Mayın 4-də Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək regionda yaranmış yeni siyasi reallıqlardan, Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dəyişikliklərdən və gələcək əməkdaşlıq perspektivlərindən danışdı. Ermənistanın paytaxtı İrəvanda keçirilən toplantıda dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan ilə Ermənistan arasında artıq yeni bir mərhələ başlanıb və tərəflər müharibə dövrünü arxada qoyaraq sülh şəraitində yaşamağa çalışırlar. Dövlət başçısı qeyd etdi ki, ötən ilin avqustunda Vaşinqtonda Ağ Evdə Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzalayıblar. Həmin sənəd iki ölkə arasında münasibətlərin normallaşması baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın da şahid qismində sənədə imza atması bu prosesə beynəlxalq dəstəyin göstəricisi hesab olunur. Xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflaması isə artıq tərəflərin sülh iradəsini konkret addımlarla nümayiş etdirdiyini ortaya qoyur.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq humanitar və iqtisadi sahədə mühüm addımlar atıb. Dövlət başçısının sözlərinə görə, ölkəmiz 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bunun nəticəsində indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük daşınıb. Bu fakt regionda etimad mühitinin formalaşması və kommunikasiyaların bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın təşəbbüsləri yalnız tranzit imkanları ilə məhdudlaşmayıb. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkəmiz ilk dəfə olaraq öz neft məhsullarını – benzin və dizeli Ermənistana ixrac etməyə başlayıb. Bu günə qədər Ermənistana 12 min ton Azərbaycan neft məhsulu göndərilib. Bu addım iki ölkə arasında iqtisadi əlaqələrin formalaşması istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Uzun illər qarşıdurma şəraitində yaşayan iki dövlət arasında ticarət münasibətlərinin yaranması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm amildir.
Prezident İlham Əliyev çıxışında onu da vurğuladı ki, Ermənistanın Azərbaycanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına ev sahibliyi etməsi ilə bağlı namizədliyini dəstəkləməsi iki ölkə arasında münasibətlərin normallaşmasının real nəticələrindən biridir. Dövlət başçısı qeyd etdi ki, cəmi doqquz aydır sülh şəraitində yaşayan tərəflər artıq qarşılıqlı əməkdaşlığın üstünlüklərini görməyə başlayıblar.
Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma regionda davamlı sülhün təmin olunmasına xidmət edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Cənubi Qafqaz qarşıdurma məkanı deyil, əməkdaşlıq və iqtisadi tərəfdaşlıq regionuna çevrilməlidir. Bu baxımdan kommunikasiya xətlərinin açılması, ticarət əlaqələrinin qurulması və humanitar addımların atılması gələcək münasibətlər üçün möhkəm zəmin yaradır.
“Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün təşəbbüskar tərəf kimi çıxış edir. Ölkəmizin həyata keçirdiyi addımlar yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyi və regional sabitlik üçün də mühüm əhəmiyyət daşıyır.
Bu gün Cənubi Qafqazda formalaşan yeni siyasi mənzərə Azərbaycanın diplomatik uğurlarının və uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışı isə regionda sülh və əməkdaşlıq üçün real imkanların mövcud olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi