Müasir dünyada enerji artıq təkcə iqtisadi resurs deyil, həm də siyasi sabitliyin və beynəlxalq əməkdaşlığın əsas sütunlarından biridir. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, yeni marşrutların formalaşması və təchizat təhlükəsizliyi məsələləri ölkələri daha çevik və çoxtərəfli əməkdaşlıq modellərinə yönəldir. Bu baxımdan Cənub Qaz Dəhlizi çərçivəsində fəaliyyət göstərən Məşvərət Şurası region üçün mühüm strateji platformaya çevrilib.Cənub Qaz Dəhlizi Xəzər hövzəsinin zəngin qaz ehtiyatlarını Avropa bazarına çatdıran nəhəng enerji layihəsidir. Bu layihənin əsas məqsədi enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi, təchizat təhlükəsizliyinin artırılması və iştirakçı ölkələr arasında uzunmüddətli əməkdaşlığın qurulmasıdır. Məhz bu məqsədlərin reallaşdırılması üçün yaradılan Məşvərət Şurası layihənin siyasi və institusional dayağı rolunu oynayır.Layihənin əsas texniki komponentləri sırasında Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Qaz Boru Kəməri xüsusi yer tutur. Bu infrastruktur zənciri Xəzər qazını minlərlə kilometr məsafə qət edərək Avropanın enerji bazarına çıxarır. Məşvərət Şurası isə həmin zəncirin fasiləsiz və koordinasiyalı fəaliyyətini təmin edən siyasi dialoq mexanizmidir.Şuranın fəaliyyəti yalnız mövcud layihələrin icrası ilə məhdudlaşmır. Platforma çərçivəsində ötürmə gücünün artırılması, yeni qaz yataqlarının sistemə qoşulması, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin inteqrasiyası məsələləri də müzakirə olunur. Bu isə Cənub Qaz Dəhlizinin gələcəkdə daha geniş enerji dəhlizinə çevrilməsi perspektivini gündəmə gətirir.
Enerji diplomatiyası baxımından Məşvərət Şurası çoxtərəfli əməkdaşlıq modelinin uğurlu nümunəsidir. İstehsalçı, tranzit və istehlakçı ölkələrin eyni platformada təmsil olunması qarşılıqlı etimadı gücləndirir və qərar qəbuletmə prosesini daha şəffaf edir. Bu format regionda iqtisadi sabitliyə, Avropada isə enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.Müasir geosiyasi reallıqlar fonunda Cənub Qaz Dəhlizi artıq yalnız iqtisadi layihə deyil, strateji əhəmiyyət daşıyan beynəlxalq əməkdaşlıq təşəbbüsüdür. Məşvərət Şurası isə bu təşəbbüsün siyasi iradəsini və davamlılığını təmin edən əsas platforma kimi çıxış edir.
Beləliklə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası regional enerji əməkdaşlığını yeni mərhələyə daşıyaraq, Azərbaycanın beynəlxalq enerji diplomatiyasındakı rolunu daha da gücləndirir və Avrasiya məkanında enerji təhlükəsizliyinin mühüm sütunlarından birinə çevrilir.
Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi