PDF Oxu

Siyasət

  • 1 256

Azərbaycan-Qırğızıstan münasibətləri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

image

Azərbaycanın əsas prioritetlərindən biri də qardaş Türk dövlətləri ilə qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlığın möhkəmləndirilməsidir. Bu dövlətlərin içində Qırğızıstanla əlaqələr isə xüsusi əhəmiyyət daşıyır.

Ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü il yanvarın 19-da qurulsa da, ikitərəfli münasibətlərin bünövrəsi 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Qırğızıstana ilk səfəri ilə qoyulub. Həmin səfərlə ortaq dil, mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan dövlətlərarası münasibətlərdə əsaslı dönüş yaranmışdı. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoydu.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan və Qırğızıstan arasında əlaqələrin məzmunu daha da zənginləşib, iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik xarakter alıb. Eləcə də, Qırğızıstan Prezidentinin səfərləri ölkələrimiz arasında həmrəylik, qarşılıqlı etimad, davamlı dəstək və dostluq münasibətlərini daha da gücləndirib.
Təkcə son beş ildə hər iki ölkə rəsmiləri tərəfindən qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfər gerçəkləşdirilib. Dövlətlərimiz arasında indiyədək 100-dən çox sənəd imzalanıb ki, onlardan ən mühümü Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı qəbul edilən “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” idi. Bəyannamə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini hüquqi əsaslarla möhkəmləndirib, yeni istiqamətlər üçün dərin zəmin hazırlayıb.
Prezident İlham Əliyev iyulun 30–31-də Qırğız Respublikasına dövlət səfəri isə münasibətlərin daha da irəliyə doğru inkişafında yeni dövrün başlanğıcı kimi səciyyələndirilə bilər. Çolpon-Ata şəhərində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında keçirilən təkbətək və geniştərkibli görüşlərdə vurğulandığı kimi, bu səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir. Prezident Japarovun qeyd etdiyi kimi, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıblar, möhkəm dostluq və qarşılıqlı hörmətə əsaslanan fəaliyyətlərin inkişafında yeni mərhələ başlayır.
İki ölkə arasında çoxistiqamətli siyasi-iqtisadi münasibətlərə güclü təkan verən ən mühüm platforma Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuradır. Şura əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaradır, qərarların qəbul edilməsinə güclü töhfə verir. Əldə edilən bütün razılaşmalar isə birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə xüsusi rol oynayır.
Dövlətlərası Şuranın 3-cü iclasında çıxış edən Prezident İlham Əliyevin xatırlatdığı kimi, hər iki ölkə birgə uğurlara imza atır, ümumi inkişafda bir-birinə daim dəstək verir. Qarabağın quruculuğunda Qırğız dövlətinin köməyi, Manasın adını daşıyan təhsil ocağının inşası qardaşlığımızın daha bir rəmzi, xalqlarımızın birliyinin abidəsidir.
Tərəflər arasında iqtisadi bağlantıları təşviq edən, biznes təşəbbüslərini dəstəkləyən maliyyə platforması olan Azərbaycan-Qırğız İnkişaf Fondu investisiya layihələrinin icrasında dayanıqlı institut kimi çıxış edir. Tərəflər investisiya mübadilələrini daha da genişləndirmək məqsədilə Dövlətlərarası Şuranın iclasında Fondun vəsaitlərinin 2 dəfə artırılaraq 200 milyon dollara çatdırılması, 3 birgə layihənin və 8 təşəbbüsün həyata keçirilməsinə dair qərar qəbul edildi ki, bu qarşılıqlı sərmayələrin təşviqində uğurlu keçid deməkdir Qırğızıstanda həyata keçirilən layihələr və birgə istehsal yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətin iqtisadi potensialını möhkəmləndirir.
Humanitar sahədə də əlaqələrin uğurlu inkişafı isə qürurvericidir. Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günlərinin keçirilməsi zəngin mədəni potensialın birgə nümayişi deməkdir. Azərbaycan və Qırğızıstan ikitərəfli və regional formatlarda sıx işbirliyi qurur, beynəlxalq platformalarda həmrəylik nümayiş etdirir. Sadır Japarovun səsləndirdiyi kimi, böyük təəssürat doğuran nəticələr nümayiş etdirən Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edir, eyni zamanda, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirərək regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Bakı və Bişkek qarşılıqlı maraq doğuran məsələlərdə mövqelərini uğurla əlaqələndirir və bunun nəticəsidir ki, iki ölkə arasında siyasi dialoq bu gün ən yüksək səviyyəyə çatıb. Məhz bu nümunəvi tərəfdaşlığın nəticəsi olaraq münasibətlər artıq müttəfiqlik zirvəsinə daxil oldu. Dövlət başçılarının iştirakı ilə imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” məhz strateji tərəfdaşlıqdan müttəfiqliyə keçidi hüquqi baxımdan tam legitimləşdirdi.
Həmçinin iqtisadiyyat və investisiya, beynəlxalq avtomobil əlaqələri, yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsi, kibertəhlükəsizlik, maliyyə bazarlarının tənzimlənməsi, neft məhsullarının tədarükü ilə bağlı sənədlərin, eləcə də “Energetika sahəsində əməkdaşlıq üzrə 2026–2028-ci illər üçün Yol Xəritəsi”nin və digər sazişlərin imzalanması genişşaxəli əməkdaşlığın yeni əsaslarını müəyyən edir.
Gələcək birgə fəaliyyətin əsas istiqamətləri olan nəqliyyat, logistika, Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin inkişafı, turizm üçün yeni imkanlar səfərbər edilir. Prezident İlham Əliyevin regional və beynəlxalq proseslərdə, habelə Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayan güclü və nüfuzlu dövlət xadimi kimi Qırğız Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunması səfərin əlamətdar hadisəsi kimi qiymətləndirilə bilər. Prezident Sadır Japarovun iki ölkə arasında qardaşlıq əlaqələrinin və tərəfdaşlığın möhkəmləndirilməsi işində fəaliyyətinə görə Azərbaycanın ən ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunması isə qardaş Qırğız xalqına onun Liderinin simasında verilən ali qiymətdir.

Ramid Namazov
Milli Məclisin deputatı

Digər xəbərlər