PDF Oxu

Siyasət

  • 463

Xalqımız unutqan deyil - ŞƏRH

image

Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.

Bu tarixi cinayətləri ümumiləşdirmək məqsədi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış , doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları diqqətinizə çatdırırıq.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

1920-ci ildə İngiltərənin Baş naziri Lloyd Corc deyirdi ki, zənnimcə, siz erməniləri 8 yaşında təmiz və məsum qız olaraq düşünürsünüz. Belə düşünməklə çox yanılırsınız. Halbuki ermənilər özlərinin son vəhşi hərəkətləri ilə nə qədər qan tökən bir millət olduqlarını qeyd-şərtsiz isbat etmişlər.

Həmin dövrdə Naxçıvan bölgəsinə yiyələnmək xülyasına düşən daşnaklar burada da yerli əhaliyə qarşı vəhşiliklər törətmiş, xüsusilə Culfa rayonunun Yaycı kəndində bu faciənin miqyası daha böyük olmuşdur. Yazıçı-publisist Fərəc Fərəcov 2002-ci ildə nəşr etdirdiyi “Yaycı soyqırımı” kitabında haqlı olaraq Yaycı soyqırımını “ən böyük qətliam” adlandırır.

Fərəc Fərəcov bildirirdi ki, 1918-ci il iyun ayının 14-də o zamankı Naxçıvan qəzasının ən iri yaşayış məntəqələrindən sayılan Yaycı kəndi erməni Andronikin quldur dəstələrinin qəfil hücumuna məruz qalmışdır. Hücumdan əvvəl isə hiyləgər düşmən, yaxın qonşu kəndlərdə məskunlaşan Aza və Darkənd yaşayış məntəqələrinin erməni sakinləri Yaycıya gələrək kəndin ağsaqqallarına, başbilənlərinə demişlər: “Andronikin sizlərə heç bir xətəri olmayacaq. Onlar buradan sakitcə keçib gedəcəklər. Arxayın ola bilərsiniz”. Əlbəttə, kəndin ürəyiaçıq insanları tanış və həmişə get-gəl etdikləri ermənilərin bu “səmimi” sözlərinə inanıb, heç bir hazırlıq tədbirləri görməmişdilər. Beləliklə, İran ərazisindən Culfaya adlayan və Naxçıvanı qısa bir vaxtda işğal etmək qəsdinə düşən Andronik gözlənilmədən Yaycıya hücum etmiş, kəndi qırıb-çatmış, evlərə od vurub yandırmış, əhalini qılıncdan keçirmişdir. Araz çayı istiqamətinə axın edib İrana keçmək istəyənlərin də çoxu canlarını ermənilərdən qurtara bilməmişlər. Ümumilikdə, əldə edilən məlumatlara görə, təxminən, 2500 Yaycı sakini amansızlıqla qətlə yetirilmişdir. Ermənilərin kəndə hücumu gündüz vaxtına təsadüf etdiyindən əli iş tutan insanların çoxu çöl-təsərrüfat işlərində olmuş, buna görə də faciəyə düçar olanların çoxu uşaqlar, qadınlar və qocalar olmuşdur.

Həmin gün kənddə onlarla ailə tamamilə məhv edilmiş, yüzlərlə insan şikəst qalmışdır. Onlardan bir neçəsi son illərdə dünyasını dəyişmişdir. Ağır işgəncəyə məruz qalmış Yaycı kənd sakinlərindən biri – qolu yox Yasəmən idi. Onun oğlu Əbülfəz Süleymanov deyirdi ki, anamgil 8 bacı olub, onların 6-nı ermənilər Arazın kənarında qətlə yetirmişlər. Sona adlı bir bacısını İran tərəfə keçirə bilmişdilər. Yazıq qadının bir qolunu da erməni cəlladları həmin zaman vurub yerə salmışdılar.

Yaycı soyqırımı zamanı kənd sakini Hüseyn Kazımoğlunun 16 yaşı olub. O danışırmış ki, həmin qanlı olay baş verəndə atamla birgə kənddən xeyli aralı “Dəyirmanaltı” deyilən ərazidə təsərrüfat işləri ilə məşğul idik. Axşamüstü kəndə dönəndə dəhşətli mənzərə ilə qarşılaşdıq. Nələr baş verdiyini qorxu içində öyrənməyə çalışırdıq. Evə çatanda isə anamın yerə sərilmiş meyidini gördük. Ermənilər yaxın adamlardan da bir neçəsini öldürmüşdülər. Canlı insan heç harada gözə dəymirdi. Sonra o, köks ötürüb dedi ki, evlərdə, küçələrdə, xüsusilə Araz çayı sahilində qətlə yetirilənlərin basdırılması üçün uzun günlər lazım gəldi. Kənddə soyqırımı qurbanlarının dəfn olunduğu yerdə böyük bir qəbiristanlıq yarandı. Yaycı 7 il yas saxladı. Uzun illər özünə gələ bilmədi.

Ötən əsrin sonunda müstəqilliyimizi yenidən bərpa etdik. Ötən dövrdə milli tariximizin araşdırılması, yenidən yazılması istiqamətində böyük işlər görüldü. Yaycı kəndində yaşanan həmin hadisələrin unudulmaması, soyqırımı qurbanları xatirəsinin əbədiləşdirilməsi üçün 2007-ci ildə kəndin mərkəzində abidə ucaldılıb. İndi hər il martın 31-də rayon sakinləri bu soyqırımı abidəsini ziyarət edərək tariximizdə yaşanmış bu qanlı hadisəni bir daha yad edir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli ordumuz şanlı Qələbə qazanmaqla ərazi bütövlüyümüzü bərpa etdi, eyni zamanda bu gün artıq soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhu şaddır. Şanlı ordumuz var olduqca, müstəqilliyimiz də əbədi olacaq və xalqımız bir daha bu cür ağır faciələri yaşamayacaq!

Vaqif Abdullayev

YAP Culfa rayon Yaycı kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər