"Bu günlərdə ABŞ Prezidenti Donald Trampın doğum günü münasibətilə dünyanın bir çox ölkələrindən və tanınmış şəxslərdən ona təbrik teleqramları ünvanlanıb. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin də ona göndərdiyi təbrik məktubu mətbuatda dərc olunub". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin təbrikində səmimilik hiss olunur, Donald Trampın liderlik keyfiyyətləri yüksək qiymətləndirilir və iki dövlət arasında münasibətlərin bundan sonra da daha da inkişaf edəcəyinə inam ifadə edilir:"Xüsusilə, Donald Tramp güclü dövlətin nüfuzlu lideri kimi xarakterizə olunur. Onun fəaliyyəti dövründə Azərbaycan–ABŞ münasibətlərinin inkişaf etdiyi vurğulanır. Təbrik məktubunda Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsinin əhəmiyyəti qeyd olunur. Eyni zamanda, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsinin vacibliyi diqqətə çatdırılır. Dövlət başçısı İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar arzulayır. Məktubda Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın bundan sonra da bütün sahələr üzrə inkişaf edəcəyinə əminlik ifadə olunur.Bu təbrik məktubu bir daha göstərir ki, dövlət başçıları yalnız öz ölkələrinin deyil, həm də beynəlxalq münasibətlər sisteminin formalaşmasında mühüm rol oynayırlar. Dünyada sülhün, sabitliyin və əməkdaşlığın təşviq olunması istiqamətində liderlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır".
Müəllif: Arzu Qurbanlı