PDF Oxu

Siyasət

  • 527

Türk dünyasının güc birliyi! - TƏHLİL

image

Prezident İlham Əliyev: “Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir”

“Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir”. Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib: “Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir”.

Qloballaşma dövründə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələri gələcəyə ümidlə baxmağa əsasdır. Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəyliyin nümayişi TDT-nin güc birliyinin təzahürüdür. Müasir dövrümüzdə TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. Tarixi keçmişi, dil, mədəniyyət oxşarlığı və ümumi sayı təqribən 250 milyon nəfərə çatan türk xalqlarının birliyi dünya üçün bir nümunədir. Türk birliyində təmsil olunan dövlətlər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, ölkələrin problemlərinin həllində bir-birinə dayaq olurlar. “Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir”, - deyə Prezident İlham Əliyev çıxışında səsləndirib. “Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik”, - deyə dövlətimizin başçısı əlavə edib. Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində əsas yer tutur. Naxçıvandan başlanan yol uğurla davam edir. Belə ki, 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Daxili siyasi və iqtisadi sabitlik, geostrateji mövqe, hərbi və hərbi-texniki sahədə artan potensial və s. TDT-ni qlobal arenada vacib aktora çevirir. Dünyanın üzləşdiyi geosiyasi və təhlükəsizlik çağırışları fonunda, 2024-cü ildə Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsi türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsində önəmlidir.

GÖRÜŞ ÇƏRÇİVƏSİNDƏ BİRGƏ BƏYANAT QƏBUL EDİLDİ

Qeyd edək ki, aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü çərçivəsində birgə bəyanat qəbul edilib. TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin 2025-ci il sentyabrın 18-də Bişkekdə Qırğız Respublikasının sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunması alqışlanıb.

Azərbaycan Respublikasının TDT-də davam edən sədrliyinə dəstək ifadə etmiş və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndirilib. Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəlikləri bir daha təsdiqlənib. TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığı vurğulanıb. 2025-ci il oktyabrın 7-də Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş TDT-nin 12-ci Zirvə Görüşünün nəticələrinin əhəmiyyətini qeyd edilərək, dəyişən geosiyasi və təhlükəsizlik çağırışları fonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin möhkəmləndirilməsi məqsədilə əməkdaşlığın intensivləşdirilməsi barədə razılığın əldə olunduğu diqqətə cəkilib. Bu çərçivədə 2026-cı il martın 7-də İstanbulda keçirilmiş TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının nəticələrini müsbət qiymətləndirilib, regionda sülh və təhlükəsizliyə birbaşa təhdid yaradan regional və qlobal proseslər üzrə geniş məsləhətləşmələrin aparılması üçün mühüm imkan kimi dəyərləndirilib.

“Türk Dünyasına Baxış-2040” sənədini nəzərə alaraq, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması yolu ilə üzv dövlətlər arasında ticarət həcminin artırılmasına sadiqliyini ifadə edilibdir. Nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, innovasiya, rəqəmsal transformasiya və süni intellektin iqtisadi inkişaf üçün strateji əhəmiyyətini qeyd edilərək bu sahələrdə əməkdaşlığın genişləndirilməsi dəstəklənib. Qazaxıstanın 2026-cı ildə Türküstanda Süni İntellekt və Rəqəmsal İnkişaf mövzusunda qeyri-rəsmi Zirvə Görüşünə ev sahibliyi təşəbbüsünü alqışlanıb. Türk Dövlətləri Təşkilatı əməkdaşlığın gücləndirilməsində və hökumətlər arasında daha yaxşı əlaqənin təmin edilməsində öz rolunu göstərib. Son illər ərzində təşkilat öz fəaliyyətinin miqyasını genişləndirib. Hal-hazırda 58 müxtəlif sahədə biz əməkdaşlıq mexanizmləri tətbiq edirik.

Təşkilat zirvə görüşlərində dövlət başçıları tərəfindən qəbul olunan mühüm qərarların lazımi şəkildə icrasına xüsusi diqqət yetirir. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü isə əldə edilən irəliləyişi nəzərdən keçirmək və prosesi sürətləndirmək üçün mühüm fürsətdir.

“BİZ TƏŞKİLATA ÜZV ÖLKƏLƏRİN İQTİSADİYYATLARINA 20 MİLYARD DOLLARDAN ÇOX SƏRMAYƏ QOYMUŞUQ”

Azərbaycan TDT çərçivəsində əməkdaşlığa daim xüsusi önəm verib, Təşkilata üzv olan bütün dövlətlərlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub. Bu baxımdan, ölkələrimiz arasında ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur.

Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır. Eyni zamanda, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Türk dünyasının geostrateji mövqeyi ölkələrimiz üçün olduqca böyük üstünlüklər yaradır. Avropa ilə Asiyanı birləşdirən, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən regionumuz beynəlxalq nəqliyyat və logistika baxımından mühüm əhəmiyyətə malikdir. Bu potensialdan daha səmərəli istifadə etmək üçün nəqliyyat bağlantılarının inkişafı və tranzit imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Prezident bildirib ki, biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir: “Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılmışdır. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır.”

Bu gün biz türkdilli ölkələrin dünya miqyasında böyük gücə çevrilməsinin şahidiyik. 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən Türk dünyası bir ailədir. Bu gün Türk dünyası əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur. Tərəfdaşlıqdan inteqrasiyaya yeni yol başlayıb. Təşkilata üzv ölkələr bütün sahələr, o cümlədən müdafiə, təhlükəsizlik və hərbi sənayesini yeni əməkdaşlıq sahəsi kimi inkişaf etdirməyi qarşıya hədəf qoyub.

“BU GÜN BİZİM ÜÇÜN ƏSAS OLAN MƏSƏLƏDƏ, YƏNİ QARABAĞIN VƏ ŞƏRQİ ZƏNGƏZURUN BƏRPASINDA YENƏ DƏ BİZİM YANIMIZDA QARDAŞ ÖLKƏLƏRDİR”

2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgənin inkişafında yeni mərhələ başlayıb. “Xüsusi minnətdarlığı Qarabağın bərpasına qardaş ölkələrin dəstəyinə görə ifadə etmək istərdim. Həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir. Bildiyiniz kimi, artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şavkat Miromonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik. Yəni bütün bunlar bir daha göstərir ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik”, - deyə dövlət başçımız bildirib.

Türk dövlətlərinin yerləşdiyi geniş Avrasiya məkanı – Qafqazdan Mərkəzi Asiyaya, Anadoludan Xəzərin şərq sahillərinə qədər uzanan strateji coğrafiya – nəqliyyat, enerji və mədəni-humanitar əlaqələr üçün misilsiz imkanlar yaradır. Bu coğrafiya dünyanın ən mühüm ticarət marşrutlarının kəsişməsində yerləşir və faktiki olaraq Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şərq–Qərb dəhlizi kimi layihələr region dövlətləri arasında diplomatik və siyasi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Bu layihələr həm də yeni reallıqlar fonunda risklərin kollektiv qiymətləndirilməsini, təhlükəsizlik infrastrukturunun müasirləşdirilməsini tələb edir. Çünki nəqliyyat dəhlizlərinin təhlükəsizliyi yalnız iqtisadi deyil, həm də siyasi məsələdir. Bu baxımdan türk dövlətlərinin birgə hərəkəti vacibdir.

“Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq”, - deyə Prezident çıxışında diqqətə catdırıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər