PDF Oxu

Siyasət

  • 479

Şuşa Bəyannaməsi - Əcdadlarımızın vəsiyyəti və əbədi ittifaqın manifesti - ŞƏRH

image

İnam, sadiqlik və strateji zəka üzərində qurulan dövlətlərarası münasibətlər sadəcə diplomatik sənədlərlə deyil, xalqların ortaq taleyi ilə möhürlənir. 15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı, azad Şuşada imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" məhz belə bir tarixi taleyin qanunauyğunluğudur. Bu sənəd iki qardaş ölkənin keçmişin sınaqlarından keçərək formalaşmış sarsılmaz bağlarını hüquqi və siyasi cəhətdən ən uca zirvəyə daşımışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu imza sadəcə bu günü deyil, keçmişi və gələcəyi birləşdirən möhtəşəm bir körpüdür: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Şuşa Bəyannaməsi regional və qlobal miqyasda bütün beynəlxalq birliyə verilmiş ən kəsərli strateji mesajdır. Sənədin təməl fəlsəfəsi Ankara və Bakının artıq sadəcə dost və tərəfdaş deyil, rəsmən, hüquqi olaraq müttəfiq olduğunu bəyan edir. Bu bəyannamə ilə hər iki dövlət beynəlxalq arenasinda vahid güc mərkəzi kimi çıxış etmək iradəsini ortaya qoymuşdur. Bu tarixi akt bütün dünyaya aydın şəkildə mesaj verir ki, regionda hər hansı bir geosiyasi layihə, təhlükəsizlik arxitekturası və ya iqtisadi təşəbbüs bu iki dövlətin rəyi və maraqları nəzərə alınmadan reallaşa bilməz. Şuşa Bəyannaməsi, eyni zamanda Türk dünyasının inteqrasiyasının və Cənubi Qafqazda formalaşan yeni nizamın geri dönməzliyinin ali sübutudur.

Tarix təsadüfləri sevmir, o, tarixi qanunauyğunluqlar və silsilə varislik üzərində qurulur. Şuşa Bəyannaməsinin 1921-ci il oktyabrın 13-də imzalanmış tarixi Qars müqaviləsinə birbaşa istinad etməsi təkcə hüquqi əsas deyil, həm də dərin rəmzi və mənəvi məna daşıyır. Cənab Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanması mərasimindəki çıxışında bu varisliyi xüsusi olaraq qeyd edərək bildirmişdir ki, birgə bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilməsi böyük rəmzi məna daşıyır və yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini aydın göstərir. Bu tarixi istinad regional status-kvonu və sərhədləri güc yolu ilə dəyişmək istəyən hər bir dairəyə xatırlatmadır ki, Türkiyə və Azərbaycanın ortaq təhlükəsizlik çətiri bir əsr əvvəl olduğu kimi, bu gün də sarsılmazdır və beynəlxalq hüququn ali prinsiplərinə söykənir.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi təkcə hərbi-siyasi sferanı əhatə etmir, həm də hər iki dövlətin iqtisadi inkişafına və qüdrətinin artırılmasına nəhəng təkan verir. Bu baxımdan bəyannamədə Zəngəzur dəhlizinin açılması və Şərq-Qərb mərkəzi nəqliyyat dəhlizinin mühüm halqası kimi inkişaf etdirilməsi hər iki ölkənin qlobal tranzit potensialını maksimuma çatdırır. Eyni zamanda preferensial ticarət sazişlərinin əhatə dairəsinin genişləndirilməsi qarşılıqlı mal dövriyyəsini hədəflənən milyardlarla dollar səviyyəsinə qaldırmağa hüquqi zəmin yaradır. Bununla yanaşı TANAP və TAP kai qlobal enerji layihələrinin effektivliyinin artırılması, Cənub Qaz Dəhlizinin genişləndirilməsi Avropanın enerji xəritəsində Bakı və Ankaranın strateji rolunu daha da möhkəmləndirir və iqtisadi müstəvidə yeni üfüqlər açır.

Şuşa Bəyannaməsinin ən mühüm bəndlərindən birini hərbi sahədə qarşılıqlı yardım və təhlükəsizlik öhdəlikləri təşkil edir. Sənədə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, yaxud təcavüz edildiyi təqdirdə, tərəflər bir-birinə BMT Nizamnaməsinə uyğun olaraq lazımi hərbi və siyasi köməkliyi göstərəcəklər. Bu bənd regionda sabitliyi pozmağa çalışan revanşist qüvvələrə və onların xaricdəki havadarlarına ünvanlanmış ən açıq, kəsərli və sərt xəbərdarlıqdır. Şuşadan ucalan bu səs bəyan edir ki, Azərbaycana qarşı edilən hər hansı bir hərbi təhdid birbaşa Türkiyəyə qarşı edilmiş sayılacaqdır. Bu ise regionda yeni müharibə və xaos xəyalına düşənlərin qarşısında keçilməz bir sipərdir.

Nəticə etibarilə, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər Şuşa Bəyannaməsi ilə özünün ən yüksək intibah dövrünü yaşayır. Böyük Öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" fəlsəfəsi və Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" formulu bu sənədlə XXI əsrin real, sarsılmaz və rəsmi hüquqi gerçəkliyinə çevrilmişdir. Şuşa Bəyannaməsi sadəcə şanlı keçmişə və əcdadların vəsiyyətinə sadiqlik nümunəsi deyil, həm də müasir qlobal fırtınalar fonunda gələcək nəsillərin yolunu işıqlandıran əbədi bir mayakdır. Bu ittifaq regionda sülhün, tərəqqinin və ədalətin ən güclü təminatçısıdır.

Ülkər Əliyeva

Naxçıvan MR Turist Diyarşünaslıq Mərkəzinin əməkdaşı, YAP Naxçıvan şəhər təşkilatının fəalı

Digər xəbərlər