Mətləb Salahov: “Bəs nə oldu İranda sürətli rejim dəyişikliyi?- hamısı nağıldır”
“Açıq şəkildə bir fakt artıq ortadadır ki, idarəolunmaz hala gələn İran müharibəsi daha çox Donald Trampa və Rusiyaya milyard dollarlar qazandırır. Çünki müharibə üzündən Hörmüz boğazı və digər strateji ticarət yolları bağlandığı üçün artıq neftin bir barreli 104,6 dolları ötüb. Bu məsələdən Vladimir Putin də yaxşı qazanc əldə edir. Üstəlik, təsəvvür edin ki, D.Tramp özü "Truth Social" sosial şəbəkəsində paylaşım edərək etiraf edir ki, neftin qiyməti qalxdıqca ABŞ hamıdan daha çox qazanır. Məqsədsiz müharibəni də nəzərə alsaq görürük ki, bu müharibə daha çox D.Trampın milyardlar qazanması üçün hazırlanıb, nəinki artıq kölgədə qalan “İranın zəiflədilməsi” planına görə. İran zəiflədimi bu müddətdə?-xeyr. Daxildən parçalandımı? – xeyr. Sadəcə, Xomenei və digər İran rəhbərlərinin öldürüldüyü iddia edildi, vəssalam”.Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. O diqqətə çatdırıb ki, ABŞ rəhbərləri artıq dünyada heç kimin inanmadığı və istehza ilə yanaşdığı ənənəvi ABŞ yalanı ilə guya İranın nüvə proqramını zərərsizləşdirmək üçün bu işə başlayıblar. “Vaxtı ilə ABŞ və müttəfiqləri İraqa soxulmaq üçün “Səddam Hüseyn nüvə silahı hazırlayır” bəhanəsi ilə hərəkət etdilər. Məlum oldu ki, ortada nə nüvə silahı var, nə də başqa səbəb. Sadəcə, İraqın digər neft istehsal edən ərəb ölkələri üzərindəki nəzarətini qırmaq, Bağdadı gəlirli neft yataqlarından qovmaq üçün bu müharibəyə başladılar. İndi də İran müharibəsinin 17-ci günüdür. Amma ortada olan mənzərə odur ki, ABŞ və İsrail İranı bombalayır, İran da əvəzində daha çox ərəb ölkələrini viranə qoyur. Məqsəd bu idimi? Bəs nə oldu İranda sürətli rejim dəyişikliyi?-hamısı nağıldır. Bu müharibə beynəlxalq hüququn çoxdan zibil yeşiyinə atıldığını da hər kəsə göstərmiş oldu. Ortada olan həqiqət odur ki, bu müharibə dünya güclərinin daha çox milyardlar qazanması üçün qanlı əyləncədir, vəssalam”.
Afət Tahirqızı