İllər boyu Azərbaycan xalqı qürurlu tarixlə yanaşı faciə və soyqırımlara da şahidlik edib. XX əsrin ən dəhşətli səhifələrindən biri 1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının törətdiyi qətliyam idi. Erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Bütövlükdə yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Azərbaycanlılara qarşı yeridilən uzun bir tarixə malik soyqırım siyasəti barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır.1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib. Bu fərmana əsasən 31 mart tarixi hər il azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdiyi soyqırım siyasəti ayrı-ayrı mərhələlərdə davam etmişdir. Azərbaycanlılara qarşı aparılan soyqırım siyasətinin xronologiyasına nəzər yetirərkən xalqımıza qarşı törədilən saysız vəhşilik və cinayətlərin miqyası heyrət və qəzəb doğurmaya bilmir. Bu qırğınlar azərbaycanlıların təkcə fiziki məhvi deyil, eyni zamanda açıq-aşkar etnik təmizləmə məqsədi daşıyırdı. Bu minvalla süni şəkildə erməni dövlətçiliyi üçün “təmizlənmiş” ərazilər yaradılırdı. 1918-ci ilin 30 mart və 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdilər. Əliyalın insanları uşaq-böyük demədən işgəncələr verərək amansız şəkildə qətlə yetirdilər.
Xarici havadarlarının köməyi ilə azərbaycanlıları tarixi torpaqlarından qovmaqla, bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi Azərbaycan və Türk xalqlarını onilliklər boyu müntəzəm şəkildə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qoymuşdur. Beləcə xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunan soyqırım siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmişdir. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyət zorla dəyişdirildi. Azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılmasına paralel olaraq Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana verildi.
Daha sonra 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və digər mühüm faktlar azərbaycanlıların soyqırımı tarixinin qanlı səhifələridir. Lakin bütün bunlara baxmayaraq baş verən hadisələr xalqımızın öz milli kimliyini qorumaq uğrunda mübarizəsini zəiflətmədi.
Bölgədə baş verən siyasi qarışıqlıq vəziyyəti daha da gərginləşdirmişdi.1917-ci ildə Rusiyada baş verən Oktyabr çevrilişi Şimali Azərbaycanda gedən siyasi proseslərə təsirsiz ötüşmədi. Bölgədə yaranmış hakimiyyət boşluğu dərinləşərək milli ziddiyyətləri kəskinləşdirdi. Nəticədə qeyri-sabitlik artaraq, silahlı toqquşmalara gətirib çıxartdı. Məqsədli şəkildə azərbaycanlıların hüquqları məhdudlaşdırıldı. Beləliklə, mürəkkəb və qeyri-sabit şərait 1918 mart hadisələrinə, yəni 31 Mart Azərbaycanlıların Soyqırımı faciəsinə zəmin yaratmış oldu. Bu hadisələrin baş vermə səbəbləri, gedişatı və nəticələri Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edir.
Daşnaklar mart qırğınını törətməklə şəhərin müsəlman əhalisini məhv etməyi qarşıya məqsəd qoymuşdular. Elə bu məqsədlə Bakıya minlərlə erməni əsgəri gətirilmişdi. “Qırmızı qvardiya” adı ilə yaradılan ordunun da 70 faizi erməni idi. Martın 30-u axşam saatlarında Bakıda ilk atəşlər açıldı. Aldatma siyasəti yeridib özlərini bitərəf elan etmiş “Daşnaksütun” və Erməni Milli Şurası sözdə guya müdafiəçi rolunu oynadılar.
Hadisələrin planlı olaraq növbəli şəkildə gerçəkləşdirilməsi Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin bir hissəsi idi. Bakıda törədilmiş qırğınlar aprel ayının ilk günlərindən etibarən eynilə Şamaxı, Quba, Xaçmazda törədildi. Şamaxı qəzasında baş verən ağır qətliyam nəticəsində Şamaxı şəhəri və 72 kənd dağıdıldı, minlərlə azərbaycanlı öldürüldü. Quba qəzasında qırğın törədən quldur dəstəsi tərəfindən minlərlə insan qətlə yetirildi. Qırğınlar zamanı günahsız insanlar, o cümlədən qadın və uşaqlar da amansız şəkildə qətlə yetirilmişdir. Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də silahlı dəstələrdən ciddi ziyan çəkdi. Məscidlər və tarixi abidələr dağıdıldı. Bu, xalqın mədəni irsinə zərbə idi.
Xalqımızın milli yaddaşında dərin iz qoymuş bu faciənin xatırlanması milli kimliyin qorunması və gənc nəsillərə tarixi həqiqətlərin ötürülməsi baxımından mühüm əhəmiyyətə malikdir. Müasir Azərbaycan dövləti bu hadisələri həm tarixi fakt olaraq, həm də beynəlxalq müstəvidə ədalət mübarizəsinin bir hissəsi kimi təqdim edir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün 1918-ci ildə ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması milli qürur məsələsi oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə imzaladığı sərəncamla soyqırımın 100 illiyi dövlət səviyyəsində anıldı və dünya ictimaiyyətinə çatdırıldı. Bu soyqırımın xatırlanması Azərbaycanın tarixi həqiqətlərinin tanınması uğrunda mübarizənin davamı, milli yaddaşın qorunması deməkdir.
Zaman-zaman bir çox soyqırımlara məruz qalan xalqımızın milli birliyi sarsılmadı, əksinə daha da möhkəmləndi. 1918-ci ildə parçalanmaq təhlükəsi ilə üz-üzə qalan xalq bu gün güclü dövlət və milli həmrəylik nümayiş etdirir.
Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlığın mart qırğınları ilə bağlılığı sübut olunmuşdur. Qubada aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın arxeoloji və elmi sübutudur. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində yüzlərlə insanın qalıqları aşkarlanmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, aşkar edilən qalıqların çoxu qadın, uşaq və yaşlılara aiddir.
Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı Memorial Kompleksi” inşa edildi. Tarixi həqiqətlərə əsaslanan Memorial Kompleks Azərbaycan xalqının faciəli tarixini gələcək nəsillərə çatdırmaq üçün yaradılmış mühüm mədəni-tarixi abidələrdən biridir.
Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində tayı-bərabəri olmayan erməni millətçiləri bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğatlar aparır, beynəlxalq ictimaiyyəti çaşdırmağa, regionda sabitliyi və dünya düzənini pozmağa çalışırdılar. Xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edirdilər.
Tarixi proseslərin gedişi göstərdi ki, erməni işğalçılarının və onların havadarlarının imkanları getdikcə tükənməkdədir. Çünki bu mənfur siyasətə qarşı, geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, möhkəmlənən xalq həmrəyliyi və güclü Azərbaycan ordusu dayanmışdı. Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək, haqq savaşında qalib dövlət olduğunu dünyaya bəyan etdi. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan Cənubi Qafqazda, eləcə də beynəlxalq aləmdə üstün mövqeyə malik güclü dövlətdir. Bu gün ölkənin qazandığı nailiyyətlər, iqtisadi tərəqqi, siyasi sabitlik və beynəlxalq nüfuz faciənin qurbanlarının xatirəsinə ehtiram olaraq dəyərləndirmək olar.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm əməkdaşlıq edərək, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dəyişdirməyə müvəffəq olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, soyqırım qurbanlarının xatirəsini anma tədbirləri bütün dünyada getdikcə daha geniş xarakter alır və ciddi əks-səda doğurur. Artıq beynəlxalq ictimaiyyətdə ikili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, təsdiqini tapmış faktlara önəm verilir. Azərbaycan dövləti soyqırımı faktlarının əsaslı öyrənilməsi yolu ilə tarixi ədalətin və həqiqətin bərpa olunmasına çalışır. Bu baxımdan dünyada bu və buna bənzər faciələrin təkrarlanmasını qətiyyətlə pisləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində bu gün Azərbaycanın inkişafı, iqtisadi nailiyyətləri və beynəlxalq aləmdə mövqeyi göz önündədir. Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi.Tarixi faciələr yalnız anım tədbirləri ilə deyil, təhsil proqramlarında əksini tapır, muzeylərdə əbədiləşdirilir, sənədli filmlərdə və mədəni layihələrdə yaşadılır. Bütün bunlar gənc nəslin tarixi öyrənməsi, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi yolunda vacib amillərdən hesab olunur və bu istiqamətdə öz töhfəsini verir.
Budur artıq xalqımızın uzun illər arzuladığı müstəqillik və tərəqqi gerçəkləşmişdir. Tarixi çətinliklər müasir nailiyyətlərlə birləşib hər bir azərbaycanlı üçün həm qürur, həm də gələcəyə inam mənbəyi oldu.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik strateji gedişləri ölkənin sürətli tərəqqisini uğurla təmin edir. Ölkəmizdə möhkəm sosial və milli həmrəylik mövcuddur. Bu birlik və həmrəylik isə dövlətimizin gücünü daha da artırır. Milli təhlükəsizlik, ərazi bütövlüyü və hüquqların qorunması dövlətimizin prioriteti olmuşdur.
Tarixin ağır sınaqlarına qəhrəmanlıqla sinə gərərək güclənən Azərbaycan dövləti bundan sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə layiqli cavabını verəcəkdir.
Məhsəti Məmmədova
YAP Yasamal rayon “H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini