“Sağdır dilim, demək, sağdır şərafətim, ləyaqətim.
Sağdır demək, milyard yaşlı məmləkətim...”
(X.R.Ulutürk)
Hər bir xalqın mənəvi diriliyini, əbədiliyini, qocaman tarixin sinəsindəki qədimliyini təsdiq edən milli dəyərləri vardır. Bu dəyərlər zamanın sərt sınaqları ilə üzləşərək əsrlərdən-əsrlərə qovuşmuş, sahiblərinin söz xəzinəsində qorunaraq daha da zənginləşib gələcək nəsillərə ötürülmüşdür. Əsalətini tarixinin qədimliyindən və zənginliyindən alan, milli dəyərlərimizi özündə ehtiva edən ana dilimiz, etnik kimliyimizin sübutu olmaqla milli özünüdərki müəyyənləşdirən ən əsas amildir.
Türk dillərinin ilk ensiklopedik lüğətini yazmış böyük türkoloq Mahmud Kaşğari “Dîvânu Lugâti’t-Türk” əsərinin əvvəlində “Buxaralı və Nişapurlu imamlardan eşitdim ki, Məhəmməd Peyğəmbər (s.a.v) demişdir: “Türk dilini öyrənin, çünki onların hakimiyyəti uzun sürəcək.” - fikrini nümunə göstərməklə bu dilin ecazkar qüdrətinin yenilməzliyini və əzəmətini ifadə edirdi.
Azərbaycan ədəbi dil tarixində elmin, mədəniyyətin, xüsusilə, ana dilinin yüksəlişi və geniş vüsət aldığı zaman kəsiyi Azərbaycan xalqının tarixinə özünəqayıdış dövrü kimi daxil olan XV əsr göstərilə bilər. Belə ki, əsrin əvvəllərində Azərbaycanın əsarət altında olmaması, Şirvanşah I İbrahimin Azərbaycan feodallarını birləşdirərək ölkədə vahid dövlət yaratmaq təşəbbüsü, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcudluğu, görkəmli dövlət xadimi Həsən Bayandurun dövründə Avropa dövlətləri ilə əlaqələrin genişləndirilməsi və s. kimi qlobal məsələlər ana dilinin əvvəlki dövrlərlə müqayisədə hərtərəfli və geniş inkişafı üçün real imkanlar yaradırdı. Təkcə Həsən padşah deyil, Qazi Bürhanəddin, Qaraqoyunlu hökmdarı Cahanşah, Ağqoyunlu hökmdarı Sultan Yaqubun anadilli ədəbiyyata göstərdikləri diqqət və qayğı, doğma Azərbaycan-türk dilinə xüsusi xidmətləri nəticəsində ana dilində gözəl əsərlər ərsəyə gəlmişdir.
Əsasən, XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dilinin mövqeyi möhkəmlənərək rəsmi dövlət dili səviyyəsinə qalxmış, sarayda və orduda tam hakim mövqe tutaraq öz mövqeyini möhkəmləndirmiş, dilin arealının genişlənməsinə imkanlar açılmışdır. Səfəvi hökmdarı şah I İsmayılın ana dilində şeirlər qələmə alması ilə ana dilində yazan sənətkarlar himayə olunmağa başlandı. Hökmdarın ana dilində yazdığını görən digər şairlər də Azərbaycan dilində yazmağa xüsusi cəhd göstərirdilər.
Sonrakı dövrlərdə Azərbaycan ədəbi dili məişət dilinə arxalanırdısa, artıq XIX əsrdə ədəbi dil, canlı danışıq dili üzərində, dilin qrammatik göstəriciləri və ifadə vasitələri, müxtəlif ədəbi üslubların sistemə salınması əsasında inkişaf edirdi. Məişət dilinin ədəbi dilə çevrilməsi təsadüfi proses olmayıb, bir neçə tarixi-ictimai və mədəni amillərin təsiri nəticəsində baş vermişdi. 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə məişət dilinin ədəbi dilə çevrilməsində dönüş yarandı. Kütlələr üçün yazan mətbuat, mürəkkəb fars-ərəb tərkibli dili xalqın anlaya biləcəyi şəkildə ifadə etməyə məcbur idi.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə müstəqilliyimizin əldə olunması Azərbaycan ədəbi dilinin inkişafına sürətləndirici təsir göstərdi və dil siyasəti baxımından əsrlərlə davam edən proseslərin əsasını qoydu. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan xalqının dilini dövlət dili elan etdi. Həmin qərar ana dilinin dövlət dili kimi işlədilməsinə dair ilk sənəd idi.
Təəssüflər olsun ki, 1920-ci ildə AXC-nin süqutu ilə Azərbaycan dili sovet ideologiyasına uyğunlaşdırılmış bir mərhələyə daxil olmaqla, dövlət dili statusunu itirməyə başladı. XX əsrin qanlı-qadalı 30-cu illərində totalitar rejimin sürgünə göndərdiyi bir çox azərbaycanlı öz qohumları ilə Azərbaycan dilində, amma şifrələnmiş, üstüörtülü ifadələrlə məktublaşırdılar. Azərbaycan Respublikasının Əməkdar rəssamı, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə xatirələrində qeyd edir ki, "Sürgündə olarkən yorğanın altında xəlvət, öz-özümə Azərbaycan dilində danışırdım ki, dil yadımnan çıxmasın". Bunlarla yanaşı, Azərbaycan dilinin qorunmasında dini mətnlər də mühüm rol oynamışdı — çünki dini terminləri rus dilinə çevirmək alışılmış bir hal deyildi.
Nəhayət, 1978-ci il konstitusiyası isə Azərbaycan dili üçün dönüş nöqtəsi oldu. Hələ, 1969-cu ildə “Kommunist” qəzetinin və BDU-nun 50 illik yubileylərində Azərbaycan dilində çıxış edərək Respublikanın rəsmi həyatında ana dilinə münasibətin dəyişdiyi barədə cəmiyyətə cəsarətli mesaj verən H. Əliyev 1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan sonra yeni Azərbaycan SSR Konstitusiyasının layihəsi hazırlanarkən Azərbaycan dilinə dövlət statusunun verilməsi uğrunda qətiyyətli və prinsipial mübarizəyə başladı. Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyada öz təsdiqini tapdı: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir...” Beləliklə, Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi göstərilirdi və ölkə ərazisində öyrənilməsi təmin olunurdu.
Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirən Ulu Öndər qeyd etmişdi ki, “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Azərbaycan dili zəngin, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması birmənalı şəkildə öz əksini tapdı. Azərbaycan Konstitusiyası dövlət dilimizi dövlət öhdəliyi şəklində, hüquqi olaraq ən yüksək səviyyədə qoruyur və mühafizəsini, inkişafını, tətbiqini və onun gündəlik həyatda işlənməsi təmin edir.
3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev də məhz bu məsələyə toxunaraq qeyd etmişdir ki, “...Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti... Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”.
İlahə Arif qızı Əsədzadə
AMEA Gəncə Bölməsinin əməkdaşı