Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirib.
Şəmkir rayonunun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Rayon Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, məktəb direktorları, yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Rəşad Tağıyev tələbə adını qazanan məzunları yüksək nəticə münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, hər bir gəncin yüksək nəticə göstərərək ali məktəbə qəbul olması yalnız onun şəxsi uğuru deyil, eyni zamanda ailələrinin və müəllimlərinin böyük əməyinin nəticəsidir.
Rəşad Tağıyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin inkişafında təhsilin və savadlı gənc nəslin xüsusi əhəmiyyət daşıdığını daim vurğulayıb. Ulu Öndərin müəyyən etdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil infrastrukturunun yaradılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və gənclərin geniş təhsil imkanları ilə təmin olunması istiqamətində mühüm layihələr həyata keçirilir.
Rəşad Tağıyev Birinci vitse-prezident Mehriban Əliyevanın da təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayaraq bildirib ki, dövlət başçımızın və Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən müxtəlif layihələr, xüsusilə təhsil müəssisələrinin yenilənməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər gənc nəslin daha yaxşı şəraitdə təhsil almasına mühüm töhfə verir.
YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxışında bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir.
Dövlətimizin gələcəyinin savadlı, vətənpərvər və peşəkar gənclərdən asılı olduğunu bildirən rayon təşkilatının sədri tələbə adını qazanan gənclərin gələcəkdə öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına töhfə verəcəklərinə, dövlətimizə və xalqımıza layiqli mütəxəssislər kimi xidmət göstərəcəklərinə əminliyini ifadə edib.
Çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri göstərilən diqqət və qayğıya, eləcə də yüksək nəticə göstərən gənclərlə belə bir görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara göstərilən etimadı doğrultmaq üçün bundan sonra da həvəslə çalışacaqlarını, seçdikləri ixtisaslar üzrə yüksək biliklərə yiyələnərək dövlətimizə layiqli vətəndaş kimi xidmət edəcəklərini qeyd ediblər.
Sonda qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar YAP Şəmkir rayon təşkilatının qiymətli hədiyyələrilə mükafatlandırılıb, həmçinin Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.