Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib. Azərbaycanın elektrik enerjisi təsərrüfatında köklü islahatların növbəti mərhələsi uğurla reallaşdırılır, enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər geniş vüsət alıb. Son illərdə çoxsaylı yeni elektrik stansiyalarının və yarımstansiyaların açılışı, mövcudlarının bərpası ilə yanaşı, bərpaolunan enerjidən istifadəyə də geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunub. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. Bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub. İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayıl rayonunda istehsal olunan Günəş elektrik enerjisi ölkə enerjisistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq. Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq. Ümumi sahəsi 6,5 hektar olan “Yeni Səngəçal” yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub. Yarımstansiyanın enerji təchizatı 785 MVt gücündə “Cənub” və 385 MVt gücündə “Qobu” elektrik stansiyaları, həmçinin 500 kV-luq “Abşeron” yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir. Eyni zamanda, buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kV-luq əlavə iki hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur. bp-nin Səngəçal terminalı (80 MVt) və Şahdəniz Kompressor Stansiyasının (85 MVt) elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq. Qeyd edək ki, yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb.
MÜASİR RƏQƏMSAL İDARƏETMƏ
Xatirladaq ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb. “Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edir.
Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. 150-160 MVt gücötürmə qabiliyyətinə malik yeni xətt layihələndirilərkən rayon üçün səciyyəvi iqlim parametrləri – buzlaşma, küləyin maksimal sürəti, qarın qalınlığı, çirklənmə və başqa amillər, o cümlədən baş verə biləcək qəza hallarının qarşısının alınması, lokallaşdırılması üçün zəruri sistem yaradılıb. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içərisində keyfiyyətli internet şəbəkəsi, o cümlədən SCADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kamera, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin və başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib. Qeyd edək ki, Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda 110 kV-luq yeni yarımstansiyalar tikilib. Bütün yarımstansiyalara çəkilən elektrik xətlərində ildırımdan mühafizə və yarımstansiyalararası siqnal mübadiləsi üçün fiberoptik kabellər quraşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.
Qeyd edək ki, işğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir.
Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi də xarakterizə olunur. Həmin tədbirlər elektrik enerjisi ilə təchizatın əsaslı şəkildə yaxşılaşdırılmasına, ən müasir texnologiya və avadanlıqların tətbiqinə, elektrik şəbəkələrində yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Ən ucqar yaşayış məntəqələrini belə əhatə edən yenidənqurma tədbirləri çərçivəsində yaradılan müasir energetika qurğuları və yeni güc mərkəzləri həm xarici görünüşünə görə əvvəlkilərdən kəskin fərqlənir, həm də böyük texniki üstünlüklərə malikdir. Ölkəmizin bütün bölgələrində qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, eləcə də sənayeləşmə diqqət mərkəzində olduğundan, energetika kompleksinin zamanın tələblərinə uyğun köklü şəkildə təkmilləşdirilməsi də başlıca prioritetlərdəndir.
Zümrüd BAYRAMOVA