1918-ci il 30 mart-3 aprel tarixlərində azərbaycanlılara qarşı erməni faşistləri tərəfindən törədilmiş soyqırım aktından 108 il ötür. 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi deyil, eyni zamanda Azərbaycanın müstəqillik ideyasına, xalqımızın milli azadlıq ruhuna və dövlətçilik ənənələrinə qarşı yönəlmiş xain bir sui-qəsd kimi qiymətləndirilməlidir. Erməni daşnak-bolşevik birləşmələri Bakıda və digər bölgələrdə qırğınlar törədərkən məqsədləri yalnız fiziki məhv deyil, həm də qurulmaqda olan milli dövlətimizin sütunlarını dağıtmaq idi.
Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar ağlasığmaz işgəncələrə məruz qalmışdır. Erməni vəhşiliyinin ən bariz və sarsıdıcı sübutu 2007-ci ildə aşkarlanmış Quba kütləvi məzarlığıdır. Bu məzarlıqdakı hər bir tapıntı erməni faşizminin iç üzünü açır. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur, bu o deməkdir ki, insanlar güllə ilə deyil, küt alətlərlə, xüsusi amansızlıqla qətlə yetiriliblər. Cəlladlar insanların baş nahiyəsinə balta ilə vurub, sonra xəncərlə başı bədəndən ayırıblar. Ən dəhşətlisi isə bəzi kəllə sümüklərində aşkarlanan mismarlardır. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını, qatillərin sadəcə öldürmək deyil, əzab vermək məqsədi güddüyünü göstərir. Xüsusi qəddarlıqla qətlə yetirilən soydaşlarımız su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülmüşdür. Bu, bəşər tarixində nadir rast gəlinən bir vandallıq aktıdır. Vandallıq aktı ilə yanaşı cinayətkarlar milli memarlıq incilərimizi, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmaqla bizim bu torpaqlardakı qədim izlərimizi silməyə çalışırdılar. Bakıda “İsmailiyyə” binasının yandırılması, məscidlərin top atəşinə tutulması məhz bu “kultursid” siyasətinin tərkib hissəsi idi. Bu cinayətin miqyası təkcə Bakı ilə məhdudlaşmırdı. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu faciənin ən mühüm və acı həqiqətlərindən biri odur ki, bu vəhşiliklər təkcə azərbaycanlılara qarşı deyil, ölkəmizdə əsrlərlə çiyin-çiyinə yaşayan digər xalqlara qarşı da yönəlmişdi. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub günahsız insanlar qılıncdan, süngüdən keçirilərək diri-diri yandırılmışdır. Bu fakt bir daha sübut edir ki, erməni millətçiliyi təkcə bir xalqın deyil, bəşəriyyətin və birgəyaşayış mədəniyyətinin düşmənidir.
Uzun illər bu faciəyə beynəlxalq müstəvidə ədalətli qiymət verilməsə də, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi Fərmanla bu cinayətə rəsmi siyasi-hüquqi qiymət verildi. Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Fərmanda vurğulanır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edir. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bu həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırmaqda davam edir. 2007-ci ildə aşkarlanmış Quba kütləvi məzarlığı bu vəhşiliyin danılmaz sübutudur.
Erməni millətçiləri soyqırımları törətməklə Azərbaycan xalqını sarsıtmaq, torpaqlarımızı zorla ələ keçirmək məqsədi güdsələr də, ağır faciələr xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib.
Bu gün biz 108 il əvvəlki kimi müdafiəsiz deyilik. 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfər bizim tarixi qisasımızın döyüş meydanında alınması idi. Hər ilin 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir. Bu gün Azərbaycan qalib ölkədir. Soyqırmına məruz qalmış soydaşlarımızın qanları yerdə qalmayıb. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında heç vaxt olmadığı qədər güclüdür və əbədi olaraq öz suverənliyini və hüquqlarını müdafiə edə biləcək bir dövlətə çevrilib. Qələbəyə imza atmağımıza baxmayaraq tarix boyu bizə qarşı soyqırımıları törədən düşmənlərimizin vəhşikliləri heç vaxt unudulmayacaq.
Anar Məmmədov
Milli Məclisin deputatı