizə ideoloji şüarlar deyil, konkret addımlar və real investisiyalar tələb edir. Bütövlükdə, bu gün rəsmi Bakının enerji siyasəti gələcəyə yönəlmiş investisiyadır. Biz rəqəmsal iqtisadiyyatın və data mərkəzlərinin inkişafı üçün şərait yaradır, onları təmiz enerji ilə təmin edirik. Azərbaycan yalnız resurs ixrac etmir — o, sabitlik və innovasiya ixrac edir. Bununla da, ölkəmiz yeni, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı qlobal enerji xəritəsinin formalaşmasında əvəzolunmaz tərəfdaş olduğunu bir daha təsdiqləyir”,-deyə deputat vurğulayıb.