1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri “Böyük Ermənistan” qurmaq xəyalı ilə Azərbaycanda xüsusi qəddarlıqla kütləvi qırğın törədirlər. 1917-ci ildə Bakı Sovetinin seçkiləri zamanı bolşeviklərin yerli əhali arasında heç bir nüfuzunun olmadığı aydın hiss edilir. Elə buna görə də seçkilər “Müsavat” partiyasının qələbəsi, bolşeviklərin məğlubiyyəti ilə nəticələnir. “Müsavat”çıların Azərbaycanın siyasi hakimiyyət uğrunda apardıqları mübarizə bolşevikləri narahat edir. Stepan Şaumyan azərbaycanlılara qarşı qırğın törədərək, xalqın azadlıq, qurtuluş hərəkatını məhv etmək, “Müsavat” partiyasını zəiflətmək, müsəlmanların isə gözünü qorxutmaq istəyir.
S.Şaumyanın Stalinə yazdığı məktubun nəticəsində ermənilər Moskvadan böyük dəstək alır. Bununla yanaşı 1917-ci ildə Leninin imzaladığı sənədlə Türkiyə ərazisində ermənilərə muxtariyyət də verilir. Bütün bunlar daşnak-bolşevik ittifaqını daha da gücləndirir. 1918-ci ildə bolşeviklərin zərbə qüvvəsinin əsasını “Daşnaksutyun” təşkil edir. Bundan başqa Birinci Dünya müharibəsi cəhbələrindən geri qayıdan erməni əsgər və zabitləri də Bakıya yığılır. Bakıda törədilən mart soyqırımının təşkilatçı və icraçısı da elə Stepan Şaumyanın özü idi. Hücum zamanı yaradılmış “Qırmızı ordu”nun da tərkibini tamamilə ermənilər təşkil edirdi.
Mart soyqırımından öncə bəhanə kimi “Evelina” münaqişəsi törədilir. Belə ki, H.Z.Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlində silahdan açılan atəş nəticəsində dünyasını dəyişir, bununla əlaqədar olaraq müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlirlər. Dəfndən sonra onlar “Evelina” gəmisi ilə Lənkərana qayıtmalı idilər. Ancaq bundan istifadə edən Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yayılır ki, guya “Evelina” ilə gedəcək zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək əmri alıblar. Yayılan şayiə öz nəticəsini verir və Bakıdakı qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələri “Evelina” gəmisinin tərk-silah edilməsinə tərəfdar olur. Bununla əlaqədar olaraq martın 30-u Bakı şəhər mədəni-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradılır. Komitə “Evelina”nın Lənkərana yola düşməsini dayandırır və gəmidəki zabitləri tərk-silah edir. Müsəlmanlar məscidə toplaşaraq silahların geri qaytarılmasını tələb etsələr də, heç bir nəticə əldə edilmir.
30 mart 1918-ci ildə Nəriman Nərimanovun evində Stepan Şaumyanla, eyni zamanda İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə təşkil edilmiş görüşlərdə silahların qaytarılmasına dair razılıq əldə edilsə də, bolşevik-daşnak koalisiyası sözünün üstündə durmur.
31 mart 1918-ci il səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlıların yaşadığı “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum edilir. Hücum zamanı bolşevik-erməni cəlladları müsəlman qadınlarına ağır formada zərbə vururlar. Soyqırım zamanı təkcə bir yerdən 57 müsəlman qadının burunu kəsilmiş, qarınları yırtılmış cəsədləri tapılır. Çoxlu sayda gənc qadını diri-diri divara mıxlanır. Qaçıb canını qurtarmaq istəyən əhalini gülləbaran etmək üçün isə müəyyən yerlərdə pulemyotlar qoyulur.
Müsəlman məhəllələrinin çoxu məhv edilir, İçərişəhərin alınması əməliyyatı başlayır. Azərbaycanlılara qarşı dəhşətli soyqırım törədən ermənilər aprelin 2-si gecəyə kimi soyqırımı davam etdirirlər.
1918-ci il mart ayının 31-də başlanmış və aprelin 2-dək davam edən soyqırım zamanı Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilir. Bundan başqa “Kaspi” mətbəəsi, “Açıq söz” qəzetinin redaksiyası, “İsmailiyyə” binası yandırılır, “Təzəpir” məscidinin minarələri top atəşi ilə zədə görür.
Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın müxtəlif bölgələrində, eyni zamanda Şərqi Anadolu və Cənubi Azərbaycanda da azərbaycanlılara qarşı soyqırım həyata keçirirlər.
1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu soyqırım öz amansızlığı və miqyasına görə bəşər tarixində ən qanlı faciədir.
1918-ci ildə iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası faciənin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edir. Komissiya mart soyqırımını, Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiyi bütün vəhşilikləri araşdırır. Bununla kifayətlənməyən Komissiya bu hadisəni dünyaya çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradır.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu faciənin üstündən yüz il keçməmiş, onlar növbəti dəfə 1992-ci ilin fevral ayında Xocalı şəhərində xocalılara qarşı misli görünməmiş cinayət törədirlər.
1998-ci il mart ayının 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanında həmin hadisələrə siyasi qiymət verilir və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilir. Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanda qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası onların yekunlaşdıra bilmədikləri qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət verirlər. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 mart soyqırımı ilə yanaşı, Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilir, 26 fevral Xocalı Soyqırımı Günü elan edilir.
2012-ci il mart ayının 27-də Amerika Azərbaycan Cəmiyyətinin və Azərbaycanın Amerikadakı səfirliyinin senatoru Ceyms Alesi ilə mart soyqırımına həsr olunmuş layihələri Nyu-York senatından keçərək, qəbul edilir. Həmin Qətnaməyə görə 31 mart Azərbaycanlıları Anma Günü elan edilmiş, daşnaklarla bolşeviklərin azərbaycanlılara qarşı törətdikləri hadisə cinayət kimi dəyərləndirilmişdir.
2018-ci ildə Ölkə Başçısı İlham Əliyev 100 il əvvəl mart ayının 31-də törədilmiş soyqırımla əlaqədar olaraq “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamını imzalayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində Ermənistanın dövlət səviyyəsində etdiyi terror, hərbi təcavüz və silahlı separatçılar ifşa edilir.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət gimnaziyasının müəllimi