PDF Oxu

Siyasət

  • 2 188

150 yaşlı mediamızda əsaslı islahatların vaxtı çatdı: nələr dəyişəcək? – ANALİZ

image

Azərbaycan mediası 1875-ci ildən bu yana keşməkeşli və maraqlı tarix proseslərə şahidlik edib, eyni zamanda ölkəmizin 150 illik tarixinin yazılı (həm də auidovizual) xəzinəsinə çevrilib. Klassik mətbuatımız, televiziyamız, radiomuz böyük bir mədəniyyət məbədi funksiyasına yiyələnib və xalqımızın məlumatlanmasında, maariflənməsində, mədəni səviyyəsinin yüksəldilməsinə əvəzedilməz rol oynayıb.

Son dövrlərdə isə texnologiyanın sürətli inkişafı ilə medianın klassik iş texnologiyasını tamamilə dəyişib. Müasir media tendensiyaları bu sahədə çox mürəkkəb və ziddiyyətli vəziyyət yaradıb. Klassik, peşəkar media ilə yanaşı ortalıqda daha bir “media” var- “sosial media” adlandırılan sosial şəbəkə səhifə və kanalları, saytlar, bloqlar və sair internet resursları. İkincilər həqiqi media sayılmasa da, kütlə onları media kimi qəbul edir. Çünki artıq kütləvi informasiya vasitələri formasına keçiblər. Onlardan bəzilərinin auditoriyası peşəkar media resurslarından çoxdur. Nəticədə informasiya məkanında qarışıqlıq, nəzarətsizlik və nizamsızlıq hökm sürür. Ortalıqda bir hadisə və ya proses haqda tam antipod xəbərlər dolaşır- bir tərəfdə məsələ başqa cür verilir, digər tərəfdə başqa cür. Beləliklə, oxucu, tamaşaçı, dinləyici auditoriyası çaş-baş qalır- hansının doğru olduğunu təyin edə bilmir.

İnternet medianın inkişafı, bu sahədə ictimai və dövlət nəzarətinin olmaması çox ciddi problemlər yaradır. Biz bunu müxtəlif vaxtlarda və kritik situyasiyalarda dəfələrlə görürük. Belə vəziyyətlərdə dezinformasiyalar, qərəzli, böhtan və təxribat xarakterli materiallar çoxalır.

Artıq internet məkanında minlərlə sayt, sosial şəbəkə səhifələri və kanalları açılıb və bunun adı media qoyulub. Bundan ən çox bəhrələnənlər isə xalqımıza və ölkəmizə zərər vuran xarici və daxili qüvvələrdir. Bəziləri özlərini media kimi qələmə verərək internet məkanında qanunsuz biznes qururlar. Bir sira xarici dairələr isə bu məkanda zərərli təbliğat aparır, dezinformasiya yayır, təxribat təşkil edirlər. Lakin adi izləyicilər onların funksiyasını və məqsədlərini bilmirlər və onları media hesab edirlər.

Getdikcə internet məkanında bu “media”nın üstünlüyü ələ alması peşəkar medianı kölgədə qoyur. Üstəlik, indi hamı bir növ jurnalist olub- hərənin əlində kamera və diktofona malik internetə bağlı smartfon var- istənilən hadisəni dərhal çəkib şəbəkəyə yerləşdirirlər və peşəkar media tərpənənədək əhali bu hadisəni görür. Artıq ciddi medianın hazırladığı xəbər materialı daldan atılan daşa bənzəyir.

Burda fərq ondan ibarətdir ki, peşəkar medianın, həqiqi jurnalistlərin öz iş prinsipləri, peşə etikası, sosial və hüquqi məsuliyyəti var. Sosial şəbəkə istifadəçilərinin isə belə məsuliyyətləri yoxdur. Peşəkar jurnalist hadisə və ya proses haqda ətraflı məlumat toplamalı, mövzu ilə bağlı rəsmi mövqe almalı, ekspert rəyi verməlidir. Bu isə müəyyən vaxt aparır.

Sosial şəbəkə istifadəçisi isə harda nə gördü eşitdisə onu birbaşa yayımlayır və istədiyi kimi qələmə verir. Nəticədə ilk xəbər onlardan çıxır və sonra peşəkar media hadisənin, prosesin həqiqi mahiyyətini çatdırana qədər kütlələr aldanmış olur. Bundan başqa süni intellekt sistemlərinin inkişafı, video və foto montaj proqramının mükəmməlləşməsi sosial şəbəkələrdə saxta materialların sayını artırır və adi oxucu, tamaşaçı bunların həqiq və ya saxta olduğunu seçmə bilmir. Beləliklə, istənilən saxta məlumatı yayaraq cəmiyyətdə istənilən ictimai rəyi yaratmaq asan olur. Bu isə çox təhlükəli tendensiyadır. Bu yolla ölkədə bəzi qüvvələr saxta məlumatlarla genişmiqyaslı təxribat da törədə bilərlər. Ona görə də, cəmiyyətə həqiqi media ilə saxta medianı, peşəkar jurnlalistlə bloggerin fərqi izah edilməlidir.

Media kütlələrə psixoloji təsir silahıdır. Bu silah dövlətin, cəmiyyətin əlində olmaldır. Bunun üçün peşəkar medianın inkişafına daha ciddi diqqət verilməlidir. Klassik mediada obyektivlik, peşəkarlıq, operativlik üçün maddi-texniki baza güclü olmalıdır. Bununla bağlı ilk vaxtlarda media orqanlarına maliyyə yardımı lazımdır. Hər hansı bir media özünü tam doğruldanadək ona edilən yardımlarla, peşəkarları ətrafına toplamalı və onları əlində saxlamağı bacarmalıdır. Peşəkarlıqdan kənar, intellektual bazası olmayan ucuz işçi qüvvəsinin toplanması mediada özünü doğrultmayan, yanlış və effektsiz materialların yayımlanmasına səbəb olur. Bundan başqa, media özünü daha savadlı və təcrübəli əməkdaşlarla təmin edə bilməlidir. İntellektual səviyyəsi zəif olan, müəyyən təcrübə bazası olmayan şəxsin cəmiyyət qarşısında çıxış etməsi düzgün deyil.

Bütün bu məsələlər kompleks şəklində həll edilməlidir. Məsələnin bir tərəfini həll edib, digər tərəfini boş buraxdıqda bu problemlər ortadan qalxmayacaq. Artıq son illərdə aparılmış işlər bu sahədə müsbət tendensiyaların əsasını qoyub və xeyli dəyişiklik baş verib. Bu işlər davam etdirildikdə, tezliklə media sahəsində sağlam və təhlükəsiz mühitin yarandığını görə bilərik.

Ümumiyyətlə, son illərdə Medianın İnkişafı Agentliyi jurnalistlər peşəkarlığının artırılması, media məkanında daha savadlı, daha peşəkar, daha faydalı yazıların çoxalması üçün müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirir. Jurnalistlərə təlim kursları təşkil olunur, gənc jurnalistlərin media peşəkarları ilə görüşləri təşkil olunur, yazı müsabiqələri təşkil olunur və s.

Media haqda Qanun da bu istiqamətdə fundamentlan islahatların aparılması məqsədilə qəbul olunub. Dövlət peşəkar medianı sosial mediadan ayırmaqla onun daha üstün olduğunu cəmiyyətə göstərir. Media subyektlərinin və jurnalistlərin vahid reyestrinin yaradılması da buna xidmət edir. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların peşəkar iş mühitində çalışması və əmək hüquqlarının qorunması, media subyektlərinin zamanla ayaqlaşa bilməsi üçün maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər təqdirəlayiqdir.

Beləliklə, peşəkar medianın sıradan çıxmaması, nüfuz və təsirini saxlaması üçün daha böyük iş aparılmalıdır. Burada həm dövlətin, həm də cəmiyyətin rolu vacibdir. Klassik media öz problemlərini öyrənməli, müzakirə etməli və həlli üçün çalışmalıdır. Bunun üçün media sahəsində dövlət siyasəti vahid mərkəzdən tənzimlənməli idi.

Artıq bu prosesə başlanıb. Azərbaycan Respublikası Media və Yayım Şurasının yaradılması ilə bağlı “Media haqqında” Qanuna təklif olunan dəyişikliklərdə maraqlı məqamlar yer alıb.

Hazırda media sahəsindəki islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyəti bir-birini tamamlayan mexanizm üzərində qurulub. Bu iki qurumun əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasından irəli gəlir.

Media və Yayım Şurası ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən ən effektiv demokratik mexanizmdir.

Beynəlxalq təcrübə də göstərir ki, media sahəsində tənzimləmə və inkişaf funksiyalarının vahid və ya əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilməsi daha effektiv nəticələr verir.

İnformasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində ölkənin informasiya məkanını çirkləndirmə cəhdlərinin, habelə dezinformasiya dalğasının təsirlərinin azaldılması və bu kimi neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparılmasına şərait yaradacaqdır.

Qanunda nəzərdə tutulan dəyişikliklər daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.

Məqsədi media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları sistemləşdirimək olan Media Reyestrinə jurnalistlərin daxil edilməsi və müvafiq vəsiqə ilə təmin olunmaları qanuna dəyişikliklərdən sonra ödənişsiz əsasda həyata keçiriləcəkdir.

Şübhə yoxdur ki, aparılan bu islahatlar media sahəsində vəziyyəti sağlamlaşdıracaq, Azərbaycan mediasının dünya media məkanında öz layiqli yerini tutması üçün lazımi şərait yaradacaq.

Elçin Bayramlı

Digər xəbərlər