31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.
1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla törədilən kütləvi qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.
Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. Bakı və Şamaxı qırğınlarından sonra Bakı Sovetinin erməni-bolşevik liderləri hakimiyyətlərini Quba qəzasına yaymaq qərarına gəldilər. Bu zaman Əli bəy Zizikskinin rəhbərlik etdiyi Quba sakinlərinin dəstələri Xırdalan yaxınlığında müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı. Ona görə David Gelovaninin başçılıq etdiyi 187 nəfərlik sovet dəstəsi Qubaya daxil oldu və aprelin 23-də Qubada Sovet hakimiyyəti elan etdi. Qubaya Ağacanyanın 2 topla 150 nəfərlik erməni hərbi dəstəsi daxil oldu. Dəstə bir sıra qubalıları qətlə yetirdi, bir neçə küçələrdə evləri, Qəza İdarəsi, Şəhər Duması və Barışıq məhkəməsini yandırdı. Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş ləzgi dəstəsi ilə toqquşmadan sonra Gelovani və Ağacanyanın dəstələri şəhəri tərk etdilər.
1918-ci ilin may ayının 1-də Bakı Sovetinin göndərdiyi Amazaspın komandanlığı altında 3 minlik erməni qoşunu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilirlər. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gedənə qədər, yəni 9 gün küçələrdə qaldı.
Qubaya gəlişinin dördüncü günü Amazasp Cümə məscidində toplanan qubalılara müraciət etdi: “bizə sizlər və türklər tərəfindən öldürülmüş qardaşlarımıza – ermənilərə görə dənizin (Xəzər) sahillərindən Şahdağa qədər olan bütün müsəlmanları Şirvanda (Şamaxıda) qırdığımız kimi məhv etmək, evlərinizi isə yerlə yeksan etmək əmri verilmişdir”.
Bakıya yollanaraq Bakı Sovetinin rəhbəri Şaumyanla görüşmüş şəhər başçısı Ə.b.Əlibəyov sonradan göstərirdi: “Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar”. D.Gelovani də cəza dəstəsinin Qubaya göndərilməsinin təşəbbüskarı kimi Şaumyanı göstərirdi: “Amazaspın dəstəsində bircə nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnaksakan, Amazaspın özü də qatı daşnaksakandır. Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi”. 1918-1919-cu illərdə topladığı sənədlər və şahid ifadələri, 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri