Xalqımıza qarşı törədilmiş qanlı faciələr yalnız keçmişin acı xatirəsi deyil, həm də milli yaddaşımızın ayrılmaz hissəsidir. Bu faciələr bizim kimliyimizi, birliyimizi və mübarizə əzmimizi formalaşdıran tarixi həqiqətlərdir. Tarix boyu Azərbaycan xalqı dəfələrlə məqsədli şəkildə zorakılığa, təzyiqə və soyqırımı siyasətinə məruz qalmışdır. Xüsusilə 31 Mart Soyqırımı xalqımızın yaddaşına qanla yazılmış bir faciədir. 1918-ci ilin mart-aprel aylarında minlərlə günahsız insan yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, şəhərlər və kəndlər dağıdılmış, mədəni irsimiz məhv edilmişdir. Bu hadisələr təkcə fiziki məhvetmə deyil, həm də xalqın ruhunu sarsıtmağa yönəlmiş amansız bir siyasətin nəticəsi idi. Bu qanlı hadisələr zamanı qadınlar, uşaqlar, qocalar – yəni cəmiyyətin ən müdafiəsiz təbəqələri xüsusi qəddarlıqla öldürülmüşdür. Tarixi mənbələr və araşdırmalar göstərir ki, bu, təsadüfi zorakılıq deyil, planlaşdırılmış və sistemli şəkildə həyata keçirilmiş bir soyqırımı idi. Məqsəd Azərbaycan xalqını qorxutmaq, onu öz torpaqlarından didərgin salmaq və milli varlığını məhv etmək idi. Lakin tarix sübut etdi ki, belə faciələr xalqımızın iradəsini qıra bilmədi. Əksinə, bu ağır sınaqlar bizi daha da möhkəmləndirdi, milli birliyimizi gücləndirdi. Biz bu gün müstəqil dövlət olaraq mövcuduqsa, bu, həm də həmin faciələrdə həyatını itirən şəhidlərimizin ruhuna borcluyuq.
Bu gün bizim əsas vəzifəmiz həmin qanlı faciələri unutmamaq, onları gələcək nəsillərə düzgün çatdırmaq və dünya ictimaiyyətinə həqiqətləri anlatmaqdır. Tarixi unutmaq – eyni faciələrin təkrarlanmasına zəmin yaratmaq deməkdir. Buna görə də hər birimiz milli yaddaşımızı qorumağa, tariximizi dərindən öyrənməyə borcluyuq.
Qanlı faciələr bizim tariximizin qara səhifəsi olsa da, bu səhifələrdən aldığımız dərslər bizim gələcəyə daha inamla baxmağımıza imkan yaradır. Biz bu gün güclü dövlət, birləşmiş xalq olaraq həmin ağrıların üzərindən başıuca keçirik. Bu isə xalqımızın sarsılmaz ruhunun, yenilməz iradəsinin göstəricisidir.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı