XXI əsrin üçüncü onilliyi beynəlxalq münasibətlər sistemində dərin transformasiyalar dövrü kimi xarakterizə olunur. Qlobal güc mərkəzləri arasında rəqabətin artması, enerji və nəqliyyat marşrutlarının strateji əhəmiyyətinin yüksəlməsi, regional təhlükəsizlik məsələlərinin ön plana çıxması dünya siyasətinin yeni konturlarını formalaşdırır. Belə mürəkkəb geosiyasi şəraitdə dövlətlərin milli maraqlarını təmin etməsi, etibarlı tərəfdaşlıqlar və strateji müttəfiqliklər qurması xüsusi əhəmiyyət kəsb edir. 2021-ci il iyunun 15-də imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” məhz bu baxımdan yalnız iki dövlət arasında münasibətləri tənzimləyən sənəd deyil, yeni beynəlxalq reallıqlar fonunda regional güc balansına təsir göstərən mühüm geosiyasi hadisə kimi qiymətləndirilməlidir.
Şuşa Bəyannaməsi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra meydana çıxmış yeni geosiyasi reallıqların siyasi-hüquqi ifadəsidir. Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etməklə yalnız uzun illər davam edən işğala son qoymadı, eyni zamanda Cənubi Qafqazın siyasi xəritəsində yeni mərhələnin əsasını qoydu. Bu mərhələnin əsas xüsusiyyətlərindən biri region dövlətlərinin artıq postmünaqişə dövrünün çağırışlarına uyğun yeni əməkdaşlıq modelləri formalaşdırmaq zərurəti ilə üz-üzə qalmasıdır. Şuşa Bəyannaməsi məhz belə bir dövrdə Azərbaycan və Türkiyənin ortaq strateji baxışını ortaya qoydu.
Bəyannamənin geosiyasi əhəmiyyətini şərtləndirən əsas amillərdən biri onun regionun təhlükəsizlik arxitekturasına təsiridir. Uzun illər ərzində Cənubi Qafqaz xarici güclərin rəqabət meydanlarından biri kimi çıxış edib. Müxtəlif maraqların toqquşduğu bu coğrafiyada dayanıqlı təhlükəsizlik modelinin formalaşdırılması həmişə mürəkkəb məsələ olub. Azərbaycan-Türkiyə müttəfiqliyi isə regionda sabitliyin və qarşılıqlı əməkdaşlığın təmin edilməsinə yönəlmiş yeni təhlükəsizlik konsepsiyasının əsas elementlərindən birinə çevrilib. Bu baxımdan Şuşa Bəyannaməsi təkcə iki ölkənin təhlükəsizlik maraqlarının uzlaşdırılması deyil, həm də regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş strateji mexanizm kimi çıxış edir.
Sənədin mühüm cəhətlərindən biri də onun enerji və nəqliyyat geosiyasəti ilə sıx bağlı olmasıdır. Son illər dünyada enerji təhlükəsizliyi məsələsinin aktuallığının artması Azərbaycan və Türkiyənin strateji əhəmiyyətini daha da yüksəldib. Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən enerji dəhlizlərinin əsas iştirakçıları olan hər iki dövlət qlobal enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr artıq yalnız iqtisadi deyil, geosiyasi məzmun daşıyan təşəbbüslərdir. Şuşa Bəyannaməsi bu əməkdaşlığın gələcək inkişafına siyasi təminat yaratmaqla yanaşı, Azərbaycan və Türkiyənin Avrasiyanın enerji xəritəsində mövqelərini daha da gücləndirir.
Yeni dünya nizamının formalaşdığı şəraitdə nəqliyyat marşrutları da dövlətlərin geosiyasi çəkisini müəyyən edən əsas amillərdən birinə çevrilib. Qərblə Şərqi birləşdirən Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycan və Türkiyə Avrasiyanın əsas tranzit qovşaqlarından biri kimi çıxış edir. Bu marşrutun inkişafı yalnız iqtisadi dividendlər vəd etmir, həm də regionun geosiyasi əhəmiyyətini artırır. Şuşa Bəyannaməsi nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafını strateji prioritetlərdən biri kimi müəyyənləşdirərək Azərbaycanın və Türkiyənin qlobal ticarət və logistika sistemində rolunun möhkəmlənməsinə xidmət edir.
Şuşa Bəyannaməsinin geosiyasi mahiyyətini Türk dünyasının inteqrasiyası kontekstində də qiymətləndirmək lazımdır. Son illərdə türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, ortaq iqtisadi və siyasi təşəbbüslərin genişlənməsi yeni geosiyasi reallıq formalaşdırır. Azərbaycan və Türkiyə bu prosesin aparıcı qüvvələri kimi çıxış edir. Şuşa Bəyannaməsi isə Türk dünyasının həmrəyliyini gücləndirən, ortaq maraqların müdafiəsinə xidmət edən mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Bu sənəd türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi üçün yeni imkanlar açır və bütövlükdə türk coğrafiyasının beynəlxalq nüfuzunun artmasına töhfə verir.
Bəyannamənin imzalanma məkanı da onun geosiyasi məzmununu tamamlayan mühüm amildir. Şuşa Azərbaycanın tarixi-mədəni irsinin simvollarından biri olmaqla yanaşı, Vətən müharibəsində qazanılmış Zəfərin rəmzidir. Müttəfiqlik sənədinin məhz işğaldan azad edilmiş Şuşada imzalanması yeni geosiyasi reallıqların artıq dəyişməz xarakter aldığını nümayiş etdirdi. Bu, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi mesaj idi: Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, Türkiyə isə bu prosesdə onun yanında yer alıb və iki ölkə bundan sonra da regional proseslərdə birgə fəaliyyət göstərəcək.
Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalanması mərasimində səsləndirdiyi “Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir” fikri sənədin mahiyyətini dəqiq ifadə edir. Həqiqətən də, Şuşa Bəyannaməsi yalnız mövcud münasibətlərin hüquqi təsbiti deyil, gələcəyə hesablanmış geosiyasi baxışın təcəssümüdür. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini yeni mərhələyə yüksəltməklə yanaşı, Cənubi Qafqazda əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar yaradır.
Bu gün artıq əminliklə demək olar ki, Şuşa Bəyannaməsi XXI əsrin ilk yarısında regionun siyasi inkişaf trayektoriyasına təsir göstərən ən mühüm sənədlərdən biridir. Qlobal güc balansının yenidən formalaşdığı, yeni dünya nizamının konturlarının müəyyənləşdiyi bir dövrdə Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi təkcə iki qardaş dövlətin maraqlarına deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin və tərəqqinin təmin olunmasına xidmət edən mühüm geosiyasi amil kimi çıxış edir.
Fərhad Baxışov,
YAP Neftçala rayon təşkilatının əməkdaşı