PDF Oxu

Siyasət

  • 601

22 iyul əlamətdar hadisələrlə yaddaqalan mühüm tarixdir - ŞƏRH

image

XIX əsrin əvvəllərində müharibə meydanına çevrilən, son nəticədə iki yerə parçalanan Azərbaycanın şimal hissəsi müstəmləkə rejimi altında yaşamağa məhkum oldu. Təbii ki, bu rejim altında yaşayan xalqımızın bütün sahələrdə inkişafının qarşısı alınır, hüquqları daim tapdalanırdı. Belə ki, Avropada kapitalizmin inkişafı ilə çar Rusiyasında da özünü büruzə verən yeniliklərin ölkəmizdə də tətbiqi ləngdilirdi. Belə sahələrdən biri də Azərbaycanda milli mətbuatın yaranması prosesi idi.

Azərbaycan milli mətbuatının şanlı tarixi 1875-ci il iyulun 22-də böyük maarifçi və mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə başlayıb. İki ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, milli özünüdərk hissinin güclənməsinə, ana dilinin inkişafına və müasir ictimai fikir mühitinin formalaşmasına mühüm təkan verdi. Həsən bəy Zərdabi mətbuatı xalqın tərəqqisinin əsas vasitələrindən biri hesab edir, qəzet vasitəsilə cəmiyyətin elmə, təhsilə və yeniliyə açıq olmasını təşviq edirdi. Rusiyada baş verən I burjua inqilabından sonra yaranan şəraitdə bütün sahələrdə nəzərə çarpan tərəqqi fonunda milli mətbuatın bolluğu özünü göstərdi. Lakin bu inkişaf Azərbaycan Xalq Cümhuriyyətinin süuqutuna qədər davam etdi. 70 illik sovet hakimiyyəti dövründə ədəbi yaradıcılıq istisna olmaqla, mətbuatda elə bir ciddi inkişaf əldə edilmədi, üstəlik senzura söz və mətbuat azadlığının qarşısını alan ən böyük əngəl idi. Sovet quruluşu süqut edənə qədər də senzura nəzarəti altında media qurumları respublikada rus və Azərbaycan dilində fəaliyyət göstərirdi. Rejimin son illərində M.Qorbaçov tərəfindən ortaya atılan “yenidənqurma” və “aşkarlıq” siyasəti nəticəsində, respublikada baş qaldıran siyasi təlatümlərlə paralel olaraq, ictimai qurumların, qeyri-dövlət təşkilatlarının rəsmi mətbu orqanları fəaliyyətə başladı.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkədə Azərbaycan Respublikasında hökm sürən siyasi böhran, müharibə vəziyyəti, iqtisadi tənəzzül və xaos media sahəsinə də mənfi təsir göstərirdi. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin sayəsində bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafı üçün də möhkəm təməl yaradıldı. Ulu Öndər mətbuatı demokratik cəmiyyətin əsas sütunlarından biri hesab edir, söz və fikir azadlığının təmin edilməsini dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi qiymətləndirirdi. Onun rəhbərliyi ilə ölkəmizdə medianın sərbəst fəaliyyəti üçün hüquqi baza formalaşdırıldı, jurnalistlərin peşə fəaliyyətinə dövlət təminatları yaradıldı. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında söz, fikir və məlumat azadlığı fundamental hüquq kimi təsbit olundu. Medianın yüksəlişi, siyasi partiyaların və ictimai təşkilatların orqanlarının çoxtirajlı çapı ilə müşayiət olunsa da, həmin dövrdə mətbuat üzərindəki sovetdən qalma senzura hər informasiyanı yaymağa imkan vermirdi. Senzuranın ləğvi də məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 1998-ci ilin avqustunda senzura götürüldü.

1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun və digər normativ-hüquqi aktların qəbul edilməsi Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının bərqərar olması üçün ciddi zəmin yaratdı, milli mətbuatın fəaliyyətini beynəlxalq standartlara uyğun hüquqi əsaslarla təmin etdi. 2000-ci ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə “2000–2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı” təsdiq olundu. Bir sıra qəzetlərin borcları silindi. 2003-cü ilin mart ayında isə media-hakimiyyət münasibətlərini tənzimləyən qurum – Azərbaycan Mətbuat Şurası yaradıldı.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edilmiş, həmin Sərəncam əsas götürülərək, 2009-cu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmin fond vasitəsilə layihələrin həyata keçirilməsi bu qəbildən olan addımlardandır. Vurğulamaq yerinə düşər ki, dövlətimizin başçısının rəhbərliyi ilə informasiya cəmiyyətinin tələblərinə cavab verən genişmiqyaslı institusional və hüquqi islahatlar həyata keçirilib, media sisteminin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Bu addımların nəticəsidir ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində böyük peşəkarlıq nümayiş etdirdi. Jurnalistlər dövlətimizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın dezinformasiya kampaniyasının ifşa edilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərdilər. Bu gün isə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, Böyük Qayıdış proqramının, Azərbaycanın beynəlxalq təşəbbüslərinin, regional əməkdaşlıq layihələrinin və ölkəmizin artan beynəlxalq nüfuzunun dünyaya çatdırılmasında milli medianın üzərinə mühüm məsuliyyət düşür.

44 günlük Vətən müharibəsindən sonra dövlətin media siyasətində də dəyişiklik baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu. Ölkədə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi kimi yanaşmaq lazımdır Dövlət başçısı cənab İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə MEDİA-nın yaradılması ilə çətin günlərini yaşayan ənənəvi və yeni media subyektlərinə yeni dövrün yeni reallıqları və şərtləri çərçivəsində təmənnasız maliyyə dəstəyi göstərilməsi davam etməkdədir. 2021-ci ildə qəbul edilən “Media haqqında” qanun isə milli media sisteminin müasir hüquqi çərçivəsini formalaşdırdı. Yeni qanun media münasibətlərinin daha sivil əsaslarla tənzimlənməsinə, peşə etikası prinsiplərinin möhkəmləndirilməsinə, media subyektlərinin məsuliyyətinin artırılmasına, jurnalist peşəsinin nüfuzunun yüksəldilməsinə və informasiya mühitində şəffaflığın təmin olunmasına xidmət edir. Bu arada cari ilin iyul ayında Milli Məclisin yaz sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna dəyişikliklər sırasında Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılması təklif edilib. Yəni bundan sonra Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq. Ümid edirik ki, yeni dəyişikliklər media sahəsində islahatlara mühüm töhfə olacaq.

Birmənalı olaraq qeyd etmək mümkündür ki, bu gün 151-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan milli mətbuatı yarandığı gündən onun üzərinə düşən ali missiyanı şərəflə yerinə yetirib. Müasir dövrdə medianın əsas missiyası yalnız xəbər yaymaq deyil. Media cəmiyyətə düzgün istiqamət göstərən, milli maraqları qoruyan, dövlətçilik ideyalarını təbliğ edən, ictimai həmrəyliyi möhkəmləndirən və gələcək nəsillərin milli ruhda yetişməsinə töhfə verən mühüm ictimai institutdur. XXI əsrdə informasiya artıq iqtisadi, siyasi və hərbi resurslarla yanaşı, dövlətlərin qüdrətini müəyyən edən əsas amillərdən birinə çevrilib. İnformasiya müharibələrinin, dezinformasiyanın və rəqəmsal manipulyasiyaların geniş vüsət aldığı müasir dövrdə peşəkar media təkcə xəbərləri operativ çatdırmaq funksiyasını yerinə yetirmir, eyni zamanda milli təhlükəsizliyin qorunmasında, ictimai sabitliyin təmin edilməsində, dövlət maraqlarının müdafiəsində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır.

Bir sözlə, Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı media siyasəti və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar nəticəsində milli mətbuatımızın bundan sonra da Azərbaycanın dövlətçilik maraqlarına, cəmiyyətimizin tərəqqisinə və milli həmrəyliyimizin möhkəmlənməsinə, dövlətimizin milli maraqlarının qorunmasına, cəmiyyətimizin inkişafına və haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasına layiqincə töhfə verəcəyinə şübhə yoxdur.

Yeri gəlmişkən, qeyd edək ki, 22 iyul Azərbaycan tarixində daha bir əlamətdar hadisə ilə yadda qalıb. 1990-cı il iyulun 20-də Moskvadan Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev iyulun 22-də Naxçıvana getdi. Bu hadisə təkcə böyük dövlət xadiminin doğma yurda dönüşü deyil, Azərbaycan dövlətçiliyinin xilasına aparan yolun başlanğıcı idi. İllər keçdikcə daha aydın görünən həmin taleyüklü hadisəni milli iradənin yenidən dirçəlişi, dövlətçilik ideyasının xilası və Azərbaycanın gələcəyinə açılan yol kimi də qiymətləndirmək olar.

Zamir HÜSEYNOV,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Digər xəbərlər