PDF Oxu

Siyasət

  • 1 212

Beynəlxalq sabitliyin və əməkdaşlığın təmin edilməsində Azərbaycan mühüm mövqeyə malikdir

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2026-cı il martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumu müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb transformasiyaların müzakirəsi baxımından mühüm beynəlxalq tədbir kimi diqqət çəkdi. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş forumda çıxış edən cənab İlham Əliyev qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda sülh, sabitlik və əməkdaşlığın təmin olunmasının əsas şərtlərini geniş şəkildə təhlil etdi. Dövlət başçısının çıxışında Azərbaycanın son onilliklərdə keçdiyi siyasi-hərbi yol, regional sülh təşəbbüsləri, enerji təhlükəsizliyinə verdiyi töhfə və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində oynadığı rol xüsusi vurğulandı.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, müasir dövrdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri dövlətlərin gündəliyində birinci dərəcəli prioritetə çevrilib. Qlobal geosiyasi qarşıdurmaların, regional münaqişələrin və yeni gərginlik ocaqlarının meydana çıxması beynəlxalq sistemdə ciddi qeyri-müəyyənlik yaradır. Belə şəraitdə iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq kimi məsələlərin effektiv həyata keçirilməsi üçün ilk növbədə təhlükəsizlik və sabitliyin təmin olunması vacibdir.
Bu baxımdan Azərbaycan öz milli təhlükəsizliyini təmin etməklə yanaşı, regionda sabitliyin formalaşmasına töhfə verən dövlət kimi çıxış edir. Dövlət başçısının qeyd etdiyi kimi, regional təhlükəsizlik məsələsi Azərbaycanın uzun illər ərzində əsas prioriteti olub.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın son otuz ildə keçdiyi yol mühüm siyasi təcrübə kimi təqdim olundu. Dövlət başçısı xatırlatdı ki, uzun müddət ərzində Azərbaycanın ərazisinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılmışdı və bu müddətdə beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməmişdi. Dövlət başçısı çıxışında münaqişənin həlli prosesində beynəlxalq vasitəçilik institutlarının fəaliyyətinə də toxundu. O, xüsusilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların uzun illər ərzində nəticə vermədiyini qeyd etdi.

Nəticədə Azərbaycan beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinin 51-ci maddəsi ilə özünümüdafiə hüququnu təsbit edən müddəalarına əsaslanaraq ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə bərpa etdi.
Azərbaycanın əldə etdiyi digər mühüm təcrübə isə müharibədən sülhə keçid modelidir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ərazilərini güc vasitəsilə azad etdikdən sonra Ermənistanla siyasi dialoq yolu ilə sülhə nail olub. Müasir tarixdə nadir hallarda rast gəlinən bu model göstərir ki, beynəlxalq hüquqa əsaslanan mövqe və güclü siyasi iradə sülhün təmin olunmasına gətirib çıxara bilər.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətlə irəliləməsi də mühüm siyasi hadisədir. 2023-cü ilin sentyabrında baş vermiş son hərbi qarşıdurmadan sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması regionda yeni siyasi reallıqlar yaradıb. Bu gün artıq sərhəddə sabitlik hökm sürür və tərəflər sülhün real nəticələrini görməyə başlayıblar.
Azərbaycanın qərarı ilə Ermənistanla danışıqların ikitərəfli formatda aparılması isə prosesin sürətlənməsinə səbəb oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, üçüncü tərəflərin iştirakı olmadan aparılan birbaşa dialoq sülhün əldə olunmasında daha effektiv mexanizm olduğunu göstərdi.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də enerji təhlükəsizliyi oldu. Dövlət başçısı vurğuladı ki, müasir dünyada enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu sahədə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. BU gün ölkəmiz neft, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı sahəsində geniş fəaliyyət göstərir. Azərbaycan həmçinin enerji bazarlarında sabitliyin qorunması istiqamətində fəal iştirak edir və OPEC+ formatında məsuliyyətli tərəfdaş kimi çıxış edir. Bu gün Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı artaraq 16-ya çatıb və bütün bu ölkələr qazı boru kəmərləri vasitəsilə əldə edir. Bu göstərici Azərbaycanın Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində oynadığı rolun da əhəmiyyətini qeyd etdi. Dövlət başçısının sözlərinə görə, qlobal münaqişələr nəticəsində bir çox ənənəvi nəqliyyat marşrutları pozulur və yeni alternativ dəhlizlərə ehtiyac yaranır. Bu kontekstdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm iştirakçısı və əsas logistika mərkəzlərindən biri kimi çıxış edir. Xüsusilə Orta Dəhliz layihəsi Asiya ilə Avropa arasında alternativ və təhlükəsiz ticarət marşrutu kimi böyük əhəmiyyət daşıyır. Ermənistanla sülh əldə olunduqdan sonra bu dəhlizin yeni istiqamətinin yaradılması planlaşdırılır ki, bu da regionun iqtisadi inteqrasiyasını daha da gücləndirə bilər. Bu marşrut vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat və enerji bağlantısının yaradılması nəzərdə tutulur.
XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər göstərir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda sülh, təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinin fəal tərəfdarıdır. Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqam ondan ibarətdir ki, müasir dünyada davamlı inkişaf və sabitlik yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və siyasi dialoqa əsaslanan əməkdaşlıq mühitində mümkün ola bilər.
Beləliklə, Azərbaycanın son illərdə keçdiyi yol – işğaldan qurtuluş, suverenliyin bərpası, sülh təşəbbüsləri, enerji və nəqliyyat sahəsində qlobal əməkdaşlıq müasir beynəlxalq münasibətlər sistemində fikir ayrılıqlarının aradan qaldırılması üçün mühüm siyasi model kimi qiymətləndirilə bilər. Bu baxımdan Bakı Qlobal Forumu təkcə beynəlxalq müzakirə platforması deyil, həm də yeni geosiyasi reallıqlar fonunda əməkdaşlıq və dialoq üçün mühüm siyasi mərkəz kimi çıxış edir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər