31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli və qanlı səhifələrdən biridir. Həmin gün, eyni zamanda milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi və beynəlxalq müstəvidə tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edən mühüm ictimai-siyasi məna daşıyır.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla kütləvi qırğınlar törədilmişdir. Bakı şəhəri ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, Lənkəran və digər bölgələrdə on minlərlə insan yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, mədəni və dini irs dağıdılmışdır.
Bu hadisələr hərbi qarşıdurmadan daha çox, mülki əhaliyə qarşı yönəlmiş məqsədli və sistemli soyqırımı siyasətinin açıq təzahürü idi. Qadın, uşaq, qoca fərqi qoyulmadan insanların amansızlıqla qətlə yetirilməsi, yaşayış yerlərinin yandırılması və əhalinin kütləvi şəkildə doğma torpaqlarından didərgin salınması bu cinayətlərin mahiyyətini və miqyasını bütün çılpaqlığı ilə ortaya qoyur.
Aparılan tədqiqatlar sübut edir ki, Şamaxıda minlərlə insan qətlə yetirilmiş, yüzlərlə kənd dağıdılmışdır. Quba qəzasında yüzdən artıq yaşayış məntəqəsi məhv edilmiş, minlərlə insan həyatını itirmişdir. İrəvan quberniyasında isə yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qovulmuş və ya məhv edilmişdir. Bu faktlar soyqırımı siyasətinin genişmiqyaslı və planlı şəkildə həyata keçirildiyini təsdiqləyir.
Quba şəhərində aşkar edilmiş kütləvi məzarlıq həmin hadisələrin ən tutarlı sübutlarından biridir. Aparılmış elmi və antropoloji araşdırmalar nəticəsində burada qadın və uşaqların da daxil olduğu yüzlərlə insanın xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyən edilmişdir. Bu tapıntılar soyqırımının miqyasının daha geniş və daha ağır nəticələrə səbəb olduğunu bir daha üzə çıxarır və tarixi həqiqətlərin danılmaz faktlarla təsdiq olunduğunu göstərir.
Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə sözügedən hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi rəsmiləşdirilmişdir. Bu addım tarixi ədalətin bərpası istiqamətində mühüm dönüş nöqtəsi olmuşdur. Həmin Fərman tarixi həqiqətlərin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar açmışdır. Sonrakı dövrdə aparılan elmi tədqiqatlar, arxiv materiallarının üzə çıxarılması, müxtəlif dillərdə nəşrlərin hazırlanması və beynəlxalq tədbirlərin təşkili bu istiqamətdə mühüm irəliləyişlərə səbəb olmuşdur.
Son illərdə həyata keçirilən ardıcıl siyasət nəticəsində soyqırımı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində daha geniş addımlar atılmışdır. Quba şəhərində Soyqırımı memorial kompleksinin yaradılması, tarixi faktların beynəlxalq auditoriyaya çatdırılması, müxtəlif ölkələrdə keçirilən konfranslar və təqdimatlar bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 Mart soyqırımının 100 illiyi ilə bağlı imzaladığı müvafiq Sərəncam həmin prosesə yeni dinamika qazandırmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.
Eyni zamanda, müasir dövrdə informasiya mühitində aparılan ideoloji mübarizə fonunda tarixi həqiqətlərin qorunması və düzgün təqdim edilməsi daha da aktuallaşmışdır. Bu baxımdan, elmi əsaslara söykənən araşdırmaların genişləndirilməsi, gənc nəslin tarixi yaddaşının formalaşdırılması və beynəlxalq platformalarda ardıcıl fəaliyyətin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Nəticə etibarilə, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində dərin iz buraxmış faciənin təzahürü olmaqla yanaşı, tarixi yaddaşın qorunması və ədalət uğrunda mübarizənin davamlılığını təmin edir. Bu həqiqətlərin unudulmaması, beynəlxalq səviyyədə tanıdılması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər daim aktuallığını qoruyur və milli şüurun ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
Nurlan Həsənov
Milli Məclisin deputatı