Prezident İlham Əliyevin iyulun 31-də Qırğız Respublikasına dövlət səfəri iki ölkə münasibətlərinin inkişaf tarixində mühüm siyasi hadisə kimi yadda qalıb. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının mətbuata bəyanatları rəsmi Bakı ilə Bişkek arasında əməkdaşlığın artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu mərhələnin əsas mahiyyətini qarşılıqlı etimad, strateji baxış, ortaq tarixi-mədəni dəyərlər və uzunmüddətli tərəfdaşlıq təşkil edir.
Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri Azərbaycan–Qırğızıstan əlaqələrinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ifadə edir. Dövlət başçısı vurğulayıb: “Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik”.
Müttəfiqlik münasibətləri təkcə siyasi bəyanat deyil, həm də beynəlxalq platformalarda qarşılıqlı dəstək, regional təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində konkret öhdəliklər deməkdir. Azərbaycan və Qırğızıstan bu istiqamətdə artıq mühüm nəticələr əldə edib və yeni mərhələdə əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir.
Səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, mədəniyyət və digər sahələri əhatə edir. Bu sənədlər əməkdaşlığın yalnız siyasi dialoqla məhdudlaşmadığını, real iqtisadi və sosial nəticələrə hesablandığının göstəricisidir. Səfərin ən mühüm iqtisadi qərarlarından biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması olub. Bu qərar hər iki ölkənin iqtisadi tərəfdaşlığa uzunmüddətli baxışını nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Dövlət başçısı vurğulayıb ki, Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.
İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilən “Bakı Resort & Spa” hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlığın rəmzi hadisələrindən biridir. İlk beşulduzlu hotellərdən biri olan bu kompleks turizm sahəsində yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycanın Qırğızıstan iqtisadiyyatına yatırdığı sərmayənin və dost münasibətlərinin bariz nümunəsidir. “Bakı” adını daşıyan bu layihə iki xalq arasında qarşılıqlı hörmət və dostluğun təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan–Qırğızıstan münasibətlərinin mühüm istiqamətlərindən biri Qarabağın bərpası prosesində əməkdaşlıqdır. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin inşası və istifadəyə verilməsi Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünə və azad edilmiş ərazilərin dirçəldilməsi prosesinə verdiyi dəstəyin konkret ifadəsidir. Bu layihə yalnız təhsil infrastrukturu deyil, həm də iki qardaş xalqın həmrəyliyinin, ortaq tarixinin və gələcəyə inamının təcəssümüdür.
Humanitar əməkdaşlıq da münasibətlərin strateji komponentlərindən birini təşkil edir. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin təşkili xalqlar arasında mənəvi yaxınlığı daha da gücləndirir. Bu təşəbbüslər təsdiqləyir ki, iki ölkə münasibətlərini yalnız siyasi və iqtisadi maraqlar üzərində deyil, həm də ortaq mədəni irs və mənəvi dəyərlər əsasında inkişaf etdirir.
Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürünü ifadə etməsi də mühüm geosiyasi əhəmiyyət daşıyır. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə yüksəldiyini, region ölkələri ilə siyasi-iqtisadi və nəqliyyat əməkdaşlığının daha da genişlənəcəyini nümayiş etdirir.
Səfər çərçivəsində dövlət başçılarının qarşılıqlı ali dövlət mükafatları ilə təltif edilməsi də münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Prezident İlham Əliyevin Qırğız Respublikasının ən ali dövlət mükafatlarından biri olan I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi Qırğızıstanın Azərbaycan liderinin dövlətlərarası münasibətlərin inkişafına verdiyi töhfəyə yüksək qiymətinin ifadəsidir. Eyni zamanda, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ali dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif olunması qarşılıqlı hörmətin və etimadın ən yüksək təzahürüdür.
Səfərin mühüm siyasi nəticələrindən biri də Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi olub. Bu sənəd Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Bəyannamə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, ticarət əlaqələri, rəqəmsal transformasiya, yaşıl enerji, humanitar əməkdaşlıq və regional təhlükəsizlik sahələrində tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Müasir beynəlxalq münasibətlər sistemində Türk dünyasının inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qırğızıstan bu prosesdə fəal rol oynayaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfələr verirlər. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər iki ölkə arasında siyasi münasibətlərin daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır.
Azərbaycan ilə Qırğızıstan arasında formalaşan münasibətlər təkcə iki dost ölkənin əməkdaşlığı deyil, həm də Avrasiya məkanında sabitlik, qarşılıqlı faydalı tərəfdaşlıq və regional inteqrasiyanın uğurlu modelidir. Prezident İlham Əliyevin dövlət səfəri rəsmi Bakı və Bişkekin qarşılıqlı etimada əsaslanan münasibətləri yeni strateji məzmunda inkişaf etdirmək əzmində olduğunun göstəricisidir. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya fondunun gücləndirilməsi, Qarabağın bərpasına verilən dəstək, humanitar layihələr, qarşılıqlı ali dövlət mükafatları və Çolpon-Ata Bəyannaməsi iki ölkənin gələcək əməkdaşlığı üçün möhkəm siyasi və hüquqi əsas formalaşdırıb. Bu münasibətlər, bütövlükdə Türk dünyasının birliyinə, regional sabitliyə və davamlı inkişafa mühüm töhfə vermək potensialına malikdir.
Heydər Əsədov
Milli Məclisin deputatı