PDF Oxu

Siyasət

  • 895

Bəhruz Quliyev: Separatizmin kitabı bağlanıb, Ermənistan bunu qəbul etməlidir

image

"2023-cü il sentyabrın 20-si Azərbaycan tarixində yalnız hərbi Qələbə deyil, dövlət suverenliyinin tam bərpası ilə nəticələnən tarixi hadisədir. Həmin gün Azərbaycan Ordusu Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qanunsuz silahlı dəstələri tərksilah etdi, konstitusiya quruluşunu bərpa etdi və Azərbaycan ərazisində yaradılmış qondarma separatçı rejimin mövcudluğuna son qoyuldu. Azərbaycan Prezidentinin sərəncamında da məhz bu əsasla 20 sentyabr Dövlət Suverenliyi Günü elan edilib.
Burada əsas məqam budur ki, Qarabağda qondarma "dövlət" heç vaxt hüquqi dövlət olmayıb. Onun silahlı dayaqları aradan qalxdıqdan sonra həmin separatçı idarəçilik də süqut etdi. Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, bununla separatçıların kitabı bağlandı.
Bu gün Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, bu mövqe praktiki addımlarla da təsdiqlənməlidir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, deməli, Ermənistan ərazisində Azərbaycan ərazisinə münasibətdə hər hansı "qondarma hökumət", "parlament" və ya digər separatçı strukturların yenidən təşkilatlanmasına şərait yaradılması bu mövqe ilə ziddiyyət təşkil edər.
Azərbaycan sülh tərəfdarıdır, lakin sülh suverenlikdən imtina demək deyil. Qarabağda separatçı rejimə son qoyulması artıq baş vermiş tarixi və siyasi reallıqdır. Bu reallığı dəyişmək cəhdləri nə hüquqi, nə də siyasi baxımdan nəticə verə bilər.
"Ermənistan Azərbaycanın səbrini sınağa çəkməməlidir. Çünki Azərbaycan öz ərazi bütövlüyü və dövlət suverenliyi məsələsində prinsipial mövqeyini dəfələrlə nümayiş etdirib.
20 sentyabr Azərbaycanın suverenliyinin bərpasının tarixidir. Qarabağda separatizmin tarixi isə başa çatıb. Geri dönüş yoxdur." deyə, B.Quliyev əlavə edib.

Digər xəbərlər